15:56
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2025-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan...
18 dekabr 2024, 15:56Prezident Şavkat Mirziyoyevin bəyanatı
-Hörmətli İlham Heydər oğlu.
Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri.
Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevi və Azərbaycan nümayəndə heyətinin bütün üzvlərini qonaqpərvər Özbəkistan torpağında bir daha səmimiyyətlə salamlamaq istəyirəm. Özbəkistana bir daha xoş gəlmisiniz.
Özbəkistanda Azərbaycan ilə ənənəvi dostluq, etimad və qarşılıqlı anlaşma münasibətlərinə xüsusi qiymət verirlər. Bu münasibətlərin əsasını ortaq mənəvi dəyərlər, din, oxşar mədəniyyətlər və dil təşkil edir. Xalqlarımızı çoxəsrlik tarix bağlayır. Əhməd Fərqaninin və Əbu Reyhan Büruninin elmi əsərlərində Azərbaycanın bir çox şəhərləri xatırlanır, bu şəhərlərdə Şərq və Qərb sivilizasiyaları bir-birinə qarşılıqlı təsir göstərir. Bizim Şərqşünaslıq İnstitutunun fondlarında Nizami, Xaqani, Tusi, Füzuli, Xətai və bir çox başqa Azərbaycan şairlərinin və mütəfəkkirlərinin onlarca nadir əlyazmaları qayğı ilə qorunub saxlanır. Füzulinin əlyazmalarından birini mən bu gün hörmətli İlham Heydər oğluna hədiyyə etdim. Fikrimcə, bu, bizim sərvətimizdir. Özbəkistanda belə əlyazmalar çoxdur. Bu, bir daha onu göstərir ki, özbək xalqı əsrlər boyu Azərbaycan mədəniyyətinə böyük hörmət və maraq bəsləyir. Xüsusi qeyd etmək istəyirəm ki, özbək ədəbiyyatının və poeziyasının banisi Əlişir Nəvai böyük Nizami Gəncəvinin əsərlərindən ilham alırdı, Nizamini “şairlərin şahı” adlandırırdı. O, Nizamiyə belə qiymət verirdi.
İki xalqın qarşılıqlı münasibətlərinin şanlı tarixi bizim günlərdə də çoxtərəfli əməkdaşlığı inkişaf etdirmək üçün möhkəm təməl yaradıb. Rəmzi haldır ki, budəfəki səfər Azərbaycanın ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin ölkəmizə birinci rəsmi səfərindən düz 25 il sonra keçirilir. Bu gün bizim əziz qonağımız hörmətli Prezidentlə birlikdə Heydər Əliyevin adını daşıyan yenilənmiş küçəni və orada qoyulmuş abidəni açmaq məndən ötrü böyük şərəf oldu. Bu, öz xalqının həqiqi liderinə və Özbəkistanın yaxın dostu olmuş dahi insanın xatirəsinə bizim ehtiramımızın əlamətidir.
Hörmətli jurnalistlər, məhdud tərkibdə və geniş formatda görüşlərdə biz ikitərəfli münasibətlərimizə aid məsələləri ətraflı müzakirə etdik. Sizə demək istəyirəm ki, biz bütün istiqamətlər üzrə çox səmimi, etimada əsaslanmaqla, çox diqqətlə, obrazlı desək əlimizə qələm götürərək münasibətlərimizi bundan sonra necə irəlilətməli olduğumuzu dedik ki, bu münasibətlər həqiqətən strateji səviyyəyə çatsın və İlham Heydər oğlunun Özbəkistana bugünkü tarixi səfərindən real nəticə əldə edilsin. Fikrimcə, geniş tərkibdə görüşdə də bizim nümayəndə heyətlərinin hər bir üzvünə nə istədiyimiz, necə işləyəcəyimiz barədə ətraflı məlumat verildi və biz razılığa gəldik ki, iki prezident hər ay işlərin gedişini yoxlayacaq. Ona görə ki, bizim hökumətlərarası komissiyaların sədrləri, həmsədrləri hər ay fikir mübadiləsi aparacaqlar. Biz hətta razılığa gəldik ki, başlanğıc mərhələdə həmsədrlər ayda bir dəfə görüşəcək, real nəticə olması üçün vəziyyəti yoxlayacaqlar. Biz bunu nə üçün edirik? Ona görə ki, biz həqiqətən münasibətlərimizi tamamilə yeni səviyyəyə qaldırırıq. Bunu nə üçün edirik? İstəyirik ki, real nəticə olsun, iki ölkənin xalqları bunu hiss etsin.
