“Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

30 dekabr 2021, 12:15

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 309; 2009, № 7, maddə 517; 2016, № 3, maddə 422; 2017, № 2, maddə 144; 2018, № 2, maddə 154, № 12 (I kitab), maddə 2469; 2019, № 1, maddə 33) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2-ci maddə üzrə:

1.1.1. 2.0.1-ci maddədən hər iki halda “(onlara bərabər tutulan digər məlumat daşıyıcılarının)” sözləri çıxarılsın və həmin maddəyə “uduş fondunun” sözlərindən sonra “(virtual lotereya istisna olmaqla)” sözləri əlavə edilsin;

1.1.2. 2.0.5-ci, 2.0.6-cı və 2.0.8-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“2.0.5. məqsədli lotereya – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə mədəniyyət, sosial, səhiyyə, idman, təhsil və digər dövlət əhəmiyyətli layihələrin maliyyələşdirilməsi məqsədilə keçirilən lotereya forması;

2.0.6. uduş fondu – virtual lotereya istisna olmaqla, lotereyanın şərtlərinə uyğun lotereya təşkilatçısının uduş fonduna qoyduğu və geri götürə bildiyi əlavə vəsait də daxil olmaqla, lotereyada oynanılan və uduş şəklində ödənilməsi nəzərdə tutulan pul vəsaitlərinin və ya verilməsi nəzərdə tutulan digər əmlakın (əşyanın) və ya göstərilməsi nəzərdə tutulan xidmətlərin (işlərin) məcmusu (dəyəri);”;

“2.0.8. uduş – lotereyanın şərtlərinə əsasən uduşlu hesab edilən lotereya biletinin sahibinə ödənilməli olan pul vəsaiti və ya verilməli olan digər əmlak (əşya) və ya göstərilməli olan xidmətlər (işlər);”;

1.1.3. 2.0.9-cu maddəyə “hissəsinə” sözündən sonra “və (və ya) uduşa” sözləri, “sənəd” sözündən sonra “, ona bərabər tutulan digər məlumat daşıyıcısı və ya elektron kod” sözləri əlavə edilsin;

1.1.4. 2.0.11-ci maddədən “(ona bərabər tutulan digər məlumat daşıyıcısının)” sözləri çıxarılsın;

1.1.5. 2.0.14-cü maddədən “rəsmi” sözü çıxarılsın;

1.1.6. 2.0.15-ci və 2.0.16-cı maddələr aşağıdakı redaksiyada verilsin:

“2.0.15. səlahiyyətli orqan – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);

2.0.16. elektron lotereya – lotereya iştirakçıları arasında uduş fondunun lotereya terminalları və ya virtual mühit vasitəsilə oynanılması həyata keçirilən lotereya;”;

1.1.7. aşağıdakı məzmunda 2.0.16-1-ci maddə əlavə edilsin:

“2.0.16-1. virtual lotereya – uduşlu lotereya biletlərinin sahiblərinə uduşların təqdim edilməsi ilə müşayiət olunan və (və ya) mərc imkanları yaradan, kompüter alqoritmləri vasitəsilə keçmişdə baş vermiş real idman və digər yarışlar sırasından seçilmiş yarışlar əsasında və (və ya) kompüter alqoritmləri vasitəsilə simulyasiya edilən və ya yaradılan lotereya forması;”;

1.1.8. 2.0.17-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.0.18 – 2.0.20-ci maddələr əlavə edilsin:

“2.0.18. virtual mühit – lotereya təşkilatçısının lotereyaların oynanılması üçün yaratdığı telekommunikasiya şəbəkələri, informasiya sistemləri və şəbəkələri, informasiya-telekommunikasiya şəbəkələri, o cümlədən internet şəbəkəsi, mobil rabitə şəbəkələri, sosial media platformaları, digər elektron rabitə vasitələri, internet və mobil telekommunikasiya tətbiqləri, habelə digər texnologiyalara əsaslanan platformalar;

2.0.19. lotereya terminalları – özünəxidmət terminalları, avtomatlaşdırılmış köşklər və lotereya oynanılmasına və (və ya) satışına imkan yaradan istənilən digər texnoloji vasitələr;

2.0.20. lotereya biletlərinin satıcısı – lotereya təşkilatçısı ilə bağlanmış müqaviləyə əsasən fəaliyyət göstərən və lotereya biletlərinin satışını bilavasitə, lotereya terminalları və ya virtul mühit vasitəsilə həyata keçirən şəxs.”;

