Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında İlham Əliyevin nitqi
30 iyun 2022, 11:01
-Hörmətli xanımlar və cənablar.
Hörmətli qonaqlar.
Azərbaycana xoş gəlmisiniz. Sizin hamınızı görməyə çox şadam. Ümidvaram ki, şəhərimizdə yaxşı vaxt keçirəcəksiniz.
Bu gün zənnimcə Qoşulmama Hərəkatının tarixində vacib bir tədbir keçirilir. Burada - Bakıda biz Qoşulmama Hərəkatının Parlament Şəbəkəsini yaradırıq. Həmrəylik və qarşılıqlı dəstəyin gücləndirilməsi istiqamətində əlavə bir addım olan Azərbaycanın bu təşəbbüsünü dəstəklədiyinə görə Qoşulmama Hərəkatına üzv olan dövlətlərə minnətdarlığımı bildirirəm. Azərbaycan parlamentinin səkkiz il ərzində sabiq bir üzvü olaraq, sizin sabiq həmkarınız olaraq mən parlament diplomatiyasının və parlamentlərarası münasibətlərin necə əhəmiyyət kəsb etdiyini yaxşı bilirəm. Əminəm ki, parlament şəbəkəmiz təkcə ölkələrimiz arasında həmrəyliyə töhfə verməyəcək, eyni zamanda, dünyanın müxtəlif parlament təşkilatları ilə sıx iş münasibətləri quracaq.
Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisatdır və əlbəttə ki, biz hamımız səsimizin dünya miqyasında eşidilməsini istəyirik. Parlament şəbəkəsi bizim təkcə irəli sürdüyümüz və dəstəyinizi qazandığımız yeganə təşəbbüs deyil. Digər vacib bir təşəbbüs gənclər şəbəkəsidir. Növbəti ay burada, Bakıda başqa önəmli bir tədbir, Qoşulmama Hərəkatının Gənclər Sammiti keçiriləcəkdir. Bunlar Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış addımlardır və hesab edirəm ki, bu istiqamətdə praktiki addımların atılması üçün vaxt yetişib. Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır.
Hesab edirəm ki, indi institusional inkişaf istiqamətində daha çox addımların atılması üçün düzgün vaxtdır və bu da öz növbəsində bizə beynəlxalq arenada maraqlarımızı qorumağa və əlbəttə ki, ölkələrimiz arasında həmrəyliyin gücləndirilməsinə kömək edəcək.
Azərbaycan Qoşulmama Hərəkatının nisbətən yeni üzvüdür. Biz Qoşulmama Hərəkatı ailəsinə 2011-ci ildə qoşulduq və fəaliyyətimizin ilk günlərindən bəri həmrəylik, qarşılıqlı dəstək və Bandunq prinsiplərinin təşviqinə töhfəmizi verməyə çalışmışıq. Biz Bandunq prinsipləri ilə tamamilə razıyıq və bu prinsiplərin ölkələr arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün yeganə əsas kimi qəbul edirik. Ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin işlərinə müdaxilə etməmə - bu prinsiplər bütün ölkələr tərəfindən qorunub saxlanılsaydı, heç bir müharibə, münaqişə və ədalətsizlik olmazdı. Fəaliyyətimizin ilk günlərindən Azərbaycan Qoşulmama Hərəkatının bütün təşəbbüslərinə çox fəal cəlb olunmuşdur. Hesab edirəm ki, Qoşulmama Hərəkatına sədrlik etmək üçün Azərbaycanın namizədliyinin yekdil şəkildə dəstəklənməsinin də əsas səbəbi bu idi. 120 ölkənin bu möhtəşəm yekdil dəstəyi 2016-cı ildə nümayiş etdirilmiş və 2019-cu ildə Bakıda biz Qoşulmama Hərəkatının Zirvə toplantısını təşkil edərək müvəffəqiyyətlə keçirdik və 2019-2022-ci ilə qədər sədrliyi üzərimizə götürdük. Qoşulmama Hərəkatına sədrliyimizin yenə də 120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi uzadılmasını ölkəmizə böyük bir hörmət və fəaliyyətimizin qiymətləndirilməsi əlaməti kimi qəbul edirik. Biz buna görə sizə çox minnətdarıq, sizin dəstəyinizi doğrultmaq və bunun düzgün seçim olduğunu nümayiş etdirmək üçün əlimizdən gələni edəcəyik.