Fikrimcə, bizim ümumi səylərimiz və daha yaxınlaşma istəyimiz sayəsində Özbəkistan ilə Azərbaycan arasında münasibətlər açıq, geniş əhatəli xarakter kəsb edib, ticari-iqtisadi, parlamentlərarası, mədəni-humanitar və regionlararası əməkdaşlıq fəallaşıb. Bir daha demək istəyirəm, budəfəki danışıqlar göstərdi ki, biz xalqlarımızın mənafeyi naminə qarşılıqlı fəaliyyəti bundan sonra da hərtərəfli möhkəmləndirməyə hazırıq.
Siz indicə sanballı sənədlər paketinin imzalanmasının şahidi oldunuz. Onların arasında Strateji tərəfdaşlığın dərinləşməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi barədə Bəyannamə ikitərəfli münasibətlərdə yeni mərhələ açır. Biz, həmçinin qarşılıqlı fəaliyyətin əsas istiqamətlərini müəyyən etdik. Bizim ən mühüm prioritetimiz ticarəti və sənaye kooperasiyasını genişləndirməkdir. Bu istiqamətdə ciddi irəliləyişlər müşahidə edirik.
Bu gün biz razılaşdıq ki, komandalarımızın və ya nümayəndə heyətlərimizin hazırladığı rəqəmlər üzərində dayanmayacağıq, çünki rəqəmlər heç nə demir. Əlbəttə, mən deyə bilərəm ki, onlar altı dəfə artıb, lakin məcmu halda onlar bizim münasibətlərimizə, imkanlarımıza uyğun gəlmirsə və deyiriksə ki, sıfırdan başlayaq, çox real, bütün istiqamətlərdə, iqtisadiyyatımızın bütün sahələrində geniş əhatəli layihələri inkişaf etdirəcəyik. Bir daha demək istəyirəm, biz qarşılıqlı fəaliyyətimizi əsaslı şəkildə fəallaşdırmaq barədə razılığa gəldik. Bundan ötrü bizim geniş imkanlarımız, hər şeydən əvvəl iqtisadiyyatlarımızın qarşılıqlı tamamlanması amili var. Bu ərəfədə keçirilmiş biznesforumun yekunlarına əsasən yarım milyard dollardan artıq məbləğdə sazişlər və kontraktlar imzalanıb. Əlbəttə, yarım milyard rəqəmi nəyəsə dəlalət edir, lakin o, bizim imkanlarımıza müvafiq deyil.
Kooperasiya layihələrinə xüsusi diqqət yetiriləcək. Bildiyiniz kimi, biz Hacıqabulda avtomobillərin birgə istehsalını uğurla nizamlamışıq. İpəkçilik sahəsində əməkdaşlığı inkişaf etdiririk. Avtomobilqayırma üzrə razılığa gəldik ki, yeni istiqamətlər üzrə buraxılışı genişləndirəcəyik, ona görə ki, bizim artıq təcrübəmiz, tam qarşılıqlı anlaşma və tam etimad var. Biz dedik ki, bu sahəni hər iki tərəfdən dəstəkləyəcəyik. Hasilat, neft kimyası, əczaçılıq, tikinti materialları və hazır tekstil malları, qida məhsulları, zərgərlik məmulatları istehsalı və şərabçılıq sahələrində onlarca yeni layihə üzərində işləyirik. Bu məqsədlə artıq cari ildə birgə investisiya fondunu işə salmaq barədə razılığa gəldik. Biz, həmçinin hökumətlərarası birgə komissiyaya sənaye kooperasiyası proqramını qəbul etməyi tapşırdıq.
