11 noyabr 2022, 13:05

Elmar Xəlilovdan, Sumqayıt, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Siz Azərbaycanda və onun hüdudlarından kənarda qalib ölkənin Müzəffər Ali Baş Komandanı kimi böyük nüfuz sahibisiniz. Azərbaycanda hər bir sahədə müşahidə olunan inkişaf tendensiyası təhsil sektorunda xüsusilə diqqəti cəlb edir. Bu inkişafın əsasında, şübhəsiz, ulu öndər Heydər Əliyevin ideyaları və həmin ideyalar əsasında həyata keçirilən siyasətin strateji kursu dayanır. Həmin strateji kursdur ki, bünövrəsi müasir Azərbaycan Respublikasının memarı, ümummilli lider Heydər Əliyev tərəfindən qoyularaq Sizin tərəfinizdən uğurla davam etdirilir. Ölkəmizdə təhsil siyasətinin həyata keçirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, yaradıldığı vaxtdan Heydər Əliyev Fonduna rəhbərliyi həyata keçirən xanım Mehriban Əliyevanın fəaliyyəti də hər zaman təqdir olunur.

Cənab Prezident, məhz Sizin tərəfinizdən ali təhsilin əlçatanlığının artırılması, tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə yüksəkixtisaslı, peşəkar kadrların hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində əhəmiyyətli qərarlar qəbul olunmuşdur. Respublikamızda Sizin sərəncamınıza əsasən təqaüd sistemi təkmilləşdirilmiş, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin və təqaüd alan tələbələrin sayı artmışdır. Bunlardan əlavə, yüksək keyfiyyətli ali təhsil verən yeni baza ali təhsil müəssisələri yaranmışdır. Bir sözlə, təhsilə, bütün başqa sahələrə göstərilən diqqət Sizin fədakar əməyiniz sayəsindədir. Bütün bunlar Sizin xalqa nə qədər bağlı olduğunuzu göstərir. Biz bütün bunları yüksək qiymətləndirir və daim Sizə minnətdarlıq hissi duyuruq.

Ulu Tanrı Sizi qorusun.

Hörmətlə,

Xəlilov Elmar Şirinbala oğlu

Sumqayıt Dövlət Universitetinin prorektoru, dosent

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.