02 sentyabr 2022, 18:21

Səlimov Tahirmirzə və digərlərindən, Şabran, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

2020-ci il sentyabrın 27-də əks-hücum əmriniz ilə ordumuz dəmir bir yumruğa çevrildi və 44 günlük Vətən müharibəsində düşmənə sarsıdıcı zərbələr endirib onu ağır məğlubiyyətə uğradaraq 30 ildən bəri erməni işğalı altında olan torpaqlarımızı azad etdi, respublikamızın ərazi bütövlüyü təmin olundu. Qələbədən ötən müddət ərzində də ölkəmiz sürətlə inkişaf etmiş, beynəlxalq aləmdə nüfuzu daha da artmış və ciddi söz sahibinə çevrilmişdir. Əlbəttə, bunlar Sizin gərgin əməyinizin, fəaliyyətinizin sayəsində mümkün olmuşdur. Azad edilmiş ərazilərdə aparılan bərpa- quruculuq işləri bizi daha da sevindirir və qürur hissi keçiririk. Sizin qətiyyətinizin, möhkəm iradənizin və gərgin fəaliyyətinizin nəticəsində ölkəmizin hər bir regionu dinamik inkişaf mərhələsinə qədəm qoymuşdur.

Cənab Prezident, biz – Şabran rayonunun Pirəbədil, Zöhramı, Sumağava, Sumağava Qazma kəndlərinin sakinləri bu məktubu Sizə böyük minnətdarlıq hissi ilə yazırıq. Son dövrlər bu kəndləri rayon mərkəzi ilə birləşdirən avtomobil yollarının təmir edilərək asfalt örtüyünün çəkilməsi ərazinin mədəniyyət, turizm potensialının inkişaf etdirilməsi üçün böyük imkanlar açır.

“Su həyat mənbəyidir” deyirlər. Uzun müddət idi ki, 1000 nəfər əhalinin yaşadığı bu kəndlərin sakinləri içməli su sandan korluq çəkirdi. Sizin ölkə vətəndaşlarının problemlərinin həllinə diqqətiniz sayəsində bu çətinlik artıq arxada qalıb. Bu günlərdə ərazidə yaşayan əhali daha bir əlamətdar hadisəni sevinc hissi ilə qarşıladı. Kəndlərə su xətləri çəkilmiş, əhali içməli su ilə tam təmin edilmişdir. Tarixi keçmişini yaşadan, ölkə sənətkarlığına töhfə verən və yeni inkişaf mərhələsində olan bu kəndlərə göstərdiyiniz diqqət və qayğı ilə bizə yaşatdığınız sevinc hisslərimizə görə Sizə təşəkkürümüzü bildiririk. Şabran rayonunun Pirəbədil, Zöhramı, Sumağava, Sumağava Qazma kəndlərinin sakinləri adından Sizi əmin edirik ki, bizə göstərdiyiniz bu diqqət və qayğıya görə hər bir vətəndaş kimi biz də ölkəmizin inkişafı naminə əlimizdən gələni əsirgəməyəcəyik.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, ölkəmizin daha parlaq gələcəyi naminə fəaliyyətinizdə yeni müvəffəqiyyətlər diləyirik.

Şabran rayonunun Pirəbədil, Zöhramı, Sumağava, Sumağava Qazma kəndlərinin sakinləri adından hörmətlə,

Səlimov Tahirmirzə Qafar oğlu

İsmayılova Minə Nuru qızı

Cəbiyev Mikayıl Tapdıq oğlu

Seyidov Fuad Əmirşah oğlu və başqaları (11 nəfər).

Azərbaycan Respublikası, Şabran rayonu, Pirəbədil kəndi.