Digər strateji istiqamət nəqliyyat kommunikasiyalarının inkişafıdır. Bu gün, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu ilə yük daşımaların həcmi artır. Biz yeni dəhlizləri inkişaf etdirmək, multimodal daşımaları artırmaq, ölkələrimizin nəqliyyat müəssisələri üçün əlverişli şərait yaratmaq barədə razılığa gəldik. İqlimlə bağlı təhdidlərin və ərzaq təhlükəsizliyi problemlərinin artması fonunda biz kənd təsərrüfatı sahəsində daha sıx işləmək niyyətindəyik. Elmi və innovasiya araşdırmalarını fəal surətdə bölüşəcək, aqrosektorun rəqəmsallaşdırılması üzrə qarşılıqlı fəaliyyəti nizamlayacaq, investisiya layihələrini həyata keçirəcəyik. Kənd təsərrüfatında konkret olaraq hansı sahələrdə işləmək və hansı sahələrin daha tez nəticə verməsi, hansı istiqamətlərdə bir-birimizi tamamlamaq barədə də razılaşdıq. Azərbaycanda kənd təsərrüfatında rəqəmsallaşma çox inkişaf edib və biz dedik ki, kənd təsərrüfatında rəqəmsallaşmanın bu təcrübəsini öyrənmək bizim üçün çox faydalı olardı.
Danışıqlarda regionlararası əlaqələrin fəallaşdırılmasına xüsusi diqqət yetirilib. Bu gün bizim şəhərlər və regionlar arasında birbaşa əlaqələr üçün geniş imkanlar yaradan saziş imzalanıb. Regionların birinci forumunu keçirməyi, ilk növbədə, ticarət, innovasiyalar, mədəniyyət, turizm sahələrində sıx əlaqələr yaratmağı planlaşdırırıq. Mədəni-humanitar sahədə də bizi qədimdən bağlayan ümumi cəhətlər çoxdur. Özbəkistanda Azərbaycan muğamını, Azərbaycanda isə bizim məqamları nəinki məmnuniyyətlə dinləyir, həm də ifa edirlər. Azərbaycan və özbək estradası hər iki ölkədə çox populyardır. Biz azərbaycanlı dostlarımıza təşəkkür edirik ki, bu yaxınlarda Bakıda Əlişir Nəvainin məşhur ədəbiyyatşünas Ramiz Əsgər tərəfindən tərcümə edilmiş onlarca kitabı nəşr edilib. Özbəkistanda da Azərbaycan klassiklərinin və müasir yazıçılarının əsərləri müntəzəm olaraq nəşr edilir. Bu günlərdə Daşkənddə Azərbaycanın Xalq yazıçısı Anarın yeni kitabının təqdimatı keçirilib. Hörmətli İlham Heydər oğlu ilə danışıqlar zamanı biz qarşılıqlı mədəniyyət və kino günlərinin keçirilməsi, humanitar və turizm mübadiləsi proqramının fəal inkişafı barədə razılığa gəldik.
Biz, həmçinin beynəlxalq gündəliyin aktual məsələlərinə dair fikir mübadiləsi apardıq, hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində planlar cızdıq. Birləşmiş Millətlər Təşkilatı və Türk Dövlətləri Təşkilatı, MDB, ATƏT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində dialoqun konstruktiv xarakterini və qarşılıqlı dəstəyin vacibliyini qeyd etdik.