1.2. 3-cü maddə üzrə:

1.2.1. adına “münasibətlərin” sözündən sonra “dövlət” sözü əlavə edilsin;

1.2.2. 3.2-ci maddəyə “münasibətlərin” sözündən sonra “dövlət” sözü əlavə edilsin və həmin maddədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “səlahiyyətli orqan” sözləri ilə əvəz edilsin;

1.2.3. 3.2.1-ci maddədə “xarakterli” sözü “hüquqi” sözü ilə əvəz edilsin;

1.2.4. 3.2.2-ci maddə ləğv edilsin;

1.2.5. 3.2.6-cı maddəyə “edilməsi” sözündən sonra “, o cümlədən bu məqsədlə lotereyalardan əldə edilən uduşların iştirakçılara ödənilməsinə nəzarət edilməsi” sözləri əlavə edilsin;

1.2.6. 3.2.7-ci maddədə “xəbərdarlıq edilməsi” sözləri “göstəriş verilməsi” sözləri ilə əvəz edilsin;

1.2.7. 3.2.9-cu maddədə “lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla)” sözləri “məqsədli lotereyaların” sözləri ilə əvəz edilsin;

1.2.8. 3.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“3.3. Azərbaycan Respublikasında lotereyalar (stimullaşdırıcı lotereyalar istisna olmaqla) yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilir və keçirilir.”;

1.3. aşağıdakı məzmunda 3.4-cü maddə əlavə edilsin:

“3.4. “Lotereya” sözünün işlədildiyi mətndən bu sözün lotereya fəaliyyətinə aid edilmədiyi tam aydın olduğu hallar istisna olmaqla, bu Qanunun 3.3-cü maddəsində nəzərdə tutulan lotereya təşkilatçısından başqa digər hüquqi şəxslərin adında “lotereya” sözünün (“lotereya” sözü olan söz birləşməsinin) istifadəsi qadağandır.”;

1.4. 4-cü maddə üzrə:

1.4.1. 4.1.2-ci maddədən “keçirilmə” sözü çıxarılsın;

1.4.2. 4.1.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“4.1.5. lotereya biletinin sənəd, ona bərabər tutulan məlumat daşıyıcıları və ya elektron kod formasında olması və onların əldə edilməsi qaydaları haqqında məlumat;”;

1.4.3. 4.1.6-cı maddəyə “məlumat” sözündən sonra “(əgər tətbiq olunursa)” sözləri əlavə edilsin;

1.4.4. 4.1.7-ci maddə aşağıdakı redaksiyada verilsin:

“4.1.7. lotereyanın oynanılması və uduşun müəyyən edilməsi qaydaları haqqında məlumat;”;

1.4.5. 4.1.8-ci maddədən “(onlara bərabər tutulan digər məlumat daşıyıcılarının)” sözləri çıxarılsın və həmin maddəyə “qəbulu” sözündən sonra “(elektron biletlər üzrə təsdiqi)” sözləri əlavə edilsin;

1.4.6. 4.1.8-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.1.9-cu, 4.1.10-cu və 4.1-1-ci maddələr əlavə edilsin:

“4.1.9. bu Qanunun 4.3-cü maddəsi ilə müəyyən edilmiş hallarda qeyri-pul uduşlarının pul dəyəri haqqında məlumat;

4.1.10. lotereya təşkilatçısı tərəfindən uduş fonduna əlavə vəsaitin qoyulmasının və həmin vəsaitin udulmamış hissəsinin geri götürülməsinin mümkün olub-olmaması haqqında məlumat.

4.1-1. Lotereya təşkilatçısı qanunla qadağan edilməyən digər məlumatları lotereyanın şərtlərinə daxil edə bilər.”;

1.4.7. 4.2-ci maddənin ikinci cümləsində “nisbəti” sözü “nisbətinin aşağı həddi” sözləri ilə əvəz edilsin;

1.4.8. 4.6-cı maddədə “maliyyə bazarlarına nəzarət orqanının” sözləri “səlahiyyətli orqanın” sözləri ilə əvəz edilsin və həmin maddənin ikinci cümləsi çıxarılsın;

1.4.9. 4.7-ci maddəyə “vasitələri ilə” sözlərindən sonra “lotereya biletlərinin satışına başlamazdan əvvəl” sözləri əlavə edilsin;

