Hadrut qəsəbəsində hərbi hissənin açılışında İlham Əliyevin nitqi
24 dekabr 2021, 14:35
Bu gün Qarabağın Xocavənd rayonunda, Hadrutda yeni hərbi hissə açılır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm.
Əsgərlər: Sağ ol!
Prezident İlham Əliyev: Son illər ərzində Azərbaycan ərazisində bir çox yerlərdə yeni hərbi hissələr, hərbi şəhərciklər salınmışdır. Onların böyük əksəriyyəti yeni inşa edilmiş hərbi hissələrdir. Bir hissəsi isə əsaslı təmir edilmiş hərbi hissələrdir. Biz bu sahəyə çox böyük diqqət yetirirdik, çünki hərbçilərin xidmət şəraiti elə olmalıdır ki, onlar istənilən vəzifəni icra edə bilsin, hazırlıq üçün, məşq üçün yaxşı şərait olsun. Ordu quruculuğu istiqamətində aparılan işlər arasında hərbi hissələrin yaradılması xüsusi yer tuturdu və deyə bilərəm ki, bu gün Azərbaycanın bütün bölgələrində əksər hərbi hissələr bizim standartlarımıza cavab verir.
Bu hərbi hissənin açılması çox böyük əhəmiyyət daşıyır. Çünki bu hərbi hissə işğaldan azad edilmiş ərazidə - Xocavənd rayonunda açılır və ordumuzun sərəncamına verilir. Hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların məişət-mənzil problemlərinin həlli də həmişə diqqət mərkəzində idi. Bildiyiniz kimi, 20 il orduda qüsursuz xidmət etmiş hərbçilərə mənim Fərmanımla dövlət tərəfindən mənzillər verilir və bu günə qədər 2200-dən çox hərbçi dövlət tərəfindən mənzillə təmin olunmuşdur. Bu ilin sonuna qədər 130 hərbçi ailəsinə yeni mənzillər veriləcəkdir. Yəni, ordu dövlət tərəfindən, Prezident, Ali Baş Komandan tərəfindən daim diqqətlə əhatə olunub. Bu diqqət və qayğının nəticəsində bu gün Azərbaycanın müzəffər Ordusu dünyada məhz müzəffər, döyüş meydanında qalib gəlmiş ordu kimi tanınır.
Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsində xüsusi əhəmiyyətə malik olan bir əməliyyat idi. İlk növbədə ona görə ki, bu strateji qəsəbəni işğaldan azad etmək bizim gələcək planlarımıza əlavə dəstək verdi. Çünki əgər biz Hadrutu işğalçılardan azad etməsəydik, gələcək əməliyyatlarımız daha böyük çətinliklərlə üzləşə bilərdi. Təsadüfi deyil ki, işğaldan ilk azad edilmiş şəhər olan Cəbrayıldan sonra ikinci böyük yaşayış məntəqəsi Hadrut olmuşdur. Müzəffər Azərbaycan Ordusu ötən il oktyabrın 9-da bu qəsəbəni işğalçılardan azad etmişdir. Burada olan hər bir insan bu qəsəbəni əhatə edən dağları görərkən başa düşə bilər ki, bu, nə qədər böyük, çətin və şərəfli missiya idi. Çünki mənfur düşmən 30 il ərzində işğal altında olan bütün torpaqlarda güclü istehkamlar qurmuşdu, bir neçə xətdən ibarət müdafiə sədləri qurmuşdu. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin təbii relyefi də düşmən üçün əlverişli idi. Çünki bu dağlarda, təpələrdə yerləşərək onlar böyük hərbi üstünlüyə malik idilər. Ona görə bizim hərbçilərimizin həm peşəkarlığı, həm fiziki gücü, mənəvi hazırlığı, vətənpərvərliyi, fədakarlığı bu şərəfli Qələbəmizə nail olmaq üçün bizə imkan yaratdı.