Əziz dostlar, Azərbaycan Prezidentinin tarixi dövlət səfərinin yekunları həqiqətən sıçrayış xarakteri daşıyır. Bu gün mən qardaşım İlham Heydər oğlu ilə birlikdə bütün şərtləri formalaşdırdıq ki, gələcəkdə real nəticə alınsın, dediyim kimi, Sizin tarixi səfəriniz həqiqətən bizim strateji tərəfdaşlığımıza uyğun olsun. Biz strateji tərəfdaşlığın dərinləşməsi haqqında danışırıq. Deyirik ki, bizim bütün komanda, bütün nazirliklərimiz işə tamam başqa cür yanaşsınlar. Səmimi demək istəyirəm ki, bugünkü danışıqlardan çox məmnunam. Biz məhdud və geniş tərkibdə görüşlərdə qaldırılan bütün məsələlər barədə çox ətraflı danışdıq. Qeyd etdik ki, həm beynəlxalq, həm də regionlararası siyasətdə ikitərəfli qarşılıqlı anlaşma və ümumi yanaşmalar mövcuddur. Biz ikitərəfli münasibətlərimizə xüsusilə böyük diqqət ayırdıq.
Beləliklə, bir daha demək istəyirəm, biz hər şeyi edirik ki, güclü Özbəkistan və güclü Azərbaycan olsun. Onlar güclü olanda məcbur edəcəyik ki, bizə hörmət etsinlər və bundan ötrü bizim hər cür əsasımız var. Belə ki, bu səfər tarixi səfərdir, onun çox yaxşı əsası var və gələcəkdə biz bu əsası həyata keçirməliyik. Sizə bir daha demək istəyirəm, biz razılığa gəldik ki, noyabr ayında İlham Heydər oğlu Səmərqəndə səfər edəcək. Səmərqənddə biz nazirlərimizi bugünkü razılaşmalar barədə dinləyəcəyik. Bunu nəyə görə deyirəm? Ona görə ki, bilirsiniz, bizim çox böyük imkanlarımız var, lakin nəticə çox kiçikdir. Biz bu gün gələcək əməkdaşlığımızın ciddi perspektiv layihələri barədə razılığa gəldik. Fikrimcə, bu səfər tarixi səfərdir və danışıqlarımızdan tamamilə məmnunam. Diqqətinizə görə təşəkkür edirəm, indi isə sözü məmnuniyyətlə İlham Heydər oğluna verirəm.
x x x
Prezident İlham Əliyevin bəyanatı
- Hörmətli Şavkat Miromonoviç, icazə verin, dəvətə, mənə və Azərbaycan nümayəndə heyətinin üzvlərinə göstərilən qonaqpərvərliyə görə Sizə bir daha təşəkkürümü bildirim. Qardaş Özbəkistan torpağında olmaq, ikitərəfli münasibətlərin geniş spektrini və xarici siyasət gündəliyində duran mühüm məsələləri Sizinlə müzakirə etmək fürsətinə malik olmaq mənə çox xoşdur.
Bu gün mənim səfərim çox əlamətdar hadisədən – Daşkəndin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsinin, onun adını daşıyan meydanın və gözəl parkın açılışından başlandı. Şavkat Miromonoviç, mən Sizə atamın xatirəsinə belə münasibətə görə Azərbaycan Prezidenti kimi, Heydər Əliyevin oğlu kimi öz adımdan və bütün Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm. Biz bunu çox yüksək dəyərləndiririk. Biz gördük ki, Özbəkistanda Heydər Əliyevin xatirəsi necə sevgi ilə, necə hörmətlə yad edilir, bu, bizə çox xoşdur. Bu gün biz abidənin və meydanın açılışında çıxış etdik, Heydər Əliyev haqqında, onun Özbəkistana münasibəti haqqında danışdıq. Əminəm ki, bu gün bu münasibəti hər bir azərbaycanlı bölüşür. Mən atamın işinin davamçısı kimi, Azərbaycan Prezidenti kimi öz fəaliyyətimdə bizim ikitərəfli münasibətlərə daim xüsusi diqqət ayırıram. Bugünkü dövlət səfəri bunun əyani təsdiqidir. Səfər pandemiya ilə əlaqədar təxirə salınmışdı. Həmçinin onu diqqətlə hazırlamaq lazım idi ki, qardaşım Şavkat Miromonoviçin dediyi kimi, sıçrayış edək. Fikrimcə, bu, həqiqətən sıçrayış xarakterli səfərdir. Çünki müzakirə olunan mövzuların həm mahiyyətinə, həm formasına, həm məzmununa, bizim gəldiyimiz qərarlara əsasən bu səfər və razılaşmalar münasibətlərimizin gələcək inkişafı üçün əsas olacaq.
