Qaraxan Qarayevdən, Sumqayıt, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Sizə Yardımlı rayonunun Zəngələ kənd sakini, 4 şəhid babası olan Qaraxan Qarayev yazır.
Sizin rəhbərliyinizlə bu yaxınlarda şanlı Azərbaycan Ordusunun erməni təxribatlarına verdiyi tutarlı cavablar, gərgin döyüşlərdə hərbçilərimizin göstərdiyi şücaət bir vətəndaş kimi məni də çox sevindirir.
Möhtərəm Prezident, 2022-ci il sentyabrın 13-də düşmən təxribatları nəticəsində Kəlbəcər rayonu istiqamətində gedən döyüşlər zamanı mənim dördüncü şəhid nəvəm Qarazadə Nicat Malik oğlu da qəhrəmancasına şəhid oldu.
Şəhidlərimizin dəfn mərasiminə, ümumilikdə şəhid ailələrinə göstərilən diqqət və qayğıkeşlik bizə təskinlik verir. Belə diqqət, səmimi qayğı bizi daha da ruhlandırır, gələcəyə inamımızı daha da artırır.
Cənab Prezident, bütün Ceyranbatan sakinləri və şəxsən öz ailəmiz adından Sizə sonsuz təşəkkürümüzü bildiririk.
Allah Sizi və qüdrətli Ordumuzu qorusun, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.
Hörmətlə,
Qarayev Qaraxan Həzi oğlu
Yardımlı rayonunun Zəngələ kənd sakini
Azərbaycan Respublikası, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi.