İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında təkbətək görüş olub

22 fevral 2022, 15:40
İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında təkbətək görüş olub

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 22-də Rusiya dövlətinin başçısı ilə təkbətək görüşü olub.

Görüşdə dövlət başçıları çıxış etdilər.

Rusiya Prezidenti Vladimir PUTİN dedi:

-Salam. Təəssüf ki, pandemiya bizim normal ünsiyyət saxlamağımıza və görüşməyimizə imkan vermir. Bu da müəyyən dərəcədə narahatlıq doğurur, lakin hər halda Sizi görməyə çox şadam. Sağ olun ki, təklifimi qəbul etdiniz.

Sizin səfəriniz ikitərəfli münasibətlərimizdə əlamətdar hadisə - diplomatik münasibətlərimizin yaradılmasının 30 illiyi ərəfəsində keçir. Bu gün biz Qarşılıqlı müttəfiqlik əlaqələri haqqında Bəyannamə imzalayacağıq. Tamamilə aşkardır ki, bu, bizim münasibətlərimizin inkişafında yeni mərhələdir və şübhəsiz, bu, o cümlədən bütövlükdə hələ sona qədər nizamlanmamış, lakin həllində irəliləyiş əldə edilmiş Qarabağ münaqişəsinin tənzimlənməsinə nail olduqdan sonra mümkün olub.

Fikrimcə biz indiki həyatda hələ qarşıya çıxan problemlərə baxmayaraq, hər halda məmnun ola bilərik ki, hazırda olduğumuz səviyyəyə çatmışıq. Əlbəttə, bu barədə biz bu gün ətraflı danışacağıq. Lakin istənilən halda həm orada yaşayan bütün insanların təhlükəsizliyinin təmin edilməsi baxımından, həm də ticari-iqtisadi əlaqələrin inkişafı, nəqliyyat kommunikasiyalarının açılması baxımından artıq müəyyən razılaşmalar var.

Bilirəm ki, hələ mübahisələr var, üzərində işləniləsi məsələlər var. Lakin biz öz tərəfimizdən bu prosesin dinc vasitələrlə getməsi, sülh yolu ilə inkişaf etməsi və əlbəttə, bu prosesə cəlb edilmiş bütün tərəflərin razı qalmasına nail olmaq üçün əlimizdən gələni edəcəyik.

Yeri gəlmişkən, həm Rusiya Federasiyası, həm də bilirəm, Sizin digər qonşularınız bu məsələlərin, o cümlədən nəqliyyat kommunikasiyaları məsələlərinin həll edilməsində maraqlıdırlar, ona görə ki, bunda təkcə Azərbaycan və Ermənistan maraqlı deyil, - Rusiya da, təkrar edirəm, Sizin bütün başqa qonşular da maraqlıdırlar.

Ticari-iqtisadi əlaqələrə gəldikdə, onlar durmadan inkişaf edir. Pandemiyaya baxmayaraq, keçən il bizdə əmtəə dövriyyəsi 16 faizdən çox artıb və bu, çox yaxşı göstəricidir. Sizə təşəkkür edirik ki, Siz bizim qarşılıqlı fəaliyyətimizi dəstəkləyirsiniz. Bu baxımdan bizim çox ciddi planlarımız var. Bizim iqtisadi əlaqələrimiz yetərincə yaxşı şaxələndirilib və bu, irəliyə hərəkətin davam etməsi üçün yaxşı ilkin şərait yaradır.

Bizim üçün həssas və mənim fikrimcə Azərbaycan üçün də çox vacib olan humanitar məsələlərin həllini, ilk növbədə, rus dilinin inkişafını dəstəklədiyinizə görə Sizə təşəkkür edirik. Mən bilirəm ki, Azərbaycanın 300 məktəbində rus dili fəal öyrənilir, bu dil populyardır. Əlbəttə, biz bunu gələcəkdə də hər vasitə ilə dəstəkləyəcəyik.

Regional əlaqələr yetərincə səmərəli inkişaf edir.

Bir də, əlbəttə, fürsətdən, Sizin səfərinizdən istifadə edərək Sizi Ukrayna istiqamətində bizdə nələr baş verməsi barədə məlumatlandıracağam. Bilirsiniz ki, dünən Rusiya Donbasın iki xalq respublikasının suverenliyinin tanınması haqda qərar qəbul edib.

Bəri başdan demək istəyirəm, biz bu mövzuda – Rusiyanın imperiya sərhədləri daxilində imperiyanı bərpa etməyə hazırlaşması mövzusunda spekulyasiyaları görürük və demək olar ki, əvvəldən görürdük. Bu, əsla həqiqətə uyğun deyil.

Sovet İttifaqı dağılandan sonra Rusiya bütün yeni geosiyasi reallıqları etiraf etdi və Sizin də bildiyiniz kimi, postsovet məkanında yaranmış bütün ölkələrlə, müstəqil dövlətlərlə bizim qarşılıqlı əlaqələrimizin möhkəmləndirilməsi üzərində fəal iş aparır. Hətta məsələn, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi kimi kəskin, çox kəskin vəziyyətlərdə də biz həmişə çox səliqəli hərəkət etmişik, bu prosesə cəlb edilmiş bütün dövlətlərin maraqlarını nəzərə almışıq və həmişə qarşılıqlı məqbul həllərə nail olmağa çalışmışıq.

