Emil Pənahovdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Dilindən, dinindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları beynəlxalq prinsiplərə əsaslanan hüquq və azadlıqlara, o cümlədən vicdan və dini etiqad azadlığına malikdirlər. Ölkəmizdə yaşayan bütün etnik azlıqların, həmçinin müxtəlif dini konfessiyaların öz dini-mənəvi dəyərlərini, milli adət-ənənələrini qoruyub saxlaması, dil və mədəniyyətini inkişaf etdirməsi üçün yüksək səviyyədə şərait yaradılıb.
Azərbaycan əhalisinin əksəriyyəti müsəlman olsa da, əsrlərdən bəri burada yaşayan xristianlar da özlərinin dini ibadətlərini heç bir maneə olmadan həyata keçirib, mənəvi dəyərlərini və mədəni ənənələrini yüksək səviyyədə yaşadıb, icmalarımız və ibadət evlərimiz Azərbaycan dövləti tərəfindən həmişə diqqət və qayğı ilə əhatə olunublar.
Cənab Prezident, Sizin diqqət və qayğınızı ölkəmizdəki hər bir dini icma, həmçinin biz - “Vineyard Azərbaycan” xristian dini icmasının hər bir üzvü gündəlik yaşayışında, eləcə də dini ayinlərimizi yerinə yetirən zaman hiss edirik. Dini bayramlarımızın və əlamətdar günlərin keçirilməsi ilə əlaqədar dövlətimiz tərəfindən bizə hər zaman dəstək göstərilir. Dünyanın bir çox ölkələrində olmuşam və əminliklə deyə bilərəm ki, Azərbaycan bəlkə də dünyada dini ibadət evini bu qədər rahat ziyarət etmək mümkün olan yeganə ölkədir. Bununla yanaşı, dini icmalar həm maddi, həm də mənəvi qayğı ilə əhatə olunublar.
Bizə göstərdiyiniz qayğı və diqqətə görə “Vineyard Azərbaycan” xristian dini icmasının hər bir üzvü adından Sizə sonsuz minnətdarlığımızı bildiririk. Şərəf duyuruq ki, biz belə bir ölkədə yaşayırıq. Rəbbimiz və xilaskarımız olan Uca Tanrıya minnətdarıq ki, Sizə sarsılmaz iradə və ilahi müdriklik bəxş edib. Həqiqətən də Rəbb Azərbaycanı sevir!
Rəbbimizin lütfü, sülhü və sevinci Sizə və ailənizə yar olsun. Uca Tanrıdan ailənizə xeyir-dua, xalqımıza bol bərəkət, dövlətimizə isə əmin-amanlıq diləyirik. Allah Sizi qorusun və bol xeyir-dua versin.
Hörmətlə,
Pənahov Emil.
“Vineyard Azərbaycan” xristian dini icmasının sədri.
Azərbaycan Respublikası, Bakı şəhəri.