Əminəm ki, Hadrut əməliyyatı müasir dünya müharibələri tarixində öz layiqli yerini tutacaq. Ermənistan hər vəchlə çalışırdı ki, Hadrutu öz nəzarəti altında saxlasın. Hətta Hadrut işğalçılardan azad ediləndən bir neçə gün sonra onlar özlərinə xas yalanlar yayaraq Hadrutun sanki onların əlində olması haqqında iftiralar uydururdular. Artıq müzəffər Azərbaycan Ordusu Hadrutda dövlət bayrağımızı qaldırmışdı. Hadrut və bütün ətraf yüksəkliklər bizim əlimizdə idi. Ermənistan öz ordusunun mənəvi-psixoloji vəziyyətini anlayaraq Hadrut haqqında yalanlar yayırdı. Onu da bildirməliyəm ki, Hadrut azad ediləndən sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət almışdır və onların özlərinin etirafına görə müharibə zamanı 10 min fərari olmuşdur. Azərbaycan Ordusunda isə bir nəfər də fərari olmamışdır. Bizim vətənpərvərlik ruhumuz, qəhrəmanlığımız, Vətənə olan bağlılığımız, fədakarlığımız bütün dünyada Azərbaycan Ordusu, Azərbaycan xalqı haqqında dəqiq təsəvvür yaratdı. Göstərdi ki, biz böyük xalqıq, göstərdi ki, biz özümüzə məxsus olan torpaqları nəyin bahasına olursa-olsun azad edən xalqıq.
Bu gün Hadrut əməliyyatı haqqında və bütövlükdə İkinci Qarabağ müharibəsi haqqında danışarkən, ilk növbədə, əziz şəhidlərimizin xatirəsini yad etməliyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Əsgərlər: Amin!
Prezident İlham Əliyev: Onların canı bahasına, qazilərimizin, hərbçilərimizin qanı bahasına biz tarixi ədaləti bərpa etdik, düşməni öz torpaqlarımızdan qovduq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağını ucaltdıq, tarixi ədaləti və milli qürurumuzu bərpa etdik.
Mən işğal dövründə dəfələrlə deyirdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Ermənistan rəhbərlərinə dəfələrlə deyirdim ki, hələ gec deyil, öz xoşları ilə bizim torpaqlarımızdan çıxsınlar, rədd olsunlar. Ancaq əfsuslar olsun ki, onların uzun illər ərzində yaydıqları yalana özləri də inanmağa başlamışdılar. Dünyaya Azərbaycan xalqı haqqında, Azərbaycan Ordusu haqqında həqiqətə uyğun olmayan böhtan və uydurma xarakterli məlumatlar yayırdılar. İkinci Qarabağ müharibəsi göstərdi kim-kimdir. İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun, Azərbaycan xalqının əyilməz iradəsini göstərdi. Ermənistan ordusu bu gün artıq məğlub edilmiş ordudur. Azərbaycan Ordusu isə müzəffər ordudur!
Hadrut əməliyyatından sonra bizim şərəfli missiyamız davam etdi. Hələ müharibənin başa çatmasına bir ay qalmışdı və əlbəttə ki, biz daha böyük inamla, daha böyük iradə ilə öz şərəfli missiyamızı davam etdirdik. Hadrutdan 8 gün sonra Füzuli azad edildi. Füzulidən bir neçə gün sonra Zəngilan, Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi. Biz faktiki olaraq Laçın dəhlizinə çıxmışdıq və Laçın dəhlizini nəzarətdə saxlayırdıq. Artıq Ermənistan başa düşməli idi ki, onlar məğlub olacaqlar, məğlubiyyət qaçılmazdır. Ancaq buna baxmayaraq, öz namərd əməllərindən əl çəkmədilər. Bizim dinc şəhərlərimizi uzaqmənzilli ballistik raketlərlə atəşə tutdular. Bunun nəticəsində 100-dən çox günahsız insan, onların arasında uşaqlar, qadınlar həlak oldular. Azərbaycan Ordusu isə bütün müharibə dövründə müharibə qanunlarına əməl edərək müharibəni ləyaqətlə apardı. Biz dinc əhaliyə qarşı heç vaxt müharibə aparmadıq və bir daha xalqımızın böyüklüyünü göstərdik. Bizim hədəflərimiz ancaq düşmənin hərbi birləşmələri, silahları, texnikaları və silah anbarları idi.
