10 noyabr 2022, 17:30

Elşən Qasımovdan, Sabirabad, Azərbaycan

Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan.

Sizin qətiyyətli addımlarınız sayəsində Azərbaycanın hərb tarixinə yeni səhifələr yazıldı. Torpaqlarımızın azad olunacağına ümidimizi heç vaxt itirməmişdik. Çünki Sizin rəhbərliyinizlə ölkəmizin iqtisadi baxımdan sürətli inkişafı problemlərin həllinə yol açırdı. Mən hərbçi olaraq, ordumuzun qüdrətlənməsinin, onun maddi-texniki bazasının möhkəmləndirilməsinin canlı şahidiyəm. Bu nailiyyətlərin sonda bizi Qarabağa aparacağına tam qəlbimizlə inanırdıq.

Mən Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə könüllü iştirak etmişəm. Evin tək oğlu kimi, hər iki valideynini itirmiş bir vətəndaş kimi, Sizin əsgəriniz kimi qürurla döyüşmüşəm və aldığım xəsarətdən əlil olmuşam.

Mən bir Vətən müharibəsi əlili kimi hər zaman qayğı və diqqətlə əhatə olunmuşam. Dövlət tərəfindən mənə III qrup əlillik təyin olunub. Bundan əlavə mən yeni işlə təmin olunmuşam. Bu, bir daha göstərir ki, dövlətimiz şəhid ailələrini, müharibə əlillərini hər zaman düşünür və onların qarşılaşdığı problemləri həll edir.

Cənab Prezident, bütün bunlara görə Sizə dərin və sonsuz minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Qasımov Elşən Həbib oğlu

III qrup Vətən müharibəsi əlili

Azərbaycan Respublikası, Sabirabad rayonu, Cavad kəndi.