1.4.10. 4.8-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanının” sözləri “səlahiyyətli orqanın” sözləri ilə əvəz edilsin;

1.4.11. 4.9-cu maddənin birinci və ikinci (hər iki halda) cümlələrində ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “səlahiyyətli orqan” sözləri ilə və həmin maddənin birinci cümləsində “uduş fondunun oynanılması tarixinə azı 15 (on beş)” sözləri “dəyişilmiş şərtlərlə keçiriləcək ilk oyun tarixinə azı 7 (yeddi)” sözləri ilə, ikinci cümləsində isə “5 (beş)” sözləri “3 (üç)” sözləri ilə əvəz edilsin;

1.4.12. 4.11-ci maddədə “uduş fondunun” sözləri “lotereyanın” sözü ilə, “7 (yeddi)” sözləri “3 (üç)” sözləri ilə əvəz edilsin;

1.5. 5-ci maddə üzrə:

1.5.1. 5.1-ci maddəyə “elektron” sözündən sonra “və virtual” sözləri əlavə edilsin;

1.5.2. aşağıdakı məzmunda 5.2-1-ci maddə əlavə edilsin:

“5.2-1. Lotereya təşkilatçısı tiraj komissiyasına üzv ola biləcək şəxslərin siyahısını və onların vətəndaş qüsursuzluğunu təsdiq edən sənədləri tiraj komissiyasının tərkibi formalaşana qədər səlahiyyətli orqanla razılaşdırmalıdır. Səlahiyyətli orqan siyahı təqdim edildikdən sonra 5 (beş) iş günü müddətində siyahıda olan şəxslərdən hər hansı biri barədə səhv və ya təhrif olunmuş məlumatın təqdim edildiyini aşkar etdikdə, lotereya təşkilatçısına məlumat verir və həmin şəxsin siyahıdan çıxarılmasını tələb edir. Bu müddət ərzində səlahiyyətli orqan lotereya təşkilatçısına təqdim olunan məlumatların səhv olması və ya təhrif olunması barədə məlumat verməzsə, siyahı səlahiyyətli orqanla razılaşdırılmış hesab olunur. Siyahı səlahiyyətli orqanla razılaşdırıldıqdan sonra siyahıya daxil edilmiş şəxslərdən hər hansı birinin vətəndaş qüsursuzluğunu itirdiyi məlum olduqda, səlahiyyətli orqan həmin şəxsin siyahıdan çıxarılmasını tələb edir. Lotereya təşkilatçısı siyahıya daxil edilmiş şəxslərdən hər hansı birinin vətəndaş qüsursuzluğunu itirdiyini özü müəyyən etdikdə, həmin şəxsi tiraj komissiyasına üzv ola biləcək şəxslərin siyahısından çıxarır və bu barədə səlahiyyətli orqana məlumat verir.

Səlahiyyətli orqanla razılaşdırılmış siyahıda olan şəxslər səlahiyyətli orqanla təkrar razılaşdırılmadan tiraj komissiyasının tərkibinə daxil edilir. Lotereya təşkilatçısı bu maddə ilə müəyyən edilmiş qaydada səlahiyyətli orqanla razılaşdırılmaqla siyahıda dəyişiklik edə bilər.”;

1.5.3. 5.3-cü maddə ləğv edilsin;

1.5.4. 5.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“5.4. Lotereya təşkilatçısı uduş fondunun oynanılmasına azı 1 (bir) iş günü qalmış tiraj komissiyasının üzvləri və həmin üzvləri əvəz edə biləcək daha 5 (beş) şəxs haqqında məlumatı özündə əks etdirən siyahını səlahiyyətli orqana təqdim etməlidir. Səlahiyyətli orqan bu maddənin birinci cümləsində göstərilən məlumatı aldıqdan sonra tiraj komissiyasının bu Qanunun tələbləri pozulmaqla yaradıldığını müəyyən etdikdə, tiraj komissiyasının tərkibində və (və ya) əvəzləyici şəxslərin siyahısında dəyişiklik edilməsi barədə lotereya təşkilatçısına dərhal, lakin hər bir halda uduş fondunun oynanılmasına azı 12 (on iki) saat qalmış icrası məcburi olan göstəriş verir. Səlahiyyətli orqana barəsində məlumat təqdim edilmiş siyahı üzrə tiraj komissiyasının üzvlərindən hər hansı biri (bir neçəsi) üzrlü və ya üzrsüz səbəbdən tiraj komissiyasında iştirak edə bilmədikdə, lotereya təşkilatçısı bu barədə səlahiyyətli orqanı məlumatlandırmaqla onu (onları) digər şəxslə (şəxslərlə) əvəz edə bilər.”;