Təəssüf ki, Ukraynada dövlət çevrilişindən sonra biz Ukrayna ilə qarşılıqlı əlaqələrin bu səviyyəsini və keyfiyyətini görmürük, əvvəlki səviyyə yox olub. Vurğulamaq istəyirəm, məhz dövlət çevrilişindən və bu çevrilişi edənlər tərəfindən hakimiyyətin qanunsuz ələ keçirilməsindən sonra.

İndicə, Sizinlə görüşdən əvvəl Qazaxıstan Prezidenti ilə söhbət edirdim. Fikrimcə, bu, Rusiyanın qonşularımızın suverenliyini yalnız dəstəklədiyini, onu hər vasitə ilə möhkəmləndirdiyini göstərən ikinci çox yaxşı nümunədir. Qazaxıstan nümunəsi də bizim məhz bu cür siyasətimizə dəlalət edir, onu təsdiq edir.

Bildiyiniz kimi, biz beynəlxalq terrorizmin xarici təcavüzü ilə əlaqədar Qazaxıstan rəhbərliyinin xahişi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Qazaxıstanı dəstəklədik. Bu problem aradan qalxan kimi Qazaxıstan rəhbərliyinin xahişi ilə biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının kontingenti çərçivəsində özümüzün bütün silahlı qüvvələrimizi oradan çıxartıq və bütün istiqamətlər üzrə Qazaxıstan ilə əməkdaşlığı davam etdiririk. Şübhəsiz, bu iş həm Rusiyanın, həm də Qazaxıstanın xeyrinədir və Qazaxıstanın suverenliyini möhkəmlədir.

Biz bundan sonra da bütün qonşularımızla münasibətdə bu cür hərəkət etmək niyyətindəyik. Təkrar edirəm, Ukrayna ilə bağlı vəziyyət başqadır. Bu, onunla bağlıdır ki, təəssüflər olsun, üçüncü ölkələr tərəfindən bu ölkənin ərazisindən Rusiya Federasiyasına qarşı təhdidlər yaratmaq üçün istifadə edilir. Məsələ yalnız bundadır.

İndi bizim hər şey barədə daha ətraflı söhbət etmək imkanımız olacaq. Mən təfərrüat barədə Sizi məlumatlandıracağam.

İstənilən halda demək istəyirəm ki, Sizi görməyə çox şadam.

Xoş gəlmisiniz.

XXX

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

- Çox sağ olun, hörmətli Vladimir Vladimiroviç. İlk növbədə, Rusiyaya rəsmi səfərə dəvət etdiyinizə görə sağ olun. Şadam ki, bizim əlaqələrimiz müntəzəm xarakter daşıyır. Sizinlə noyabrın sonunda görüşmüşdük, o vaxtdan üç aydan az keçib. Bu gün də mən Rusiya Federasiyasındayam. Bütün bunlar ona dəlalət edir ki, bizim münasibətlərimiz çox dinamik şəkildə inkişaf edir. Biz daim əlaqə saxlayırıq, zəngləşirik. Əlbəttə, şəxsi görüşlərimiz həmişə xüsusi əhəmiyyət kəsb edir, xüsusən ona görə ki, Siz qeyd etdiyiniz kimi, ölkələrimiz arasında ən mühüm sənədin imzalanması ərəfəsində. Rəmzi haldır ki, bu görüş, Siz qeyd etdiyiniz kimi, ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi ərəfəsində keçir. Fikrimcə, bu sənəd ölkələrimiz, qarşılıqlı əlaqələrimiz, həmçinin regional təhlükəsizlik üçün birmənalı olaraq çox müsbət əhəmiyyət kəsb edəcəkdir. Biz ölkələrimiz arasında yaranmış dostluq, mehriban qonşuluq münasibətlərini çox yüksək qiymətləndirir, onları möhkəmləndiririk. Qarşılıqlı müttəfiqlik haqqında Bəyannamənin imzalanması son illərdə bizim necə fəal işlədiyimizi və qarşılıqlı əməkdaşlığın potensialını artırmağımızı çox yaxşı illüstrasiya edir. Bu, sadəcə sözlər, sadəcə niyyətlər deyil, həm də konkret işlər olub. Bəyannamə yetərincə genişdir. Onun 40-dan çox bəndi var. Bizim qarşılıqlı fəaliyyətimizin ən mühüm sahələrini əhatə edir və artıq dediyim kimi, bizim ikitərəfli münasibətlərin gələcəyi üçün çox böyük əhəmiyyət kəsb edəcəkdir.

