Lyudmila İbrahimovadan, Bakı, Azərbaycan
Dəyərli Prezidentimiz.
Azərbaycan öz mədəniyyəti, tarixi, adət-ənənələri, tolerant və multikultural dəyərlərə verdiyi önəm ilə fəxr etməyə layiq ölkələrdən biridir. Ölkəmizdə bütün xalqların və dinlərin nümayəndələrinin təhlükəsizliyi, dini etiqad azadlığı təmin edilir, dini əqidəsindən asılı olmayaraq, dövlət hər bir vətəndaşına eyni dərəcədə diqqət və qayğı göstərir, insanlarımız bir-birinə tolerant yanaşırlar. Multikulturalizmin Azərbaycanda nəinki siyasi xətt, eyni zamanda, milli keyfiyyət olduğunu biz öz gündəlik həyatımızda hiss edirik. Respublikamızdakı dini konfessiyalar Vətənin dar günündə birləşməyi, həmrəy olmağı bacarır, həmçinin xoş günlərdə bir-birini dəstəkləyirlər.
Möhtərəm Prezident, Sizin sərəncamlarınızla Azərbaycanda dini qurumlara mütəmadi maliyyə yardımının göstərilməsi çox nəcib bir addım olmaqla yanaşı, ölkədə dini və milli mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlar üçün bərabər şəraitin yaradılmasının bariz nümunəsidir. Biz öz ibadətlərimizi rahatlıqla yerinə yetirə bilirik, bayramlarımızın qeyd olunması üçün dövlətimiz bizə hərtərəfli dəstək göstərir. Çox sevindirici hallardan biri də odur ki, bizə müqəddəs bayramımızı azad olunmuş ərazilərimizdə də qeyd etmək nəsib oldu. Həmçinin xoşbəxtik ki, dini abidələrimiz erməni vandalizmindən xilas edildi.
Əminəm ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan Respublikası və Azərbaycan xalqı sürətli inkişaf yolunda hələ neçə-neçə tarixi uğurlara imza atacaqdır. Bu məsuliyyətli yolda Tanrı Sizə kömək olsun!
Dərin hörmətlə,
Lyudmila İbrahimova, “Yeni Həyat” xristian dini icmasının sədri.
Azərbaycan Respublikası, Bakı şəhəri.