İndi azad edilmiş torpaqlara gələn hər bir insan erməni vəhşiliyinin şahidi olur. Bütün şəhərlər, bütün kəndlər ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb. Bunu artıq dünya görür. Ancaq baxın Hadrut qəsəbəsinə, bir dənə də dağılmış bina yoxdur. Bu, nəyi göstərir? Onu göstərir ki, biz dinc əhaliyə qarşı heç vaxt müharibə aparmamışıq və bu, bir daha bütün dünyaya xalqımızın yüksək mənəvi keyfiyyətini göstərir.
Hadrutdan sonra Şuşaya yolumuz açıldı. Hadrut işğalçılardan azad edilməsəydi, Şuşaya gedib çatmaq daha çətin olardı. Halbuki, Şuşa əməliyyatı artıq bir dastana çevrilib. Dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində Şuşa əməliyyatı haqqında indi müzakirələr gedir, təhlillər aparılır və bir çoxları, xüsusilə Şuşada olmuş insanlar inana bilmirlər ki, Azərbaycanın qəhrəman övladları yüngül silahlarla qayalara dırmaşaraq bizim mədəniyyət paytaxtımız olan, Qarabağın tacı olan Şuşanı işğalçılardan azad etdilər. Biz məhz Hadrut meşələrindən keçərək, yüksək dağları aşaraq Şuşaya yaxınlaşmışdıq və Şuşa uğrunda gedən döyüşlər artıq heç kimə sirr deyil.
44 günlük İkinci Qarabağ müharibəsi Ermənistan ordusunun tamamilə darmadağın edilməsinə gətirib çıxardı. Bu gün Ermənistan ordusu yoxdur. Mən dəfələrlə demişəm, bax, burada - keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bir rayonu olan Hadrutda, Xocavənd rayonunun qəsəbəsi olan Hadrutda bunu bir daha deyə bilərəm ki, bu gün Ermənistan ordusu yoxdur. Əgər Ermənistan yenidən bizim üçün təhlükə mənbəyi olmağa cəhd edərsə, onların axırı İkinci Qarabağ müharibəsindəki kimi olacaqdır. Biz heç vaxt imkan verə bilmərik ki, xalqımıza, dövlətimizə, ərazi bütövlüyümüzə hər hansı bir təhdid yaradılsın. Ölkə hüdudlarından kənarda olsa da, əgər bu təhdidi biz görsək, heç kim bizi dayandıra bilməz. Necə ki, 44 gün ərzində nə qədər bizi dayandırmağa çalışdılar, nə qədər bizi hədələdilər, təzyiq etdilər, təhdid etdilər, heç kim bizi dayandıra bilmədi. Mən bütün bu 44 gün ərzində deyirdim ki, heç kim bizi dayandıra bilməz, Ermənistan rəhbərliyi bizə tarix versin nə vaxt bizim torpağımızdan rədd olur, ondan sonra biz müharibəni dayandıracağıq. Elə də etdik, sözümüzə əməl etdik. İndi də Ermənistanda əgər kimsə revanş haqqında düşünürsə, əgər kimsə düşünür ki, bir neçə ildən sonra vəziyyət dəyişəcək, nəsə baş verəcək və yenidən onların hərbi imkanı yaranacaq və onlar yenidən bizə ərazi iddiası ilə çıxış edəcəklər, bəri başdan bilsinlər, biz heç nəyi gözləməyəcəyik, heç kim bizi dayandıra bilməz, heç nəyə baxmadan lazımi addımları atacağıq. Bunu etmək üçün siyasi iradəmiz də var, gücümüz də var. Azərbaycan Ordusunun gücünü bütün dünya gördü. Bütün dünya gördü ki, Azərbaycanın qəhrəman övladları nəyə qadirdir.