Dünən biznesforum çərçivəsində xeyli sənəd imzalanıb. Bu gün belə sənədlərin ümumi sayı iyirmiyə yaxındır. Şavkat Miromonoviçin dediyi kimi, Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə çox qlobal xarakter daşıyır. Bu, mahiyyətcə gələcək fəaliyyətimizin yol xəritəsidir. Orada xarici siyasətimizin prioritetləri əksini tapıb, dövlətlərimizin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub, eləcə də həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilib. Bu gün burada artıq bir neçə saat bir yerdə keçirdikdən sonra işləyəcəyimiz istiqamətləri daha da konkretləşdirdik. Tapşırıqlar verilib. Şavkat Miromonoviç artıq bu barədə ətraflı danışdı, mən həyat fəaliyyətinin müzakirə etdiyimiz istiqamətlərini təkrarlamaq istəmirəm. Əminəm ki, nəticələr olacaq. Çünki bu, prezidentlərin nəzarətindədir. Əminəm, müvafiq nazirlər, dövlət strukturlarının rəhbərləri yaxşı başa düşürlər ki, biz prezidentlər qarşıya qoyduğumuz məsələlərin yerinə yetirilməsinə nəzarət edəcək və onlardan cavab istəyəcəyik. Bu məsələlərin icrası isə ona gətirib çıxaracaq ki, ölkələrimiz arasında münasibətlər daha möhkəm olacaq, aramızda daha çox əməkdaşlıq və qarşılıqlı dəstək olacaq. Çünki bu gün Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə və sabitliyə ehtiyacı var. Bunun əsası, əlbəttə ki, liderlərin siyasi iradəsi, eləcə də iqtisadi zəminlərdir. Fikrimcə, bu gün əmtəə dövriyyəsinin artırılması, investisiya layihələri, nəqliyyat-logistika istiqamətləri, kənd təsərrüfatında əməkdaşlığın dərinləşməsi ilə bağlı layihələr barəsində əldə etdiyimiz razılaşmalar – bütün bunlar həm əmtəə dövriyyəsinin artırılması, həm də ölkələrimiz və xalqlarımız arasında daha artıq əməkdaşlıq üçün gözəl imkanlar yaradacaq.
Hərbi və hərbi-texniki sahələrdə nəzərdə tutulan əməkdaşlığı xüsusi qeyd etmək istərdim. Bu sahə hər bir ölkə üçün, xüsusən bizim ölkələr üçün prioritet əhəmiyyət kəsb edir. Bizim yerləşdiyimiz regionlar təhlükəsizliyin və müdafiə qabiliyyətinin möhkəmlənməsi məsələlərinə gündəlik diqqət tələb edir. Buna görə də, düşünürəm ki, bu gün razılığa gəldiyimiz məsələlər yerinə yetiriləcək. Biz təcrübə mübadiləsi, hərbi-texniki sahədə, müdafiə istiqamətli təhsil sahəsində əməkdaşlıq üzrə fəal əlaqə saxlayacaq, həmçinin təhlükəsizliyimizi qarşılıqlı möhkəmlədəcək addımlarımızı planlaşdıracağıq.
Bu gün Bəyannamə imzalandı. Siyasi Bəyannamə mahiyyət etibarilə bizim münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə çatdırır. Təbii ki, qarşılıqlı dəstək də olacaq – həm mövcud beynəlxalq təşkilatlar çərçivəsində, həm də ölkələrimizin və xalqlarımızın təhlükəsizliyi ilə bağlı bütün başqa məsələlər daimi diqqət tələb edir. Bu da olacaq. Ona görə ki, bundan ötrü siyasi iradə var.
