06 oktyabr 2022, 17:30

Mübariz Cəfərovdan, Ağdam, Azərbaycan

Cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sizin müdrik siyasətinizlə, dəmir iradənizlə, mahir sərkərdəlik məharətinizlə, hər şeydən öncə ulu öndər Heydər Əliyev siyasi kursuna sədaqətiniz sayəsində Qarabağımız yağı düşmən tapdağından azad olunub, öz azadlığına qovuşdu. Azad olunmuş yerlərdə üçrəngli bayrağımız qürurla dalğalanır. Daha o yerlərə uzaqdan xəcalətlə baxmırıq. Hər qarış torpağı şəhid qanı ilə yoğrulan o müqəddəs yerlərdə artıq quruculuq, abadlıq işləri aparılır. Azərbaycanın yeni tarixini yazan şəhidlərimizin də ruhu şaddır. Çünki Azərbaycan öz ərazi bütövlüyünü bərpa edibdir. Bu bizim şanlı tariximizdir.

Ölkəmizdə həyat hər gün yaxşılığa, firavanlığa doğru dəyişir. Artıq Qarabağ inşaat meydanına çevrilib. Ağdamın çoxzolaqlı zəfər yolu sürətlə çəkilir. Bütün bunlar bizi sevindirir, fərəhləndirir, gələcəyə nikbin gözlə baxmağa sövq edir. Bunları bizə bəxş edən Sizsiniz, cənab Prezident.

Ağdam rayonu da Sizin qayğı və diqqətinizlə öz simasını, görkəmini dəyişir. Kəndlərimiz yeni inkişaf mərhələsindədir. Bir sıra kəndlərlə yanaşı, mənim yaşadığım Üçoğlan kəndinin yolları da asfaltdır. “Abad kənd yolundan bəlli olar” - deyiblər. Hər sahədə, təhsildə, səhiyyədə, mədəniyyətdə, kənd təsərrüfatında dinamik inkişaf biz sadə adamları daha da sevindirir. Yeni məktəblərin tikintisi, köhnələrin əsaslı təmiri göz oxşayır. Pay torpaqlarımızın suvarılmasında vəziyyət yaxşılaşdığı üçün bol məhsul yetişdirmişik. Bu yaxınlarda kəndimizdə yeni subartezian quyusu qazılaraq istifadəyə verildi. İqtisadi qüdrətimiz artıb deyə əhalinin, biz sadə adamların güzəranı yaxşılaşıb. Şəhid ailələrinə, qaziləmizə həssaslıqla yanaşılır, diqqətlə, qayğı ilə əhatə olunublar. Sizin və Mehriban xanımın bu təbəqəyə həssas, isti münasibəti hər kəs üçün örnəkdir.

Cənab Prezident, mən sadə bir vətəndaş olaraq seyr etdiyim yaxşı işlərlə əlaqədar Sizə təşəkkürümü çatdırmağı özümə borc bildim.

Tanrı Sizi qorusun.

Hörmətlə,

Cəfərov Mübariz Əsgər oğlu

Azərbaycan Respublikası, Ağdam rayonu, Üçoğlan kəndi.