18 oktyabr 2022, 19:02

Robert Mobilidən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu diyarın qədim sakinləri olaraq, biz udilər əminliklə deyə bilərik ki, tarix boyu Azərbaycanda yaşayan xalqlar və müxtəlif dinlərin nümayəndələri arasında qarşılıqlı hörmətə əsaslanan birgəyaşayış mədəniyyəti mövcud olmuşdur. Qlobal dəyişikliklərin, dünyanın müxtəlif regionlarında etnik-dini zəmində bir çox münaqişələrin baş verdiyi müasir dövrümüzdə də Azərbaycan öz tarixi tolerantlıq ənənəsinə sadiq qalmaqdadır. Etnik-dini müxtəlifliyin qorunmasını və inkişafını təmin edən məsələlərdən biri də bunun məhz dövlət siyasətinin prioritetlərindən olmasıdır. Hər il dövlət tərəfindən ölkədəki dini icmalara maddi dəstəyin göstərilməsi bunun əyani sübutudur. Bütün bunların nəticəsidir ki, biz udilər öz dini kimliyimizi, adət-ənənələrimizi, bayramlarımızı qoruyub saxlamışıq və bu gün də öz dini dəyərlərimizi ən yüksək şəkildə yaşadırıq. Biz udilər də öz növbəmizdə, ölkəmizi xaricdə təşkil olunan beynəlxalq tədbirlərdə fəxrlə təmsil edir, mənfur düşmənlərimizin Vətənimizə qarayaxma kampaniyalarına qarşı çıxır, əsaslı arqumentlərlə onları susdurur, yaşadığımız reallığı-multikultural və tolerant mühiti dünyaya nümunə göstəririk. Alban-udi xristian dini icmasının Azərbaycana bağlılığı, sevgisi təkcə bununla məhdudlaşmır. Doğma Vətənimiz Azərbaycana xidmət, onun ərazi bütövlüyünün qorunması, düşmən işğalı altında olan torpaqlarımızın azad edilməsi istiqamətində də can-başla iştirak etmişik və bunu özümüzə şərəf, borc bilirik.

Cənab Prezident, Vətən müharibəsi zamanı Sizin və Müzəffər Ordumuzun qətiyyəti sayəsində tarixi torpaqlarımız, o cümlədən ulu babalarımız albanlara məxsus tarixi abidələrimiz, dini məbədlərimiz, ibadətgahlarımız düşmən əsarətindən azad olundu. Doğma torpaqlarımızda Qafqaz Albaniyası irsinə aid xristian mədəniyyəti nümunələri – əsarətdən qurtardığınız kilsələr, monastırlarda ibadətlərimizi həyata keçirmək imkanı əldə etdik. Qarabağa dəfələrlə səfərlərimiz zamanı erməni barbarlarının dini abidələrimizə qarşı törətdiyi əməllərin şahidi olduq, kilsələrimizi erməniləşdirdiklərini, saxtakarlıq etdiklərini ürək ağrısı ilə müşahidə etdik. Şükürlər olsun ki, bu gün Sizin sayənizdə Alban-Udi Xristian dini icması olaraq Qarabağdakı öz müqəddəs məbədlərimizdə ibadətlərimizi, dini ayinlərimizi və bayramlarımızı icra edə bilirik. Həmin məbədlərdə icra etdiyimiz ayinlər zamanı bizə bu xoşbəxtliyi bəxş edən Sizə və dini sahəyə diqqət və qayğısını əsirgəməyən Birinci vitse-prezident Mehriban xanım Əliyevaya daim dualar edirik.

Möhtərəm cənab Prezident, ölkəmizin udilər icması adından Sizə təşəkkürümüzü bildirir, cansağlığı, xoşbəxtlik, şərəfli fəaliyyətinizdə yeni uğurlar diləyirik. Tanrı birliyimizi əbədi etsin.

Hörmətlə,

Robert Mobili

Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri, “Şöhrət” ordenli

Azərbaycan Respublikası, Bakı şəhəri.