Prezident İlham Əliyev Türkiyə Respublikasının iqtisadiyyat naziri Zəfər Çağlayanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin bütün sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı enerji, nəqliyyat və digər sahələrdə həyata keçirilən birgə layihələrin önəmini qeyd etdi.
Prezident İlham Əliyev Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayanın ölkəmizə səfərinin bu sahədə görülən işlərin təhlili və yeni layihələrin tərtibi baxımından əhəmiyyətli olacağına əminliyini bildirdi.
Türkiyə Respublikasının iqtisadiyyat naziri Zəfər Çağlayan Prezident Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. O, ikitərəfli əlaqələrimizin daha da genişləndirilməsində dövlət və hökumət başçılarının verdiyi tövsiyələrin önəmini vurğuladı.
Dövlət başçısı Prezident Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin dövlət başçısına və Baş nazirinə çatdırmağı xahiş etdi.