Qoşulmama Hərəkatında sədrliyimiz COVID-19 ilə üst-üstə düşdü və Azərbaycan beynəlxalq arenada bu xəstəliklə mübarizədə öz rolunu fəal oynayan ölkələrdən biri idi. Biz Qoşulmama Hərəkatının onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsü ilə çıxış etdik, onu 2020-ci ilin may ayında keçirdik və bu, pandemiya ilə mübarizə ilə bağlı yaxşılaşmada səylərimizin Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən səfərbər edilməsi üçün ilkin addımlardan biri idi. Bunun nəticəsində biz 2020-ci ilin dekabr ayında uğurla keçirilmiş, COVID-19 ilə mübarizəyə həsr edilmiş BMT Baş Assambleyanın xüsusi sessiyasının çağırılması ilə bağlı üzv dövlətlər tərəfindən dəstəklənmiş təşəbbüsü irəli sürdük. Bizim səylərimiz təkcə həmrəyliyin gücləndirilməsi və dəstəyin təmin edilməsinə yönəlməmişdir, eyni zamanda, ölkələrə dəstək, tibbi və humanitar yardımla bağlı bizim məlumat bazasından istifadə etməyə başlamış Ümumdünya Səhiyyə Təşkilatı üçün də faydalı oldu.
Beləliklə, üzv dövlətlərdə yaratdığımız məlumat bazası bu pandemiya ilə və gələcəkdə baş qaldıra bilən istənilən digər xəstəliklə mübarizədə çox faydalı idi və faydalı olmağa davam edir. Biz 80-dən çox ölkəyə maliyyə və humanitar yardımı təmin etmişik. Həmçinin biz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə etmişik və bu vəsaitin yarısı Qoşulmama Hərəkatının üzv dövlətlərinə birbaşa ayrılmışdır. Beləliklə, COVID-19 ilə mübarizəyə yanaşmamızla bağlı səylərimiz zənnimcə çox mühüm qlobal təsirə malik olmuşdur. Çünki biz peyvənd millətçiliyinə qarşı açıq şəkildə etirazını bildirən ölkələrdən biri idik. Hamımızın xatirindədir ki, pandemiyanın ilk günləri və aylarında bəzi zəngin ölkələr onlara lazım olduğundan ola bilsin üç və ya dörd dəfə çox peyvəndləri tədarük edir və bununla da digər ölkələri peyvəndlərə çıxışdan məhrum edirdi. Biz hamımız digər ölkələrin çıxılmaz vəziyyətdə olduğu bir vaxtda zəngin ölkələrin peyvəndlərin mütləq əksəriyyətindən istifadə etdiyinin şahidi olduq. Buna görə də bizim peyvənd millətçiliyinə qarşı mübarizəmiz Birləşmiş Millətlər Təşkilatı tərəfindən də dəstəklənmişdir. Hesab edirəm ki, bu da vaksinlərin ədalətli paylanılmasına mühüm təsir göstərmişdir.
Başqa sözlə, Azərbaycan həmişə regional mövzular və qlobal məsələlərlə bağlı öz mövqeyini nümayiş etdirirdi və əlbəttə ki, Qoşulmama Hərəkatının sədri olaraq biz ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrıseçkiliyə qarşı mübarizə aparmağa davam edəcəyik. Biz, həmçinin Qoşulmama Hərəkatının üzv dövlətlərinin böyük dəstəyinin də şahidi olduq. Qeyd etdiyim kimi, Qoşulmama Hərəkatına sədrliyin verilməsi və sonra da onun uzadılması ilə bağlı yekdil qərar ölkələrin Azərbaycana olan münasibətini aydın nümayiş etdirirdi. Şahidi olduğumuz digər vacib bir həmrəylik əlaməti Ermənistan tərəfindən təqribən 30 illik işğaldan sonra torpaqlarımızın azad edilməsi zamanı ölkəmizin yaşadığı ən çətin dövrə təsadüf etdi. Biz öz torpağımızda savaşırdıq, biz ədaləti bərpa edirdik, beynəlxalq hüququ bərpa edirdik. Lakin əfsuslar olsun ki, bəzi ölkələr bizə qarşı kampaniyaya - qarayaxma, böhtan və şantaj kampaniyasına başladılar.
