İlham Əliyev Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında iştirak edib

28 noyabr 2021, 11:15
İlham Əliyev Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında iştirak edib

Noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Dövlət başçıları xatirə şəkli çəkdirdilər.

Sonra Prezident Qurbanqulu Berdiməhəmmədov İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında iştirak etmək üçün Türkmənistana gələn digər qonaqları qarşıladı.

Dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.

Prezident Qurbanqulu Berdiməhəmmədov Zirvə Toplantısını açaraq tədbir iştirakçılarını salamladı. Türkmənistan Prezidenti İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə Toplantısına ev sahibliyi etməkdən məmnun olduğunu dedi. Təşkilatın üzv ölkələr arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyini vurğuladı.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edərək təşkilatda sədrliyin Türkiyədən Türkmənistana keçdiyini bildirdi, İƏT-ə üzv ölkələrin koronavirusla mübarizədə səylərinin birləşdirilməsinin vacibliyini vurğuladı, bu sahədə ölkəsində görülən işlərdən danışdı.

Prezident Rəcəb Tayyib Ərdoğan “Birlikdə gələcəyə” devizi ilə keçirilən Zirvə Toplantısının ortaq hədəfləri müəyyənləşdirmək, ticarət həcmini artırmaq, iqtisadi əlaqələri fəallaşdırmaq üçün yaxşı fürsət olduğunu vurğuladı. Türkiyə Prezidenti dedi:

- Türkiyənin irəli sürdüyü Xəzərdən keçən Şərq-Qərb Orta dəhliz təşəbbüsü və Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu kontekstdəki səylərimizin ən əyani təzahürüdür. Ölkəmizlə bölgəmiz arasında birbaşa avtomobil yolu bağlantısını quracaq Zəngəzur dəhlizinin də önəmi böyükdür.

Rəcəb Tayyib Ərdoğan çıxışında Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinin əhəmiyyətindən danışdı, bu Qələbənin bölgədə normallaşdırma səylərini gücləndirəcəyini vurğulayaraq dedi:

- Qardaşımız Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi bölgədə davamlı sülhün və sabitliyin təmin olunmasının da qapılarını açıb. Azərbaycanın bölgədə rifahın artması üçün ardıcıl həyata keçirdiyi layihələr təqdirəlayiqdir. Bu addımlar bölgədə normallaşdırma cəhdlərini dəstəkləyəcəkdir. Türkiyə olaraq bu prosesdə Azərbaycanın yanında olmaqda davam edəcəyik. Təşkilat olaraq da Azərbaycan ilə tam həmrəylik içərisində olmağımız böyük önəm daşıyır.

Sonra dövlətimizin başçısı Zirvə Toplantısında çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

-Cənab sədr, əziz qardaşım Qurbanqulu Məlikquliyeviç.

Hörmətli dövlət və hökumət başçıları.

Cənab Baş katib.

Qardaşım, Türkmənistan Prezidenti Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədova göstərilən qonaqpərvərliyə görə təşəkkürümü bildirmək və Türkmənistanı İqtisadi Əməkdaşlıq Təşkilatında (İƏT) uğurlu sədrlik münasibətilə təbrik etmək istərdim.

Fürsətdən istifadə edərək, qardaş Özbəkistanı İƏT-də sədrliyi öz üzərinə götürməsi münasibətilə təbrik edir və Təşkilata rəhbərlik işində uğurlar arzu edirəm.

Azərbaycan İƏT-in fəal üzvüdür. İƏT-ə üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Biz, həmçinin beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlıq edirik.

İqtisadi Əməkdaşlıq Təşkilatının mart ayında keçirilmiş XIV Zirvə Toplantısında İƏT-in Tədqiqat Mərkəzinin Nizamnaməsi imzalanmışdır. Mən Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin təşəbbüsünün üzv dövlətlər tərəfindən dəstəklənməsinə görə təşəkkürümü bildirirəm. Azərbaycan ölkəmizdə yerləşəcək Mərkəzin səmərəli fəaliyyətinin təmin edilməsi üçün səylərini əsirgəməyəcək. Mən digər üzv dövlətləri bu mühüm təşəbbüsə qoşulmağa dəvət edirəm.

Son 18 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artmışdır.

Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmışdır. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayədir.

Bizim strateji valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan 6 dəfə çoxdur.

Azərbaycanın xarici borcu ölkənin ümumi daxili məhsulunun, sadəcə, 17,3 faizini təşkil edir. Biz 2030-cu ilin sonuna qədər bu rəqəmi 10 faizə endirməyi planlaşdırırıq.

Ötən 18 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Ölkədə işsizlik təqribən 6 faiz səviyyəsindədir.

Azərbaycanın nailiyyətləri beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin islahatlara sadiqliyi sahəsində isə 5-ci yerdə qərarlaşıb. Yenə də Davos hesabatına əsasən, Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyəti baxımından 27-ci yerdədir.

COVID-19-a gəlincə, Azərbaycan cari ilin yanvar ayının ortalarından peyvəndlənmə kampaniyasına başlamışdır. Ölkədə yetkin əhalinin 60 faizdən çoxuna iki doza peyvənd vurulmuşdur.