1.5.5. 5.7-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanına” sözləri “səlahiyyətli orqana” sözləri ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

“Səlahiyyətli orqan uduş fondunun oynanılması zamanı lotereyanın şərtlərinin pozulması barədə tiraj komissiyasından məlumat aldığı tarixdən etibarən 30 (otuz) gün müddətində müvafiq qərar qəbul etməli və qərarın surətini lotereya təşkilatçısına təqdim etməlidir.”;

1.5.6. 5.8-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “səlahiyyətli orqan” sözləri ilə əvəz edilsin;

1.6. 6-cı maddə üzrə:

1.6.1. 6.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“6.1. Lotereyanın uduş fondu lotereya şərtlərində müəyyən olunur və həmin fondun oynanılmasına qədər formalaşdırılır. Lotereya təşkilatçısı uduş fonduna öz vəsaiti hesabına əlavələr edə bilər.”;

1.6.2. 6.2-ci maddəyə “Uduş fondu” sözlərindən sonra “(lotereya təşkilatçısının qoyduğu və udulmamış əlavə vəsait istisna olmaqla)” sözləri əlavə edilsin;

1.6.3. 6.3-cü maddənin birinci cümləsində “və 80%-dən çox ola bilməz” sözləri “ola bilməz və bu zaman lotereya təşkilatçısı tərəfindən qoyulan əlavə vəsait nəzərə alınmır” sözləri ilə əvəz edilsin və həmin maddənin ikinci cümləsinə “ola bilməz” sözlərindən sonra “və bu zaman lotereya təşkilatçısı tərəfindən qoyulan əlavə vəsait nəzərə alınmır” sözləri əlavə edilsin;

1.6.4. aşağıdakı məzmunda 6.4-1-ci maddəsi əlavə edilsin:

“6.4-1. Bir tirajın uduş fondunun oynanılması nəticəsində həmin uduş fondunun udulmamış hissəsi lotereyanın şərtlərində göstərildiyi qaydada növbəti tirajda oynanılır. Lotereya təşkilatçısının uduş fonduna qoyduğu əlavə vəsaitin udulmamış hissəsi isə lotereya təşkilatçısı tərəfindən geri götürülə bilər.”;

1.6.5. 6.5-ci maddədən “və 80%-dən çox” sözləri çıxarılsın;

1.7. 7-ci maddə üzrə:

1.7.1. 7.1.1-ci maddəyə “adı” sözündən sonra “və ya loqosu” sözləri əlavə edilsin;

1.7.2. 7.1.2-ci maddədən “keçirilmə” sözü çıxarılsın;

1.7.3. 7.1.4-cü maddədə “uduş fondunun oynanılmasının” sözləri “lotereyanın keçirilməsi və ya oynanılması” sözləri ilə əvəz edilsin;

1.7.4. aşağıdakı məzmunda 7.1.5-1-ci maddə əlavə edilsin:

“7.1.5-1. bu Qanunun 7.1-1-ci maddəsində qeyd olunmuş məlumatların əldə oluna biləcəyi mənbə;”;

1.7.5. 7.1.6 – 7.1.10-cu və 7.2-7.4-cü maddələr ləğv edilsin;

1.7.6. aşağıdakı məzmunda 7.1-1-ci maddə əlavə edilsin:

“7.1-1. Bu Qanunun 7.1-ci maddəsində sadalanan məlumata əlavə olaraq, lotereya haqqında aşağıdakı məlumatlar lotereya təşkilatçısının internet səhifəsində əks olunmalıdır:

7.1-1.1. lotereyanın uduş fondu haqqında məlumat (əgər tətbiq olunursa);

7.1-1.2. lotereyanın uduş fondunun oynanılması və ya uduşun müəyyən edilməsi şərtləri haqqında məlumat;

7.1-1.3. uduşların verilməsi (ödənilməsi) üçün uduşlu lotereya biletlərinin lotereya təşkilatçısı tərəfindən qəbul müddəti və uduşların verilməsi (ödənilməsi) qaydaları haqqında məlumat;

