29 sentyabr 2022, 16:15

Nəsibə Abdullayevadan, Daşkənd, Özbəkistan

Hörmətli cənab Prezident.

Məni Azərbaycanın “Xalq artisti” yüksək fəxri adı ilə təltif etdiyiniz üçün Sizə və bütün qardaş Azərbaycan xalqına səmimi minnətdarlığımı bildirmək istəyirəm.

Mən bu mükafatı özbək xalqına, incəsənətimizə hörmətin, ölkələrimiz arasında dostluq əlaqələrini möhkəmləndirmək istəyinin növbəti parlaq təzahürü kimi böyük sevinclə qəbul etdim.

42 illik yaradıcılıq fəaliyyətim ərzində 600-dən çox mahnını tamaşaçılara təqdim etmişəm. Repertuarımda çoxlu Azərbaycan xalq mahnıları var ki, onlar tamaşaçılar tərəfindən çox sevilir və məmnuniyyətlə dinlənilir.

Mən Azərbaycanın mədəniyyət xadimlərinin yaradıcılığını daim yaxından və heyranlıqla izləmişəm və onları öz müəllimlərim hesab etmişəm.

Hələ də Üzeyir Hacıbəyli, Tofiq Quliyev, Səid Rüstəmov və digər görkəmli Azərbaycan bəstəkarlarının mahnılarını ifa edərkən xüsusi həyəcan və sevinc hissi keçirirəm.

Mən bu illər ərzində Zeynəb Xanlarova, Akif İslamzadə, Alim Qasımov kimi tanınmış Azərbaycan sənətkarları ilə yaradıcı ünsiyyətdə olduğum üçün xoşbəxtəm. Tərcüməçi olmasa belə, bir-birimizi belə yaxşı başa düşməyimiz təsadüfi deyil. Axı özbək və Azərbaycan xalqlarının dili, mədəniyyəti, adət-ənənələri eyni kökdəndir.

Yaradıcılığım dövründə Azərbaycanın 40-a yaxın şəhərində, o cümlədən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Astara və digər şəhərlərdə solo konsertlərlə çıxış etmişəm. Tamaşaçıların alqışlarını, mənə olan isti münasibətini minnətdarlıqla xatırlayıram. Azərbaycan televiziyasının müxtəlif kanallarında mənim yaradıcılığımla bağlı bir neçə dəfə verilişlər, həmçinin çıxışlarım yayımlanıb.

Ölkəmizin Prezidenti, hörmətli Şavkat Mirziyoyevin səyləri və Sizin siyasi iradəniz sayəsində son illər xalqlarımız arasında dostluq və qardaşlıq münasibətləri tamamilə yeni səviyyəyə yüksəlmişdir.

İki dövlət arasında mədəni əlaqələrin fəal inkişafı bizə unikal milli sənətimizi daha yaxından öyrənməyə, bir-birimizi daha yaxından tanımağa imkan verir. Biz incəsənət xadimləri də buna hədsiz sevinir və belə sıx əməkdaşlığın fəal şəkildə davam etdirilməsinin tərəfdarıyıq.

Fürsətdən istifadə edərək bir daha Zati-alinizə minnətdarlığımı bildirir, Sizə və dost Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram.

Dostluğumuz əbədi olsun.

Hörmət və ehtiramla,

Nəsibə Abdullayeva

Azərbaycanın və Özbəkistanın Xalq artisti

Özbəkistan Respublikası, Daşkənd şəhəri.