24 sentyabr 2022, 11:36

Zakir Fərəcovdan, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Bu gün biz laçınlılar həyatımızın ən xoşbəxt, qürurlu günlərini, sözlə ifadə oluna bilməyən şərəfli dəqiqələrini, sevincli anlarını yaşayırıq. Azərbaycanın hər bir guşəsi bizə doğma və əzizdir. Ancaq etiraf edirik ki, doğulub boya-başa çatdığımız, 28 il əsarətdə olan, ulularımız uyuyan laçının yağı düşməndən azad edilməsi və sentyabrın 21-də orada məhz Sizin tərəfinizdən Azərbaycan Bayrağının qaldırılması bizim üçün tamam başqa bir hissdir.

İcazə verin, bu müqəddəs hissi bizə yaşatdığınıza görə Laçın rayonunun ucqar kəndində böyüyüb boya-başa çatmış bir laçınlı kimi öz adımdan, eləcə də bütün laçınlılar adından Sizi təbrik edim, bu sonsuz sevinc hissinə görə Sizə dərin təşəkkürümüzü bildirim.

Möhtərəm cənab Prezident, Sizin sərkərdəlik şücaətiniz, liderlik bacarığınız nəticəsində biz laçınlıların taleyində yeni bir həyat başlayır. İnanırıq ki, ulu öndər Heydər Əliyev ötən əsrin 70-ci illərində dağlar qoynunda necə abad, inkişaf etmiş, gözəl bir şəhərə çevirmişdisə, Siz də qısa müddətdə Laçını bərpa edəcək, çiçəklənən müasir bir şəhərə və turizm zonasına çevirəcəksiniz. Sentyabrın 21-də Sizin Laçına səfəriniz, başlatdığınız böyük işlər bizdə bu inamı daha da gücləndirir. Biz əminik ki, Sizin Laçında ucaltdığınız müqəddəs Azərbaycan Bayrağı əbədi dalğalanacaqdır.

Möhtərəm cənab Prezident, biz laçınlılar hər zaman Sizinlə olmuşuq, bundan sonra da Sizinləyik. Siz Laçını, Zəngəzuru, Azərbaycanı dirçəltdiniz. Bizə bu sevinci və qürurverici günləri yaşatdığınıza görə Sizə sonsuz minnətdarlığımızı bildiririk. Ulu Tanrıdan Sizə, çox hörmətli Mehriban xanıma uzun ömür, möhkəm cansağlığı arzulayır, xalqımızın və dövlətimizin xoşbəxt gələcəyi naminə həyata keçirdiyiniz mühüm tarixi missiyada yeni-yeni uğurlar arzulayırıq.

Allah Sizi və ailənizi qorusun.

Dərin hörmətlə,

Zakir Fərəcov

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.