20 sentyabr 2022, 12:50

Veysəl Əliyev və başqalarından, Qax, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sizin apardığınız uğurlu siyasət və bütün sahələrdə həyata keçirdiyiniz islahatlar ölkəmizin sürətli inkişafına, xalqımızın sosial rifahının yüksəlməsinə, dövlətimizin daha da güclənməsinə xidmət edir. Bütün sahələrdə olduğu kimi, ölkəmizdə təhsil sahəsində də həyata keçirilən uğurlu layihələr, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Uğurlu gələcəyimizin təminatı olan uşaqlara, gənc nəslə göstərdiyiniz diqqət və qayğı onların təlim-tərbiyəsinə, əsl vətənpərvər kimi yetişməsinə, yüksək intellektə malik insan kapitalının formalaşmasına, ölkəmizdə milli kadr potensialının təkmilləşdirilməsi işinə böyük töhfələr verir.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasətinin həyata keçirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ölkəmizdə sosial proqramların əsas təşəbbüskarı Mehriban xanım Əliyevanın fəaliyyəti də ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Onun təşəbbüsü ilə hazırlanıb həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb", “Təhsilə dəstək"’ və digər layihələr Azərbaycanın təhsil sisteminin inkişafına mühüm təkan verir.

Respublikamızın hər yerində olduğu kimi, Qax rayonunda da regionların sosial-iqtisadi inkişafı ilə bağlı təsdiq etdiyiniz dövlət proqramları çərçivəsində müasir tələblərə cavab verən bir çox məktəb binaları tikilmiş, yaxud əsaslı təmir olunaraq şagirdlərin və pedaqoji kollektivlərin istifadəsinə verilmişdir. Bu da ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Rayonun Zakir Müslümov adına Qum kənd tam orta məktəbinin binası ötən əsrin 70-ci illərində inşa olunduğundan son zamanlar istismara yararsız vəziyyətdə idi. Sizin qayğınız nəticəsində cari ildə məktəbin yeni binasının tikintisinə başlanılmışdır. Həyata keçirilən işlər qısa zaman ərzində yekunlaşaraq müasir standartlara uyğun inşa edilən, yeni dövrün tələblərinə cavab verən, tədris avadanlıqları ilə təchiz olunan məktəb binası şagirdlərimizin və pedaqoji kollektivin istifadəsinə veriləcəkdir. Bütün bunlar bizim hər birimizi sevindirir.

Möhtərəm cənab Prezident, ölkəmizin inkişafı və vətəndaşlarımızın rifahı naminə gördüyünüz işlərə, o cümlədən kəndimizdə yeni məktəb binasının tikintisi ilə bağlı göstərdiyiniz yüksək diqqətə görə Qum kənd sakinləri, həmçinin məktəbin pedaqoji kollektivi adından Sizə və Mehriban xanıma sonsuz təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Sizə möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Qax rayonunun Qum kənd ictimaiyyəti adından

Əliyev Veysəl Qədim oğlu

Ramazanov Dibirəli Rəcəbəli oğlu

İsayev Rəşad İsa oğlu

Ramazanov Telman Arif oğlu

Mikayılov Ravil Rasim oğlu

Sultanov Zakir Sultan oğlu

Ömərov Ömər Rizvan oğlu

Əliyev Kamran İbrahim oğlu

Vəliyeva Gülər Xalid qızı

Mirzəyeva Kəmalə Seyidəhməd qızı

Azərbaycan Respublikası, Qax rayonu, Qum kəndi.