11 oktyabr 2022, 16:15

Rəna Abdullayevadan, Yevlax, Azərbaycan

Möhtərəm cənab Prezident.

Siz ümummilli lider Heydər Əliyevin layiqli varisi, dövlətimizi sevmək, dövlətçiliyimizi qorumaq naminə etdiyi xidmətlərin əvəzsiz davamçısısınız.

Mən bir ziyalı və Azərbaycan vətəndaşı olaraq, Sizin daxili və xarici siyasətinizi daim dəstəkləmişəm. Siz, 30 ildən artıq mənfur düşmən əsarətində olan torpaqlarımızın azad edilməsində müstəsna xidmətləri olan bir dövlət başçısı və Ali Baş Komandan kimi xalqın böyük sevgisini qazanmaqla yanaşı, hegemon dünya dövlətlərinin heyrət və təəccübünə səbəb oldunuz. Zəfərimiz Şərq tarixində analoqu olmayan bir hadisədir.

Siz Prezident seçildikdən sonra dövlət proqramları çərçivəsində ölkədə çox böyük işlər gördünüz, güclü islahatlar apardınız. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində görülən işlər Azərbaycanı laləzara çevirdi.

Ölkə əhalisinin sağlamlığını qorumaq üçün icbari tibbi sığorta üzrə pilot layihə Mingəçevir, Yevlax və Ağdaş şəhərlərində tətbiq olundu. Çox sayda bahalı prosedurlar dövlət vəsaiti hesabına xəstə insanların sağlamlığına vəsilə oldu. 2021-ci ilin aprel ayının birindən isə bütün ölkə ərazisində icbari tibbi sığortanın tətbiqinə başlandı. Bu tətbiq əhalinin müəyyən təbəqəsi üçün daha vacib və əhəmiyyətli bir məsələdir. Mən də, bu imkandan yararlandım. Bu il may ayının 6-da Mərkəzi Klinik Xəstəxanasında təcili əməliyyat olundum.

Cənab Prezident, mən şəxsən Sizə və Mehriban xanıma ürəkdən təşəkkür edirəm ki, icbari tibbi sığorta hesabına çox ağır və bahalı bir əməliyyat keçirə bildim. İndi özümü yaxşı hiss edirəm, rahat nəfəs alıram. Hər zaman xalqın yanında olduğunuza görə, çox sağ olun.

Mən çox məmnunam ki, obyektiv, uzaqgörən dövlət rəhbərimiz, birinci xanımımız və savadlı həkimlərimiz var.

Hörmətlə,

Rəna Abdullayeva

Malbinəsi kənd Nizami Gəncəvi adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Azərbaycan Respublikası, Yevlax rayonu.