Bu gün mən biz ərazi bütövlüyümüzü bərpa edərkən özbək xalqının və Özbəkistan Prezidentinin Azərbaycana göstərdiyi dəstəyi xüsusi qeyd etmək istərdim. Azərbaycanlılar bunu çox yaxşı bilir, qardaşlıq münasibətini xatırlayır və yüksək qiymətləndirirlər. Özbəkistan Prezidentinin sözləri, bizim Qələbəmiz münasibətilə təbrikləri – bütün bunlar, təbii ki, Azərbaycanda dost sözü, qardaş sözü kimi qəbul edilir. Biz bunu yüksək qiymətləndiririk və öz tərəfimizdən biz də bütün məsələlərdə Özbəkistanın, özbək xalqının yanındayıq. Bugünkü səfər buna daha bir sübutdur. Əslində, biz bu gün iqtisadi qarşılıqlı fəaliyyət, biznes strukturlarının əlaqələri, təhlükəsizlik, müdafiə qabiliyyəti ilə bağlı məsələlər, xarici siyasətlə bağlı təşəbbüslər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi, humanitar sahə ilə, mədəniyyətlə bağlı məsələlər barədə danışırıq, yəni, sözün geniş mənasında bu gün bizim gələcək aktiv qarşılıqlı fəaliyyətimizin əsası qoyulur və əminəm ki, nəzərdə tutduqlarımızın hamısı yerinə yetiriləcək.
Çıxışımın sonunda qardaş özbək xalqını qazanılmış bütün nailiyyətlər münasibətilə bir daha təbrik etmək istərdim. Biz Özbəkistanda baş verənləri diqqətlə izləyirik. Sizin uğurlarınıza sevinirik. Sevinirik ki, Şavkat Miromonoviçin başladığı islahatlar artıq nəticə verir. Aydındır ki, belə fundamental islahatlar üçün vaxt lazımdır. Lakin qısa müddətdə əldə edilənlər, əvvəla, Prezidentin iradəsindən xəbər verir, göstərir ki, özbək xalqı bu təşəbbüsləri dəstəkləyir və həmin təşəbbüslər nəticə verir. Bu, təkcə statistikada görünmür, əminəm ki, Daşkəndi ziyarət edən hər kəs bunu görür. Mən Daşkənddə əvvəllər olmuşam və bugünkü dəyişiklikləri görəndə ürəkdən sevinirəm ki, qardaş ölkə uğurla inkişaf edir, burada sülh, asayiş, sabitlik, iqtidarla cəmiyyətin vəhdəti mövcuddur – bunlar hər bir dövlətin inkişafı üçün əsas amillərdir. Əlbəttə, Prezidenti təbrik etmək istərdim ki, onun nəzərdə tutduğu işlərin hamısı yerinə yetirilir və əminəm ki, tamamilə yerinə yetiriləcək. Bu nailiyyətlər münasibətilə qardaş özbək xalqını da təbrik edirəm. Həmçinin əminəm ki, bu gün iki Prezidentin öz nümayəndə heyətlərinə verdiyi bütün tapşırıqlar yerinə yetiriləcək. Əlbəttə, onlar bilirlər ki, tələb ciddi olacaq, biz ciddi nəzarətçilərik, səhvləri bağışlamayacağıq, amma yaxşı nəticələr olsa onları tərifləməyə şad olarıq.
Hörmətli Şavkat Miromonoviç, belə xoş münasibətə, qonaqpərvərliyə görə bir daha sağ olun, qardaş özbək xalqına firavanlıq, bundan sonra da inkişaf arzu edirəm. Sağ olun.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2025-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan...
18 dekabr 2024, 15:56Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:
1. “Şahdəniz” qaz-kondensat...
18 dekabr 2024, 15:54Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə...
18 dekabr 2024, 14:34Əlahəzrət,
Qətər Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Azərbaycan-Qətər dostluq və əməkdaşlıq...
18 dekabr 2024, 11:00Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759...
17 dekabr 2024, 17:02Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı...
17 dekabr 2024, 17:00Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq və...
17 dekabr 2024, 15:21Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 may...
16 dekabr 2024, 17:21Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...
16 dekabr 2024, 17:19Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:
“Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının...
16 dekabr 2024, 17:17