Aminə Kərəmlidən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Sizin məqsədyönlü siyasətiniz və komandanlığınızla 44 günlük Vətən müharibəsində əldə edilən Zəfərdən sonra da Azərbaycan Ordusunun uğurları ardıcıl olaraq davam etdi. Ermənistanın təxribatına cavab olaraq sentyabrın 12-də baş verən hərbi əməliyyatlar zamanı qazandığımız yeni uğurlar Sizin böyük sərkərdə olduğunuzu bir daha sübut etdi.
Cənab Prezident, sentyabrın 21-də Laçın şəhərinə səfəriniz zamanı Azərbaycanın Dövlət Bayrağını ucaltmağınızla, oradakı qətiyyətli çıxışlarınızla biz laçınlılara böyük qürur hissi və sevinc bəxş etdiniz.
Bir müəllim olaraq qeyd etmək istərdim ki, bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də Sizin daim diqqət və qayğınızı görmüşük. Laçın şəhərinə Müzəffər Ali Baş Komandan kimi səfəriniz zamanı, ilk növbədə, Laçın şəhər 2 nömrəli tam orta məktəbin və Zabux kənd orta məktəbinin bərpası üçün verdiyiniz Sərəncam bu diqqət və qayğının bariz nümunəsidir.
Cənab Prezident, yaxın vaxtlarda müəllim fəaliyyətimi doğma Laçın şəhərində davam etdirəcəyim günü səbirsizliklə gözləyirəm. 30 il həsrətində olduğumuz Laçın şəhərində yenidən həyatın canlanmasında, mənfur düşmənin viran qoyduğu ata-baba yurdlarımızda apardığınız irimiqyasli bərpa işlərində Sizə uğurlar arzu edirəm.
Möhtərəm cənab Prezident, bu xoşbəxtliyi bizə bəxş etdiyiniz üçün Sizə dərin təşəkkürümü bildirirəm.
Hörmətlə,
Kərəmli Aminə Kərəm qızı
Laçın rayon 18 nömrəli tam orta məktəbin Əməkdar müəllimi
Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu.