26 oktyabr 2022, 13:02

Yusif Fərhadov və Elçin Paşayevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Azərbaycanda fəaliyyət göstərən “Həyat sözü" Xristian dini icması adından Zati-alilərinizi səmimi qəlbdən salamlayır, səmimi arzu və xeyir-dualarımızı yetirir, Azərbaycan dövlətinin uğurlu gələcəyi və Azərbaycan xalqının rifahı naminə dəyərli fəaliyyətinizdə Allahdan Sizə uğurlar diləyirik.

Azərbaycanda uzun illərdən bəri multikultural və tolerant dəyərlər qorunub saxlanılmaqdadır. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasi xəttinin layiqli davamçısı kimi Siz bu dəyərləri hər zaman uca tutaraq qorumuş, daha da möhkəmlənməsinə zəmin yaratmısınız. Multikultural və tolerant dəyərlərin uca tutulduğu ölkəmizdə fəaliyyət göstərən dini konfessiyalara hər zaman diqqət və qayğı ilə yanaşılmış, onların müqəddəs günlərinə ehtiram göstərilmiş, fəaliyyətlərinin daha da səmərəli olması üçün maddi yardımlar ayrılmışdır. Ölkəmizdə milli-mənəvi dəyərlər, tarixi-dini abidələr daim qorunmuş və bu sahədə bir sıra quruculuq işləri görülmüşdür.

44 günlük Vətən müharibəsi zamanı dilindən, dinindən asılı olmayaraq bütün Azərbaycan xalqının bir “dəmir yumruq” altında birləşməsi və düşmən üzərində qazandığı möhtəşəm Zəfərə bütöv bir qəlb olaraq birgə sevinməsi Sizin dərin siyasətinizin nəticəsində mümkün olmuşdur. Müzəffər Ordumuzun səyi və Sizin siyasi dühanız nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız erməni tapdağından azad olunduqdan sonra vandalizmin qurbanına çevrilmiş dini abidələrimizin – məscid, kilsə və sinaqoqların bərpasına diqqət və qayğınızı əsirgəmədiniz.

Şanlı Qələbədən sonra müxtəlif dini konfessiyaların rəhbərləri uzun illərdən bəri ziyarətinə həsrət qaldığı, mənəvi dəyərə malik olan bir sıra müqəddəs yerləri ziyarət etmək lütfünə Sizin sayənizdə nail olmuşdur. Sizin ölkə daxilində dini abidələrin qorunması və bərpasına göstərdiyiniz qayğı ölkə hüdudlarından kənarda da, xüsusilə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən davam etdirilmişdir.

Möhtərəm cənab Prezident, bir daha Sizə Azərbaycandakı dini icmalara, multikultural ənənələrin və dinlərarası münasibətlərin inkişafına davamlı diqqət və qayğınıza görə dərin təşəkkürlərimizi bildirir, Sizə və dəyərli ailənizə cansağlığı, xoşbəxtlik, şərəfli fəaliyyətinizdə yeni uğurlar diləyirik. Bizim kilsə həmişə Sizin üçün dua edir.

Hörmətlə,

Yusif Fərhadov

“Həyat sözü” Xristian dini icmasının sədri

Elçin Paşayev

“Həyat Sözü-2” Sumqayıt xristian dini icmasının sədri

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.