7.1-1.4. lotereyanın qeydiyyata alınması haqqında məlumat.”;

1.7.7. 7.7-ci maddə aşağıdakı redaksiyada verilsin:

“7.7. Uduşlu lotereya biletləri barədə məlumat lotereya təşkilatçısının istifadə etdiyi informasiya sistemində 3 (üç) il ərzində saxlanılır.”;

1.7.8. 7.9-cu maddədə “Uduşlu lotereya biletlərinin saxlanılması, satılmamış” sözləri “Satılmamış” sözü ilə, “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “səlahiyyətli orqan” sözləri ilə əvəz edilsin;

1.7.9. aşağıdakı məzmunda 7.10-cu maddə əlavə edilsin:

“7.10. Bu Qanunun 7.1-ci, 7.6-cı, 7.8-ci və 7.9-cu maddələrinin tələbləri yalnız sənəd formasında olan lotereya biletlərinə tətbiq olunur. Digər məlumat daşıyıcıları və ya elektron kod formasında olan lotereya biletlərinin istifadə qaydaları və onların rekvizitləri səlahiyyətli orqan tərəfindən müəyyən edilir.”;

1.8. 8-ci maddə üzrə:

1.8.1. 8.1-ci maddədə “nəzarətin” sözü “, habelə məqsədli lotereyanın keçirilməsindən əldə olunmuş vəsaitin məqsədyönlü istifadəsinə dövlət nəzarətinin” sözləri ilə, “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “səlahiyyətli orqan” sözləri ilə əvəz edilsin;

1.8.2. 8.2-ci maddədə “keçirilməsinin başlanmasına azı 20 (iyirmi) iş günü qalmış maliyyə bazarlarına nəzarət orqanına” sözləri “ilk oyununun keçirilməsinə azı 10 (on) iş günü qalmış səlahiyyətli orqana” sözləri ilə əvəz edilsin;

1.8.3. 8.2.1-ci maddədən “keçirilməsi” sözü çıxarılsın;

1.8.4. 8.2.3-cü maddəyə “biletinin” sözündən sonra “(elektron kod formasında olan biletlər istisna olmaqla)” sözləri əlavə edilsin;

1.8.5. 8.2.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“8.2.4. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla hüquqi şəxslərin dövlət reyestrindən çıxarış;”;

1.8.6. 8.2.5-ci, 8.2.6-cı və 8.3-cü maddələr ləğv edilsin;

1.8.7. 8.4-cü, 8.5-ci və 8.8-ci maddələrdə “maliyyə bazarlarına nəzarət orqanına” sözləri “səlahiyyətli orqana” sözləri ilə əvəz edilsin;

1.8.8. 8.4.3-cü maddədə “məlumat daşıyıcısının” sözləri “elektron kod formasında olan lotereya biletləri istisna olmaqla” sözləri ilə əvəz edilsin;

1.8.9. 8.6-cı maddə aşağıdakı redaksiyada verilsin:

“8.6. Səlahiyyətli orqan lotereya şərtlərində göstərilən müddəaların aydınlaşdırılmasını və ya onlara konkretləşdirici müddəaların əlavə edilməsini, habelə ərizədə (bildirişdə) və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və imtinaya (qadağaya) səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, onlar təqdim edildiyi tarixdən etibarən 7 (yeddi) iş günü müddətində lotereya təşkilatçısından tələb edə bilər. Bu halda lotereyanın qeydiyyatı barədə qərarın qəbul edilməsi müddətinin axımı dayandırılır və dayandırılmış müddət qərarın qəbul edilməsi müddətinə daxil edilmir. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra müddətin axımı bərpa olunur.”;

1.8.10. 8.7-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanına” sözləri “səlahiyyətli orqana” sözləri ilə, “15 (on beş)” sözləri “7 (yeddi)” sözləri ilə əvəz edilsin;

1.8.11. 8.9-cu maddədə “Maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Səlahiyyətli orqan” sözləri ilə əvəz edilsin;

1.8.12. 8.9.1-ci maddəyə “maddələrində” sözündən sonra “(bu Qanunun 8.6-cı maddəsi ilə müəyyən edilmiş hal nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