Bu günə qədər ölkədə COVID-dən əziyyət çəkmiş insanlara və biznes subyektlərinə təqribən 3 milyard ABŞ dolları həcmində sosial-iqtisadi dəstək paketi təqdim edilmişdir. 2022-ci ildə həmin məqsədlərə dövlət büdcəsindən 1,6 milyard ABŞ dolları həcmində maliyyə dəstəyi paketi ayrılacaqdır.

Azərbaycan pandemiya ilə mübarizə sahəsində qlobal səylərin səfərbər edilməsi üçün mühüm addımlar atır. Biz “peyvənd millətçiliyi”nin qəti şəkildə əleyhinə olduğumuzu daim vurğulayırıq.

Bu il Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyasında bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunmasına dair qətnamələr qəbul edilib.

Bundan əlavə, Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə və humanitar yardımı etmişdir.

Hörmətli həmkarlar, 2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoydu. 44 günlük Vətən müharibəsi Ermənistanın məğlubiyyəti və 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamasına məcbur edilməsi ilə nəticələndi. Azərbaycan özü öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasını təmin etdi.

İşğal dövründə həmin ərazilərdə bütün şəhər və kəndlər, o cümlədən mədəni və dini irs abidələri Ermənistan tərəfindən yerlə-yeksan edilib. Bütün müsəlmanlara qarşı təhqir və nifrət zəminində Ermənistan bizim məscidləri dağıtmış və təhqir etmiş, o cümlədən onlardan donuz və inək tövləsi kimi istifadə etmişdir. İşğal dövründə həmin ərazilərdə 67 məsciddən 65-i tamamilə dağıdılmış, digər iki məscidə isə ciddi zərər dəymişdir. Qəbiristanlıqlar da vandalizmə məruz qalmışdır.

Ərazilərin azad olunmasından dərhal sonra biz genişmiqyaslı yenidənqurma işlərinə başlamışıq ki, artıq onların ilkin nəticələri var. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salır. Bu il bu məqsədlərə dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrılmışdır. 2022-ci ildə də bu işlərə ən azı eyni həcmdə vəsait ayrılacaqdır.

Mən azad olunmuş Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan etmişəm. Azad olunmuş ərazilərin təsdiqlənmiş potensialı 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil edir.

İqtisadi Əməkdaşlıq Təşkilatının sonuncu Zirvə Toplantısında mən həmkarlarıma Zəngəzur dəhlizi haqqında məlumat vermişdim. Bu gün deyə bilərəm ki, Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. Əminəm ki, İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər.

Diqqətinizə görə sağ olun.


Zirvə Toplantısında çıxış edən Pakistan Prezidenti Arif Alvi də Azərbaycanın Vətən müharibəsindəki Qələbəsi münasibətilə təbriklərini çatdıraraq dedi:

-Bu fürsətdən istifadə edib Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpası münasibətilə Prezident Əliyevi bir daha təbrik etmək istərdim. Onun bu işə töhfəsini çox yüksək qiymətləndirirəm.


Daha sonra İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Xosrov Naziri, İran Prezidenti İbrahim Rəisi, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emomali Rahmon, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qazaxıstanın Baş naziri Askar Mamin təşkilat çərçivəsində əməkdaşlığın genişləndirilməsinin, iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini vurğuladılar, yeni çağırışlar müstəvisində ortaya çıxan təhlükələrə qarşı birgə mübarizənin zərurətindən danışdılar.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 05 fevral 2025
17:24
M.B.Babayevin Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                                         

Muxtar Bahadur oğlu Babayev Azərbaycan...

05 fevral 2025, 17:24
SƏNƏDLƏR Sərəncamlar 05 fevral 2025
17:22
M.B.Babayevin Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:                                     

Muxtar Bahadur oğlu Babayev Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər...

05 fevral 2025, 17:22
SƏNƏDLƏR Fərmanlar 05 fevral 2025
15:58
“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi və Sosial Məsələlər Departamentinin Dövlət Təşkilatları və Rəqəmsal Hökumət Bölməsi tərəfindən təmsil olunan Birləşmiş Millətlər Təşkilatı arasında Töhfə Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il noyabrın 11-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial...

05 fevral 2025, 15:58
SƏNƏDLƏR Sərəncamlar 05 fevral 2025
15:54
Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyinə vəsait ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası humanizm prinsiplərinə söykənərək, ikitərəfli və çoxtərəfli əsasda dünyanın bir çox ölkəsinə humanitar yardımlar göstərir.

Ukraynada yaranmış son vəziyyətlə əlaqədar Azərbaycan dövləti tərəfindən Ukrayna...

05 fevral 2025, 15:54
SƏNƏDLƏR Fərmanlar 04 fevral 2025
15:35
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması haqqında” 2017-ci il 18 oktyabr tarixli 1638 nömrəli və “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 19 dekabr tarixli 1748 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 oktyabr...

04 fevral 2025, 15:35
SƏNƏDLƏR Fərmanlar 03 fevral 2025
15:48
“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” 2009-cu il 24 iyun tarixli 116 nömrəli, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2014-cü il 20 fevral tarixli 111 nömrəli, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2015-ci il 4 may tarixli 516 nömrəli, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2016-cı il 28 aprel tarixli 888 nömrəli və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 iyun tarixli 1382 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikası İqtisadiyyat...

03 fevral 2025, 15:48
SƏNƏDLƏR Fərmanlar 03 fevral 2025
15:46
“Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun qüvvəyə minməsi...

03 fevral 2025, 15:46