Prezident İlham Əliyev Rusiya Federasiyası Hökuməti sədrinin müavini Dmitri Roqozinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Rusiya Federasiyası Hökuməti sədrinin müavini Dmitri Roqozin Prezident Vladimir Putinin və Baş nazir Dmitri Medvedevin salamlarını dövlətimizin başçısına çatdırdı.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən hərbi sənaye sahəsində uğurla inkişaf etdiyi vurğulandı, bu sahədə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Rusiya Federasiyası Hökuməti sədrinin müavini Dmitri Roqozinin Azərbaycana səfərinin əməkdaşlığımızın daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olundu.
Dövlətimizin başçısı Prezident Vladimir Putinin və Baş nazir Dmitri Medvedevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiya Federasiyasının Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.