Təəssüflər olsun ki, bu, sadəcə, şifahi kampaniya və ya ictimai ittihamlar deyildi. Bəzi ölkələr bizim bu haqq işimizi BMT, onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhd etdi. Lakin həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dostlarımız anti-Azərbaycan mahiyyətli bəyanatı blokladılar. Azərbaycana qarşı ittihamı blokladılar və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular. Biz bu həmrəyliyə görə sizə minnətdarıq.
Bir daha qeyd etmək istəyirəm ki, biz ədaləti bərpa edirdik. Azərbaycan dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biri idi. Ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi etnik təmizləmə ilə nəticələndi. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Bizim tarixi və dini irsimiz erməni işğalçıları tərəfindən yer üzündən silinib. Bu gün azad olunmuş ərazilərə səfər edənlər bu barbarlığın və vandalizmin şahidi ola bilərlər. Məscidlərimizin təhqiri, mədəni və dini abidələrimizin dağıdılması – bunlar faktlardır və bunu heç kəs görməzdən gələ bilməz. Ermənipərəst qüvvələr nə qədər də bunu görməzdən gəlməyə çalışsalar da, buna müvəffəq ola bilmirlər. Çünki artıq minlərlə, bəlkə on minlərlə insan, o cümlədən xarici qonaqlar, siyasətçilər, parlament sədrləri və üzvləri, jurnalistlər, ekspertlər və sıravi insanlar azad edilmiş ərazilərə səfər ediblər.
Biz bu münaqişəyə son qoyduq, ədalət və beynəlxalq hüququ bərpa etdik. 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının Zirvə toplantısındakı çıxışımda qeyd etmişdim ki, biz ədaləti və beynəlxalq hüququ müdafiə edəcəyik. Biz bunları bərpa edə bilməməyin, başqalarından asılı olmağın nə olduğunu yaxşı bilirdik. Biz uzun illər, təqribən 30 il ərzində bunu gözləyirdik. Gözləyirdik ki, beynəlxalq ictimaiyyət ədalətsizliyə və işğala son qoyulmasına yardım edəcək. Bu məqsədlə ATƏT 1992-ci ildə Minsk qrupunu təsis etdi və o, bu münaqişənin həll yolunu tapmalı idi. Yəni, işğala son qoyulmalı idi. Əksinə, Minsk qrupu bu münaqişənin əbədi olmasını istəyənlərin əlində alətə çevrildi.
Bu gün Azərbaycanın münaqişəni həll etməsindən, işğala son qoymasından, özünün ərazi bütövlüyünü hərbi-siyasi yollarla bərpa etməsindən sonra Minsk qrupuna ehtiyac yoxdur. Biz Minsk qrupuna artıq əlvida demişik. Təəssüflər olsun ki, Ermənistan və digərləri onu həyata qaytarmağa çalışır. Lakin bu, mümkünsüzdür. O artıq ölüb. İşğaldan əziyyət çəkmiş ölkə kimi biz bunu açıq şəkildə bəyan edirik. Düşünürəm ki, ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda, regionda mümkün sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir.
2020-ci il noyabrın 10-da 44 gün sürən Vətən müharibəsi nəticəsində Ermənistan kapitulyasiya etməyə və məğlubiyyətini etiraf etməyə məcbur oldu. Daha sonra döyüş meydanında azad edilməmiş digər rayonlardan çıxmağa məcbur edildi. Bunu etməyə bizə, sadəcə, 44 gün kifayət etdi. Ancaq biz bunu 30 ilə yaxın gözlədik. İşğal illəri dövründə, müxtəlif beynəlxalq tədbirlərdə çıxış edərkən mən Ermənistana qarşı sanksiyaların tətbiqinə çağırırdım. Deyirdim ki, bu problemin dinc həllinin yeganə yolu Ermənistana qarşı sanksiyaların tətbiqidir. O sanksiyalar ki, səmərəli olacaq və onların iqtisadiyyatına sarsıdıcı təsir göstərəcək. Əfsuslar olsun ki, heç bir sanksiya tətbiq edilmədi və əksinə, Ermənistan Azərbaycanla müqayisədə bəzi ermənipərəst siyasətçilərdən getdikcə daha çox dəstək alırdı.
