16 noyabr 2022, 11:44

Məhəbbət Ağayevdən, Lerik, Azərbaycan

Hörmətli cənab Prezident.

Vətən müharibəsində qazanılmış Zəfərlə, düşmənin torpaqlarımızdan qovulması ilə xalqımız Sizin gücünüzün, qətiyyətinizin, cəsarətinizin bir daha şahidi oldu. Bir sıra beynəlxalq təşkilatlar – BMT, ATƏT, Avropa İttifaqı və digərləri uzun illər ərzində bədnam ermənilərə təsir göstərib onları torpaqlarımızdan çıxara bilmədilər. Sizin Ali Baş Komandanı olduğunuz şanlı Ordumuz isə bunu hərbi yolla 44 günə etdi, erməniləri torpaqlarımızdan qovub çıxardı. Azərbaycanın torpaqları ilə bərabər, dədə-babalarımızın məzarları, şəhidlərimizin ruhu da azadlığa qovuşdu, dünya azərbaycanlılarına yeni həyat, şad-xürrəm günlər, xoşbəxtlik bəxş olundu.

Eyni zamanda, Siz ata vəsiyyətini yerinə yetirməklə ulu öndərimiz Heydər Əliyevin ruhunu şad etdiniz. Bütün dünya Sizi daha yaxından tanıdı, dostlar daha çox sevdi, düşmən isə önünüzdə rəzil oldu.

Əziz Prezidentimiz, ürəyim sözlə doludur, hamısını yazsam yəqin ki, bu məktuba sığmaz. Zəfərimizi hər dəfə qeyd etdikdə sevinc göz yaşları tökürəm.

Ulu Tanrı hər zaman Sizə xoş günlər, zəfərlər qismət etsin.

Hörmətlə,

Məhəbbət Ağayev

Azərbaycan Respublikası, Lerik rayonu, Noda kəndi.