Sadiq Qurbanovdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.
İctimai-siyasi fəaliyyətimə verdiyiniz yüksək dəyərə görə Sizə sonsuz təşəkkürümü və minnətdarlığımı bildirirəm. Fəaliyyətimin Sizin tərəfinizdən yüksək qiymətləndirilməsi məni sevindirməklə yanaşı, həm də məsuliyyətimi daha da artırır.
Qürur hissi ilə bildirirəm ki, mənim ilk siyasi fəaliyyətim məhz böyük dövlət xadimi ümummilli lider Heydər Əliyevin ideya və prinsiplərinin gerçəkləşməsi ilə bağlı olmuşdur. Danılmaz faktdır ki, Heydər Əliyev dünya siyasətinə təsir göstərməyə qadir şəxsiyyət kimi, Azərbaycan xalqı və dövlətçiliyi üçün böyük və fövqəladə işlər görmüş, XX əsrin sonunda yenidən əldə etdiyimiz müstəqilliyimizin dönməz və əbədi xarakter almasına nail olmuş dahi siyasətçidir.
Siz Azərbaycan tarixinin ən qüdrətli sərkərdəsi kimi torpaqlarımızın düşmən tapdağından 44 günlük Vətən müharibəsi nəticəsində azad edilməsi ilə son iki yüz illik tarixinin ən şərəfli səhifəsini yazmısınız. Bu böyük Zəfərin yaratdığı imkanlar əhəmiyyətinə və perspektivlərinə görə yeni epoxa kimi qiymətləndirilməlidir. Sizin fəaliyyətiniz regionda təhlükəsizlik və əməkdaşlıq məsələlərinin qorunub saxlanması və inkişafı üçün əsaslı bir təminatdır.
Möhtərəm cənab Prezident, onu da qeyd etməliyəm ki, Ümummilli Liderimizin qarşıya qoyduğu əsas hədəflərdən olan milli şüur, milli ideologiya, milli özünüdərk və milli dövlətçilik məsələləri Sizin fəaliyyətiniz nəticəsində özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Sizin dediyiniz kimi: “Heydər Əliyevin düşündüyü ideyalar indi də yaşayır. Onun siyasəti davam etdirilir, fəlsəfi fikirləri müasir Azərbaycanımızın qüdrətlənməsi proqramının əsas istiqamətlərini göstərməkdədir”. Şübhəsiz ki, Azərbaycanı işıqlı gələcəyə aparan yeganə yol məhz Heydər Əliyev yoludur. Mən də Sizi bir daha əmin edirəm ki, daim bu yola sadiq qalacaq və sədaqətli əsgəriniz olacağam.
Dərin ehtiramla,
Sadiq Qurbanov
Milli Məclisin deputatı
Azərbaycan Respublikası, Bakı şəhəri.