Bu gün Hadrutda yeni hərbi hissənin açılması bir daha demək istəyirəm ki, çox əlamətdar hadisədir. Həm ona görə ki, bu bölgə strateji əhəmiyyət daşıyır; Hadrutda bizim güclü silahlı birləşməmiz təhlükəsizliyimizi, ölkəmizin təhlükəsizliyini qoruyacaq, - digər tərəfdən ona görə ki, bu, azad edilmiş keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olmuş yerdə yerləşir. Eyni zamanda, bu hərbi hissənin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, biz müharibədən sonra ordu quruculuğu prosesini dayandırmamışıq və orduya ayrılan xərcləri azaltmamışıq, əksinə, artırmışıq. Müharibədən sonra imzalanmış yeni kontraktlar icra edilir. Yeni kontraktlar əsasında artıq Azərbaycana Ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir. Biz bunu heç vaxt gizlətmirdik və işğal dövründə hərbi paradlarda dəfələrlə nümayiş etdirmişdik. Həm hərbi texnikanın alınması, həm hərbi xərclərin artırılması, eyni zamanda, hərbçilərin maaşlarının artırılması, – bütün bunlar göz qabağındadır, - onu göstərir ki, müharibə başa çatsa da, ordu quruculuğu prosesi dayanmayacaq. Əksinə, müharibə təcrübəsi bizə göstərdi ki, güclü yerlərimiz haradadır və qüsurlarımız haradadır. Müharibə dövründə qüsurlarımız çox deyildi, amma olub. Ona görə müharibə bizim üçün əvəzolunmaz təcrübə idi. Müharibədən sonra həm müasir tələbələrə cavab verən silah-sursat, texnikalar alınır, eyni zamanda, yeni silahlı birləşmələr yaradılır. Bax, bu gün Hadrutda bu hərbi hissədə yeni hərbi birləşmənin nümayəndələri, komando qüvvələri yerləşir. Komando Briqadasının yaradılması bizim üçün yenilikdir. Bir yox, iki yox, bir çox Komando briqadaları artıq Azərbaycanda yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq. Bir daha demək istəyirəm ki, belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcəklər. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır.
İşğal dövründə ermənilər bizim bütün şəhər və kəndlərimizi dağıdıblar. Bizim tarixi, dini abidələrimizi dağıdıblar, təhqir ediblər, xalqımız, ordumuz haqqında aşağılayıcı ifadələr işlədiblər. Hətta deyirdilər ki, Ermənistan “yeni torpaqlar uğrunda yeni müharibə”yə hazırlaşır. Deyirdilər ki, əgər müharibə başlayarsa erməni tankları Bakının küçələrində olacaq. Bütün bu təkəbbürlü ifadələrin hamısı zibil yeşiyinə atıldı. Bəli, erməni tankları gəldi Bakıya, onları biz gətirdik. Azadlıq meydanında hərbi paradda, Qələbə paradında onları nümayiş etdirdik. Bu gün onlar Azərbaycan Ordusunun gücünün və Ermənistan ordusunun məğlubiyyətinin təzahürü kimi Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Biz bundan sonra həmişə müzəffər xalq və qalib dövlət kimi yaşayacağıq.
Əziz hərbçilər, mən bir daha bu hərbi hissənin açılması münasibətilə sizi ürəkdən təbrik edirəm,
Hərbçilər: Sağ ol!
Prezident İlham Əliyev: Azərbaycan Ordusuna yeni uğurlar arzulayıram!
Hərbçilər: Sağ ol!
Prezident İlham Əliyev: Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!