Gördüyümüz kimi, Minsk qrupunun fəaliyyətinin yeganə məqsədi münaqişəni dondurmaq və torpaqlarımızı əbədi işğal altında saxlamaqdan ibarət idi. Biz həmin siyasətə son qoyduq, güc və siyasi müdriklik sayəsində torpaqlarımızı azad etdik.
Deyə bilərəm ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı vəziyyət təkcə regional deyil, qlobal məsələdir. Çünki bu, təkcə beynəlxalq hüququn təməl prinsiplərinin tam pozulması deyil, həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kobud pozulması və onlara məhəl qoyulmaması halı idi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir ki, orada erməni qoşunlarının bizim ərazimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Sual olunur ki, niyə bu qətnamələr icra edilmədi? Buna cavab verə bilən yoxdur və ya cavab vermək istəmir. Növbəti sual ondan ibarətdir ki, niyə BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün içərisində icra olunur, bizə gəldikdə onlar 28 il ərzində kağız üzərində qalır? Əgər cəsur azərbaycanlı hərbçilər torpaqlarımızı azad etməsə idi həmin qətnamələr yəqin ki, daha 28 il ərzində kağız üzərində qalacaqdı.
Bu, BMT-nin və onun Təhlükəsizlik Şurası çərçivəsində islahatların aparılması məsələsini gündəmə gətirir. Çünki qətnamələr icra edilmirsə, onları qəbul etməyin nə mənası var. Biz islahatların tərəfdarıyıq və hesab edirəm ki, bu, Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində müzakirə olunmalı və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin siyasi üstünlük əsasında icra edilməsinə son qoyulmalıdır.
Ümumilikdə, hər kəsə məlumdur ki, Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Hesab edirəm ki, biz səylərimizi səfərbər edərək potensialı və həmrəyliyi gücləndirməli, vahid mövqedən çıxış etməliyik. Bilirəm ki, bəzi üzvlər arasında müəyyən problemlər var. Düşünürəm ki, Qoşulmama Hərəkatı həmin problemlərin həlli yolunu tapmaq üçün platforma ola bilər. Həmçinin ölkələrimizin maraqlarının müdafiəsi üçün platforma rolunu oynaya bilər. Çünki Qoşulmama Hərəkatının bir çox üzvü oxşar tarix və problemlərə malikdir. Bir çox hallarda ədalətsizliklə üzləşib və öz milli maraqlarını müdafiə etməyə çalışır. Biz bunu birlikdə edə bilərik və bunu daha səmərəli edə bilərik. Biz məhz bunun tərəfdarıyıq.
Beləliklə, Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatımızın institusional inkişafına və bəlkə də müəyyən mərhələdə onu təşkilata çevrilməsinə yönəlib. Bilirəm ki, Qoşulmama Hərəkatının tarixində bununla bağlı müzakirələr olub və bəlkə də bu müzakirələri yenidən başlamağın vaxtı çatıb. Çünki bu gün biz dünyada qlobal qütbləşmənin, müharibənin, münaqişənin, proqnozlaşdırıla bilinməyən vəziyyətin, ərzaq, enerji və humanitar böhranların şahidi oluruq. Hesab edirəm ki, Qoşulmama Hərəkatı təkcə ölkələr üçün maraqlarını müdafiə etmək və bir-birini dəstəkləmək platforması deyil, beynəlxalq arenada daha fəal rol oynamaq üçün platforma da ola bilər. Azərbaycan olaraq biz bunu görmək arzusundayıq və ümid edirəm ki, bizim hörmətli qonaqlarımız, Qoşulmama Hərəkatına üzv ölkələrin parlamentlərinin nümayəndələri bu işə töhfə verəcək və əlbəttə ki, mən də Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçıları ilə məsləhətləşmələrimi davam etdirəcəyəm.
Əziz dostlar bizimlə olduğunuza görə sizə təşəkkür edirəm. Ənənəvi Azərbaycan qonaqpərvərliyini göstərmək üçün əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, bu konfrans təkcə çox məhsuldar deyil, həm də ünsiyyət və sıx təmasların qurulması baxımından da yaxşı fürsət olacaqdır. Nəticədə isə biz həmrəylik, qarşılıqlı dəstək və təsisatlarımızın gücləndirilməsində tərəqqinin şahidi olacağıq.