05 oktyabr 2022, 11:04

Gülsüm İbrahimovadan, Quba, Azərbaycan

Əziz və hörmətli Prezidentimiz.

Öncə, dünyada tayı-bərabəri olmayan gözəl Qarabağımızı işğaldan azad edib, dünya boyda sevinci xalqımıza bəxş etdiyinizə görə Sizə minnətdarlığımı və sonsuz təşəkkürümü bildirirəm. Tanrı Sizi, ailənizi, övladlarınızı və xalqımızı qorusun.

Əzəli və əbədi torpaqlarımız uğrunda gedən 44 günlük Vətən müharibəsindən sonra Sizin təşəbbüsünüzlə yaradılmış “YAŞAT” Fondu şəhid ailələrinə və qazilərimizə böyük dəstək göstərməkdədir. İlk ianəni Siz etdiniz və vətənpərvər xalqımız da bu təşəbbüsə qoşuldu. ”YAŞAT” Fonduna göndərdiyim ianə və şagirdlərimlə birlikdə əsgərlərimizə yazdığımız sevgi dolu məktublar mənim üçün də bir təsəlli oldu.

Müharibə dövründə hər gün Sizdən – Ali Baş Komandanımızdan şad xəbərlər gözləyirdik. Şuşanın geri qaytarılması xəbəri sevincimizin pik nöqtəsi oldu.

Ölkəmizin iqtisadiyyatının sürətli inkişafı, hərbi gücünün davamlı olaraq artırılması, xalqın rifah halının yüksəldilməsi, yol infrastrukturunun yüksək səviyyədə qurulması, ən ucqar kəndlərə qaz xəttinin çəkilməsi Sizin yorulmadan çalışmağınızın bariz nümunələrdir.

Hörmətli Prezidentimiz, ötən ilin dekabr ayında Quba rayonunun Qonaqkənd qəsəbəsində oldunuz. Yeni inşa edilmiş Quba-Qonaqkənd avtomobil yolunun, Mədəniyyət Evinin açılışında ailəliklə iştirak etməyiniz Sizin bir daha xalqın yanında olduğunuzu göstərdi.

Mən, Quba-Qonaqkənd avtomobil yolunu, yol boyunca salınmış yeni körpüləri ilk dəfə görəndə çox sevindim və Sizə, ailənizə çox dualar etdim. İnanın ki, eynilə mənim təsəvvürümdə yaratdığım körpülər inşa olunmuşdur. Hər dəfə kəndə gedəndə kəndimizin Mədəniyyət Evinin yavaş-yavaş dağıldığını görəndə ürəyim sızlayırdı, təəssüf hissi keçirirdim. Uzun illər öncə Azərbaycanın Xalq şairi Səməd Vurğun və Rusiyanın romantik şairi Mixail Lermontov həmin Mədəniyyət Evinin səhnəsində çıxışlar etmişlər. Mənim ata yurdum Mədəniyyət Evinə çox yaxın olduğundan orada keçirilən tədbirlərin, konsertlərin, kino verilişlərinin tamaşaçısı olmuşam.

Çox xoşbəxtik ki, Sizin kimi xalqının yanında olan Prezidentimiz, qalib Sərkərdəmiz var. Allah Ulu Öndərimiz Heydər Əliyevə, müqəddəs torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Tanrı Sizi və qorxubilməz igid əsgərlərimizi qorusun. Amin.

Hörmətlə,

İbrahimova Gülsüm Nizami qızı

Azərbaycan Respublikası, Quba rayonu, Qonaqkənd qəsəbəsi.