1.8.13. 8.9.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“8.9.2. ərizəyə (bildirişə) və ona əlavə olunmuş sənədlərə bu Qanunun tələblərinə cavab verməyən və ya təhrif olunmuş məlumatlar daxil edildikdə;”;

1.8.14. 8.9.3-cü maddədə “stimullaşdırıcı lotereyanın təşkilatçısı maliyyə bazarlarına nəzarət orqanının” sözləri “lotereyanın təşkilatçısı səlahiyyətli orqana” sözləri ilə əvəz edilsin;

1.9. 8-1-ci maddə üzrə:

1.9.1. 8-1.1-ci maddənin ikinci cümləsindən “(onlara bərabər tutulan digər məlumat daşıyıcılarının)” sözləri çıxarılsın;

1.9.2. 8-1.8-ci maddəyə “qadağan edilmiş” sözlərindən sonra “və ya keçirilmə hüququ əldə edilməmiş” sözləri əlavə edilsin;

1.10. 8-2-ci maddə üzrə:

1.10.1. adına “Elektron” sözündən sonra “və virtual” sözləri əlavə edilsin;

1.10.2. 8-2.1-ci maddəyə “elektron” sözündən sonra “və virtual” sözləri əlavə edilsin;

1.10.3. 8-2.2-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “səlahiyyətli orqan” sözləri ilə əvəz edilsin;

1.10.4. aşağıdakı məzmunda 8-2.3-cü maddə əlavə edilsin:

“8-2.3. Virtual lotereyanın təşkili və keçirilməsi qaydası səlahiyyətli orqan tərəfindən müəyyən edilir.”;

1.11. 9-cu maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 9. Lotereyanın dayandırılması və onun keçirilməsinə xitam verilməsi

9.1. Bu Qanunun 9.2-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, bu Qanunun və bu Qanuna uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin və ya lotereyanın şərtlərinin lotereya təşkilatçısı tərəfindən pozulması halları aşkar edildikdə, səlahiyyətli orqan həmin pozuntuların aradan qaldırılmasına dair ona yazılı bildiriş göndərir. Lotereya təşkilatçısı bildirişi aldığı tarixdən 20 (iyirmi) iş günü müddətində aşkar edilmiş pozuntuları aradan qaldırmalı və bu barədə səlahiyyətli orqana məlumat verməlidir.

9.2. Səlahiyyətli orqan aşağıdakı hallarda lotereyanın keçirilməsini dayandırır:

9.2.1. bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş bildirişin icrası məhkəmə və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dayandırıldığı və ya bildiriş ləğv edildiyi hallar istisna olmaqla, lotereya təşkilatçısı həmin göstərişi müəyyən edilmiş müddətdə icra etmədikdə;

9.2.2. lotereyanın təşkili və keçirilməsi zamanı törətmiş olduğu dələduzluq, korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə görə lotereya təşkilatçısının vəzifəli şəxsinə və (və ya) tiraj komissiyasının üzvünə qarşı cinayət işi başlandıqda;

9.2.3. lotereyanın təşkilinə və ya keçirilməsinə qanunsuz müdaxilə (uduş şansının dəyişdirilməsinə səbəb olan müdaxilə) aşkar edildikdə;

9.2.4. lotereya şərtlərinin əhəmiyyətli dərəcədə pozulması halları aşkar edildikdə.

Qeyd: Bu Qanunun 9.2.4-cü maddəsində “əhəmiyyətli dərəcədə pozulma” dedikdə 1000 və ya daha çox lotereya iştirakçısının hüquqlarının pozulması və ya pozuntu (pozuntular) nəticəsində iştirakçılara dəyən zərərin ümumi məbləğinin 100 000 (yüz min) manat və daha artıq təşkil etməsi başa düşülür.

9.3. Səlahiyyətli orqan bu Qanunun 9.5-ci maddəsi ilə müəyyən edilmiş müddət ərzində lotereyanın dayandırılması üçün əsas olan pozuntuların aradan qaldırılması və zərərin ödənilməsi (olduğu halda) barədə lotereya təşkilatçısından məlumat aldıqda, 5 (beş) iş günündən gec olmayaraq, lotereyanın dayandırılması barədə qərarı ləğv edir və lotereyanın bərpa edilməsi barədə lotereya təşkilatçısına yazılı bildiriş göndərir.

