Kamoliddin Urinbayevdən, Daşkənd, Özbəkistan
Hörmətli cənab Prezident.
Məni “Dostluq” ordeni ilə təltif etdiyinizə görə Sizə səmimi minnətdarlığımı bildirirəm. Bu yüksək mükafatı almaq təkcə mənim üçün deyil, həm də həmkarlarım, Özbəkistan Dövlət Simfonik Orkestri və Dövlət Konservatoriyası üçün böyük şərəfdir. “Dostluq” ordeni özbək və Azərbaycan xalqları, ölkələrimizin mədəniyyət xadimləri arasında böyük və möhkəm dostluğun daha bir rəmzinə çevriləcəkdir.
Bütün dövrlərdə musiqi digər sənət növləri kimi insanlar və dövlətlər arasında dostluq körpülərinin qurulmasına kömək etmişdir. İncəsənətin gücü iki böyük mədəniyyətin – Azərbaycan və özbək mədəniyyətlərinin münasibətində dolğun şəkildə üzə çıxır. Onların zəngin tarixi var. Onların görkəmli xadimləri dünya mədəniyyətinin inkişafına böyük töhfələr veriblər. Onların ümumi dəyərləri və oxşar ənənələri var.
Özbəkistanda Azərbaycan mədəniyyətinə böyük hörmətlə yanaşılır. Azərbaycan bəstəkarlarının əsərləri geniş populyarlıq qazanır. Orkestrimizin repertuarında Azərbaycan musiqisi xüsusi yer tutur. Biz həmişə Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Hacı Xanməmmədovun, Səid Rüstəmovun, Tofiq Quliyevin və bir çox başqa bəstəkarların əsərlərini və təbii ki, nadir Azərbaycan xalq musiqisini ifa etməkdən məmnunuq.
2018-ci ildə orkestrimiz Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konsertdə iştirak etmişdir. Tamaşalar böyük uğurla keçdi və ictimaiyyət tərəfindən geniş və hərarətlə qarşılandı.
Bu ilin iyun ayında Özbəkistan Dövlət Konservatoriyasının 85 illik yubiley tədbirləri çərçivəsində Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kəriminin başçılıq etdiyi Azərbaycan nümayəndə heyətini qəbul etdik. Təhsil müəssisələrimiz arasında Memorandum imzalanıb, iki komanda arasında əməkdaşlığın və dostluğun genişləndirilməsinə yönəlmiş bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Özbəkistan Dövlət Simfonik Orkestrinin kollektivi, məmnun tamaşaçılarımız Azərbaycan sənətçilərini ölkəmizin səhnələrində görmək və eşitmək istəyirlər. Eyni zamanda, Azərbaycanın şəhərlərində konsertlər vermək bizim üçün xoş idi. Bu, xalqlarımızın daha da yaxınlaşmağına zəmin yaradacaqdır.
Sizə bir daha öz minnətdarlığımı bildirirəm. Bütün Azərbaycan xalqına firavanlıq və tərəqqi arzulayıram.
Ehtiramla,
Kamoliddin Urinbayev
Özbəkistan Dövlət Konservatoriyasının rektoru, Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, Özbəkistanın Əməkdar artisti
Özbəkistan Respublikası, Daşkənd şəhəri.