10 sentyabr 2022, 12:50

Fikrət Əzizov və başqalarından, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Biz, Ağdam rayonunun Ballar kənd sakinləri Sizi azad olunmuş Qarabağdan, Ağdamdan salamlayırıq.

44 günlük Vətən müharibəsində göstərdiyiniz şücaət Sizin müdrikliyinizi, qətiyyətinizi, ulu öndər Heydər Əliyevin siyasi kursuna nə qədər sədaqətli lider olduğunuzu bir daha sübut etdi.

Cənab Prezident, Sizin sərkərdəlik məharətiniz, əzmkarlığınız sayəsində ərazi bütövlüyümüz bərpa olundu və doğma Qarabağımız öz sahibinə - Azərbaycana qovuşdu. Azərbaycanın qəhrəman, tarix yazan oğulları ilə tarixi missiyanı şərəflə yerinə yetirdiniz. Başımız ucadır! Başınız daim uca olsun!

Biz kənd sakinləri artıq təsərrüfatımızda qorxusuz, rahat şəkildə çalışırıq. Daha güllə səsləri eşitmir, əkin-biçinlə məşğul oluruq. İndi biz dünənkindən ikiqat artıq çalışmalıyıq ki, iqtisadiyyatımız daha da güclənsin. Qalib ölkənin iqtisadiyyatı da möhkəm olmalıdır. Sevinirik ki, Azərbaycan hər sahədə uğurlara imza atır, dinamik inkişaf yolundadır.

Cənab Prezident, əkin sahələrinin suvarılmasında da vəziyyətimiz yaxşılaşır. Mənfur düşmən torpağımız kimi çaylarımızı da, sularımızı da işğalda saxlamışdı. Vətən müharibəsindən sonra bu problem də aradan qaldırılmışdır.

Bu günlərdə yaşadığımız kənddə Sizin və Birinci vitse-prezident Mehriban xanımın tapşırığı ilə Yaponiyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə qurulan yeni subartezian quyusu istismara verildi. Həmin subartezian quyusu kənddə olan həyətyanı sahələri və əkin sahələrini suvarmaqda bizə böyük kömək olacaq.

Cənab Prezident, Sizə və çox hörmətli Mehriban xanıma təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Qarabağ Azərbaycandır!

Ulu Tanrı Sizi qorusun!

Hörmətlə,

Ağdam rayonunun Ballar kənd sakinləri:

Əzizov Fikrət

Mustafayev Vüqar

Əliyev Telman

Cəfərov Mübariz

Həsənova Züleyxa (şəhid ailəsi)

Həsənova Sevinc

Əzizova Vəsilə

Həsənov Eyvaz

Azərbaycan Respublikası, Ağdam rayonu.