Eldar İbrahimovdan, Bakı, Azərbaycan
Əziz Prezident.
İcazə verin, qurucusu ulu öndər Heydər Əliyev olan müasir müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakıma görə Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətilə məni “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif etdiyiniz üçün Sizə dərin təşəkkürümü bildirim.
Bundan əvvəl də Siz iki dəfə fəaliyyətimi yüksək qiymətləndirərək məni “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif etmisiniz. Əgər bu təltiflərinizlə Siz məni ölkəmizin şərəfli insanları sırasına daxil etmişdinizsə, bu dəfə isə fəxri azərbaycanlı etdiniz. Bu təltiflər ictimai-siyasi fəaliyyətimə verilən ən yüksək qiymət olmaqla yanaşı, ulu öndər Heydər Əliyev kimi dahi şəxsiyyətlə çiyin-çiyinə çalışmış bir siyasətçi, bir vətəndaş kimi mənə böyük qürur hissi bəxş etdi. Mən fəxr edirəm ki, dünya şöhrətli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub saxlanması, ölkəmizin xoşbəxt gələcəyi naminə mübarizəsində onunla bir cəbhədə olmuşam. Ulu Öndərimiz Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsindən xilas etmiş, onu qoruyub saxlamışdırsa, 2020-ci ildə Sizin Ali Baş Komandanlığınızla 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyü təmin olundu.
Bu gün Heydər Əliyevin ruhu şaddır ki, Siz onun ən böyük arzusunu, ata vəsiyyətini yerinə yetirərək xalqımızın milli qürurunu bərpa etdiniz, 30 ilə yaxın Ermənistanın işğalı altında olmuş dədə-baba torpaqlarımızı işğaldan azad etdiniz. Bu gün biz hamımız şahidik ki, Siz Heydər Əliyevin dediyi kimi, onun axıra çatdıra bilmədiyi bütün işləri yüksək səviyyədə tamamlayırsınız. Artıq Azərbaycan xalqı qalib xalqdır və bu tarixi günləri bizə yaşatdığınıza görə dünyanın hansı yerində yaşamasından asılı olmayaraq, qəlbi Vətən sevgisi ilə döyünən hər bir azərbaycanlı Sizinlə fəxr edir və minnətdardır.
Möhtərəm cənab Prezident, mənim fəaliyyətimə verdiyiniz bu yüksək qiymətə görə ailəm adından Sizə dərin minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, Milli Məclisin İntizam komissiyasının sədri, tarixin təlatümlü zamanlarında ağır sınaqlardan üzüağ çıxmış və ulu öndərimiz Heydər Əliyevin şərəfli adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, “91-lər”dən biri kimi, bundan sonra da doğma Vətənimizin daha da qüdrətlənməsi və çiçəklənməsi naminə həyata keçirdiyiniz taleyüklü işlərdə Sizinlə birgə olmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm.
Sizə Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycanımızın xoşbəxt və firavan gələcəyini təmin etmək üçün yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayır və dərin minnətdarlığımı ifadə edirəm.
Böyük hörmət və ehtiramla,
Eldar İbrahimov
Milli Məclisin deputatı
Azərbaycan Respublikası, Bakı şəhəri.