23 avqust 2022, 17:31

İqnat Quliyevdən, Yevlax, Azərbaycan

Hörmətli cənab Prezident.

Övladım Əhməd Quliyev Sizin rəhbərliyinizlə qalib gəldiyimiz 44 günlük Vətən müharibəsində iştirak etmişdir. O, döyüşlər zamanı beynindən zədə aldığı üçün 1 aydan çox Bakı şəhərində hərbi hospitalda müalicə olunmuş, 2022-ci ilin iyul ayından etibarən təkrar müayinədən keçmişdir və hazırda hərbi hospitalda müalicəsini davam etdirir.

Möhtərəm Prezident, Sizin sərəncamlarınızla oğlum “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Buna görə Sizə çox minnətdaram.

Övladımın hərbçi yoldaşları bildirirlər ki, həqiqətən oğlumla fəxr edə bilərəm. O, şərəflə döyüşmüş və qızğın döyüşlər zamanı ağır yaralanan əsgərlərimizin həyatını xilas etmişdir. Mən və ailəm fəxr edirik ki, bu cür vətənpərvər övlad yetişdirmişik.

Cənab Prezident, Sizin kimi güclü, cəsarətli Prezidentimiz, Ali Baş Komandanımız olduğuna görə çox şanslıyıq. Hər zaman çıxışlarınızda məmurlara tapşırıq və tövsiyələr verərək xalqa xidmət etməli olduqlarını, düzgün yol tutmayanların ağır cəzalandırılacaqlarını, heç kimin qanundan üstün olmadığını söyləyərsiniz. Bütün bunlar xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Cənab Prezident, şəhid ailələrinin, müharibə iştirakçılarının problemlərinin həllini daim diqqət mərkəzində saxlamağınız Sizin nə qədər qayğıkeş dövlət başçısı olduğunuzu bir daha sübut edir. Bütün bunlara görə Sizə sonsuz minnətdarıq.

Zati-alinizə uzun ömür, cansağlığı, dövlətimiz və xalqımız naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Allah Sizi qorusun.

Hörmətlə,

İqnat Quliyev

Vətən müharibəsi iştirakçısı Əhməd Quliyevin atası

Azərbaycan Respublikası, Yevlax şəhəri.