03 oktyabr 2022, 18:45

Rəna Mustafayeva və Anaxanım Sultanovadan, Tovuz, Azərbaycan

Hörmətli cənab Prezident.

Tariximizə bənzərsiz siyasi xadim, qurtuluş dahisi, Azərbaycan adlı şah əsərin müəllifi və baş memarı, müasir müstəqil dövlətçilik tariximizin banisi olaraq daxil olmuş ulu öndər Heydər Əliyevin layiqli davamçısı kimi Sizin 2003-cü ildən xalqımızın istək və arzularına uyğun olaraq xilaskarlıq missiyasını öz üzərinizə götürüb həyata keçirdiyiniz uğurlu daxili və xarici siyasətin nəticəsidir ki, Azərbaycan Respublikası dünyanın ən sabit, təhlükəsiz ölkələrindən birinə çevrilmiş, iqtisadi-sosial tərəqqiyə, hərbi-siyasi üstünlüyə nail olmuşdur.

Sizin davam etdirdiyiniz Heydər Əliyev siyasi kursu yeni bir mərhələyə qədəm qoyaraq yüksək zirvələr fəth etmiş, xalq-iqtidar birliyini daha da möhkəmləndirmişdir. Bu uzaqgörən siyasət 30 ildən artıq müddətdə erməni işğalına məruz qalmış doğma Qarabağımızın azad edilməsi ilə nəticələndi.

Möhtərəm Prezident, 44 günlük Vətən müharibəsində mənim oğlum da qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksəlmişdir. Biz şəhid ailələri böyük qürur hissi keçiririk ki, qəhrəman oğullarımız ulu öndər Heydər Əliyevin vaxtilə vətənpərvərlik haqqında gənclərimizə söylədiyi fikirlərdən ruhlanaraq onu özlərinin həyat prinsipi elan etmiş, dövlət himnimizdə qeyd edildiyi kimi, Vətən yolunda can verməyə, qan tökməyə hazır olmuşlar. Gənclərimizdə vətənpərvərlik ruhu Sizin prezidentliyiniz dövründə daha da artmışdır. Torpaqlarımızın azad edilməsi uğrunda onların nümayiş etdirdiyi şücaət buna əyani sübutdur.

Əziz Prezident, Siz şəhid ailələrinə, qazilərə çox böyük diqqət və qayğı göstərirsiniz. Bu yaxınlarda bu diqqət və qayğının bir daha şahidi oldum. Mən bir şəhid anası olaraq həyətimizin abadlaşdırılması ilə bağlı müraciət etmişdim. Müraciətimdən dərhal sonra müvafiq qurumlar tərəfindən lazımi tədbirlər görüldü. Sizə təşəkkür edirəm. Eyni zamanda, oğlumun 96 yaşlı nənəsi Sizə minnətdarlığını bildirir.

Biz Sizinlə fəxr edirik, Sizin siyasətinizi ürəkdən dəstəkləyirik.

Allah əbədiyaşar Heydər Əliyevə rəhmət eləsin.

Ulu Tanrı Sizi və ailənizi qorusun.

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Mustafayeva Rəna Teymur qızı - şəhid anası

Sultanova Anaxanım Şaban qızı - şəhidin nənəsi

Azərbaycan Respublikası, Tovuz rayonu, Dönük-Qırıqlı kəndi.