Laçın rayonundan olan müharibə veteranları və qazilərdən, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Siz müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin layiqli davamçısı olaraq hər zaman xalqımızın böyük inam və etimadını qazanmış, bu gün də uğurlu daxili və xarici siyasətiniz, yorulmaz fəaliyyətinizlə hər bir vətəndaşın olduğu kimi, biz laçınlı müharibə veteranları və qazilərin də qəlbini fəth edən bir Liderə çevrilmisiniz.
İşğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda 44 günlük Vətən müharibəsi zamanı Sizin Ali Baş Komandanlığınız altında şanlı Ordumuzun rəşadəti və tarixi Zəfəri bütün dünyaya gücümüzü, kimliyimizi bir daha nümayiş etdirdi. Bu tarixi Qələbəmiz sayəsində 30 ilə yaxın həsrət qaldığımız doğma yurd-yuvamıza yenidən qayıtmaq hissinin ifadəsi nə qədər mümkünsüz olsa da, hər qarışında şəhidlərimizin qoxusu, igidlərimizin ayaq izləri olan o müqəddəs Vətən torpaqlarımızı azad görmək bütün azərbaycanlılar kimi, biz laçınlılarda da böyük qürur, xoşbəxtlik və sevinc hissi yaratdı.
Cənab Prezident, Sizin sentyabrın 21-də doğma yurdumuz Laçına etdiyiniz səfər, o torpaqları qarış-qarış gəzərək məğrur duruşunuzla verdiyiniz mesajlar düşmənə gözdağı, bizlərə isə hədsiz qürur və fəxarətdir. Öz əzminiz və uğurlu fəaliyyətiniz sayəsində, qəhrəman ordumuzun azad etdiyi yurd yerlərimizdə tezliklə firavan, xoşbəxt həyatın başlayacağı günü səbirsizliklə gözləyirik.
Biz laçınlı müharibə veteranları və qazilər adından Sizə sonsuz minnətdarlığımızı, dərin sevgi və ehtiramımızı bildirir, müstəqil Azərbaycanın gələcəyi naminə yorulmaz fəaliyyətinizdə yeni müvəffəqiyyətlər arzu edirik.
Hörmətlə,
Laçın rayon müharibə veteranları və qaziləri adından:
Əliyev Fəxri Rəşid oğlu
Nəbiyev Hüseyn Niyaz oğlu
İlyasov Raul Nazim oğlu
Əhmədov Ağaxan Avağat oğlu
Alıyev Novruz Elxan oğlu
Yusifov Şamo Fikrət oğlu
Quluyev İlqar Nadir oğlu
Azərbaycan Respublikası, Ağcabədi rayonu.