9.4. Bu Qanunun 9.2.2-ci maddəsi üzrə barəsində cinayət işi başlanılmış lotereya təşkilatçısının vəzifəli şəxsi ilə əmək münasibətlərinə xitam verildikdə və ya həmin şəxs vəzifədən kənarlaşdırıldıqda və ya tiraj komissiyasının üzvü komissiyadan kənarlaşdırıldıqda, habelə bu Qanunun 9.2.4-cü maddəsi üzrə əhəmiyyətli dərəcədə vurulmuş zərər ödənildikdə, lotereyanın dayandırılması üçün əsas olan pozuntular aradan qaldırılmış hesab olunur.

9.5. Lotereya təşkilatçısı lotereyanın dayandırılması haqqında səlahiyyətli orqanın qərarını aldığı tarixdən 30 (otuz) iş günü müddətində bu Qanunun 9.2-ci maddəsində nəzərdə tutulmuş lotereyanın dayandırılmasına səbəb olan halları aradan qaldırmadıqda və ya bu barədə məlumatı təqdim etmədikdə, səlahiyyətli orqan lotereyanın keçirilməsinə xitam verilməsi barədə məhkəmədə vəsatət qaldırır.

9.6. Stimullaşdırıcı lotereyanın təşkilatçısı stimullaşdırıcı lotereyanın keçirilməsinin dayandırılması və ya ona xitam verilməsi haqqında qərarın qəbul edilməsi barədə bildiriş aldıqda, bu barədə məlumatı kütləvi informasiya vasitələri ilə elan etməlidir. Bu zaman stimullaşdırıcı lotereyada iştirak etmək üçün təkliflərin edilməsi qadağandır.

9.7. Lotereya təşkilatçısı lotereyanın (stimullaşdırıcı lotereya istisna olmaqla) dayandırılması və ya ona xitam verilməsi haqqında müvafiq olaraq səlahiyyətli orqanın və ya məhkəmə qərarının qəbul edilməsi barədə bildiriş aldıqda, oynanılmamış lotereya biletlərinin yığılmasını (məhv və ya ləğv edilməsini) və onların dəyərinin lotereya biletlərinin sahiblərinin ilk tələbi ilə ödənilməsini təmin etməlidir. Lotereya biletinin sahibinin razılığı ilə lotereya biletinin dəyərinin ödənilməsi əvəzinə ona digər lotereyada iştirak üçün eyni dəyərli lotereya bileti verilə bilər.

9.8. Lotereyanın dayandırılması və ya onun keçirilməsinə xitam verilməsi lotereya təşkilatçısını uduşların verilməsi (ödənilməsi) vəzifəsindən azad etmir.

9.9. Lotereya təşkilatçısı lotereyanın şərtlərində müəyyən olunan hallarda səlahiyyətli orqana qabaqcadan məlumat verməklə həmin lotereyanı dayandıra və ya ona xitam verə bilər. Lotereya lotereya təşkilatçısının təşəbbüsü ilə dayandırıldıqda və ya ona xitam verildikdə, bu Qanunun 9.6 – 9.8-ci maddələri tətbiq olunur.”;

1.12. 10-cu maddə üzrə:

1.12.1. 10.1.6-cı maddə aşağıdakı redaksiyada verilsin:

“10.1.6. uduşlu lotereya biletləri (saxtalaşdırılmış və ya eyniləşdirilməsi mümkün olmayan biletlər istisna olmaqla) üzrə uduşların müvafiq bileti təqdim etmiş şəxsə verilməsini (ödənilməsini) təmin etmək;”;

1.12.2. 10.1.7-ci maddədə ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “səlahiyyətli orqan” sözləri ilə əvəz edilsin;

1.12.3. 10.1.9-cu maddə aşağıdakı redaksiyada verilsin:

“10.1.9. lotereyanın keçirilməsi dayandırıldıqda və ya xitam verildikdə, bu Qanunun 9.6 – 9.8-ci maddələrinin tələblərinə əməl etmək;”;

1.12.4. 10.4-cü maddə ləğv edilsin;

1.13. 11.0.1-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanına” sözləri “səlahiyyətli orqana” sözləri ilə əvəz edilsin;

1.14. 12-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“Bu Qanunun tələblərinin pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.”.

Maddə 2. Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 dekabr 2021-ci il

SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:08
A.F.Süleymanlının Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:08
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:06
F.S.Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham Əliyev

Azərbaycan...

18 noyabr 2024, 15:06