Andrey Kotlyarenko, Rostov-na-Donu, Rusiya
Hörmətli cənab Prezident.
Bu məktubu Sizə Azərbaycana son səfərim zamanı aldığım təəssürata görə minnətdarlığımı bildirmək üçün yazıram. Sonuncu dəfə ölkənizdə 1986-cı ildə olmuşdum. Azərbaycanda ortaq tariximizə necə hörmətlə yanaşıldığı məni yaxşı mənada çox təəccübləndirdi. Atanız Heydər Əliyevin uyuduğu Fəxri xiyabanda rus xadimlər də dəfn olunub, onların xatirəsi burada ehtiramla yad edilir. Bakının park və meydanlarında rus şairlərinin, yazıçılarının, alimlərinin abidələri yerləşir. Rus məktəbləri, teatrları, kitabxanaları mədəniyyətlərimizi bir-birinə yaxınlaşdırır. Azərbaycanda insanlarla ünsiyyətdə mehribanlıq, səmimiyyət hiss etdim.
Cənab Prezident, mən Rostov-na-Donu şəhərinin sakiniyəm. Dost olduğum və indi də ünsiyyət saxladığım azərbaycanlılarla birlikdə Rostov Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunda oxumuşam. Onların bəziləri hazırda Rusiyada yaşayırlar. Biz İkinci Dünya müharibəsi zamanı Taqanroq şəhəri uğrunda döyüşmüş azərbaycanlıların xatirəsini hər zaman ehtiramla yad edirik. Müharibədə həlak olan azərbaycanlılara və digər millətlərin nümayəndələrinə şəhərin Sambek yüksəkliyində böyük bir abidə ucaldılıb.
Mən dövlətlərimiz arasında nəqliyyat əlaqələrinin inkişafı məsələləri ilə bağlı Azərbaycanda işgüzar səfərdə oldum. Azərbaycan bir çox beynəlxalq marşrutların qovuşuğunda yerləşir. Yükdaşımaların artırılması üçün infrastrukturun yaradılması istiqamətində apardığınız siyasət uğurlu nəticələr verməkdədir. Dəmir yolunun inkişafı, müasir logistika terminallarının tikintisi Sizin nəqliyyat məsələlərinə nə qədər çox diqqət yetirdiyinizi göstərir. Əminəm ki, bu işlərdə daha böyük uğurlar qazanacaqsınız.
Hörmətli cənab Prezident, fürsətdən istifadə edərək gözəl işlərinizə görə Sizə minnətdarlığımı bildirirəm. Sizə uzun ömür, möhkəm cansağlığı və möhtəşəm planlarınızın daha tez həyata keçməsini arzulayıram.
Hörmətlə,
Kotlyarenko Andrey.
Rusiya Federasiyası, Rostov-na-Donu şəhəri.