Bütövlükdə ölkələrimiz arasında siyasi münasibətlər son illərdə həmişə çox müsbət inkişaf edir. Hazırda bu münasibətlər ən yüksək səviyyəyə çatır. Ticari-iqtisadi əlaqələrdə yaxşı dinamika olması barədə Sizin fikrinizə şərik olduğumu bildirmək istərdim. Bizim əmtəə dövriyyəsinin həcmi artıq 3 milyard dolları aşıb və Sizin qeyd etdiyiniz kimi 16 faiz artıb. Bu ildə də artım perspektivi var, yanvar ayının göstəriciləri buna dəlalət edir. Biz çoxsaylı konkret layihələri həyata keçiririk. Əlbəttə, bu gün bu barədə də danışacağıq, humanitar sahədə gördüyümüz işləri yüksək qiymətləndirdiyinizə görə sağ olun.

Təşəkkür edirəm ki, Siz bunu həmişə vurğulayırsınız, bizim səylərimizi qiymətləndirirsiniz və düzgün olaraq qeyd etdiyiniz kimi, bu, həm Rusiya üçün, həm də Azərbaycan üçün vacibdir. Məktəblər məsələsinə gəldikdə, bir qədər dəqiqləşdirmək istərdim. Azərbaycanda təhsilin rus dilində olduğu 340-a yaxın məktəb var, bu məktəblərdə 140 mindən çox uşaq təhsil alır. Azərbaycanda 15 mindən çox vətəndaş ali məktəblərdə rus dili bölmələrində oxuyur. Mənim fikrimcə, bu, bizim münasibətlərimizin və gələcək əlaqələrimizin çox mühüm əsasıdır, ona görə ki, rus dili keçmiş Sovet İttifaqı ölkələrini həmişə birləşdirirdi və əlbəttə, rus dilini bilmədən gələcək nəsillərin əlaqələrini nizamlamaq çox çətin olar. Buna görə də, dediyim kimi, bu, həyatımızda çox mühüm amildir.

Əlbəttə, Siz qeyd etdiyiniz kimi, bu gün bizim regionda vəziyyət, münaqişədən sonrakı vəziyyət barədə danışacağıq. Rusiya Federasiyası Azərbaycan ilə Ermənistan arasında müharibənin dayandırılmasında və münaqişənin nizamlanmasının qaynar mərhələdən siyasi diplomatik sahəyə keçirilməsində çox mühüm rol oynayıb. 2020-ci ilin noyabrında Sizin fəal iştirakınızla imzalanmış üçtərəfli Bəyanat bu çoxillik münaqişəni nizamlamağımıza imkan verdi. Bu gün yeni vəziyyət yaranıb, regionda bugünkü geosiyasi reallıqlar dünya birliyi tərəfindən qəbul edilib. Rusiya Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması, nəqliyyat kommunikasiyalarının açılması, normal qonşuluq münasibətlərinin qurulması üçün imkanlar yaradılması işində çox mühüm, mən deyərdim əsas rol oynayır. Biz bu rolu çox yüksək qiymətləndiririk. Ümidvarıq ki, erməni tərəfi də bizim kimi, öz tərəfindən 2020-ci ilin noyabrında imzalanmış Bəyanatın bütün bəndlərini yerinə yetirəcək.

Beləliklə, gündəliyimiz çox genişdir, bu səfər xüsusi səfərdir. Mən Prezident kimi 48-ci dəfədir ki, Rusiyadayam. Lakin bu, xüsusi haldır. Bu gün biz tarixi xarakterli çox mühüm sənəd imzalayacağıq. Dəvətə görə bir daha təşəkkür edirəm.

Prezident Vladimir Putin: Sağ olun.

gallery-photo
SƏNƏDLƏR Fərmanlar 04 fevral 2025
15:35
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması haqqında” 2017-ci il 18 oktyabr tarixli 1638 nömrəli və “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 19 dekabr tarixli 1748 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 oktyabr...

04 fevral 2025, 15:35
SƏNƏDLƏR Fərmanlar 03 fevral 2025
15:48
“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” 2009-cu il 24 iyun tarixli 116 nömrəli, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2014-cü il 20 fevral tarixli 111 nömrəli, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2015-ci il 4 may tarixli 516 nömrəli, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2016-cı il 28 aprel tarixli 888 nömrəli və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 iyun tarixli 1382 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikası İqtisadiyyat...

03 fevral 2025, 15:48
SƏNƏDLƏR Fərmanlar 03 fevral 2025
15:46
“Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun qüvvəyə minməsi...

03 fevral 2025, 15:46
SƏNƏDLƏR Fərmanlar 03 fevral 2025
15:42
“Qaz təchizatı haqqında”, “Dövlət rüsumu haqqında”, “İxrac nəzarəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında”, “Elektroenergetika haqqında” və “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 121-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Qaz təchizatı haqqında”, “Dövlət rüsumu haqqında”, “İxrac nəzarəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə...

03 fevral 2025, 15:42
SƏNƏDLƏR Qanunlar 03 fevral 2025
15:40
“Qaz təchizatı haqqında”, “Dövlət rüsumu haqqında”, “İxrac nəzarəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında”, “Elektroenergetika haqqında” və “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan...

03 fevral 2025, 15:40