Alqış Musayevdən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Mənim bütün ictimai-siyasi fəaliyyətim Ulu Öndərimizin və Sizin adınızla, şəxsiyyətinizlə bağlıdır və mən bununla qürur duyuram.
Mənim bütün uğurlarımın da şəriksiz himayədarı, səbəbkarı Ulu Öndərimiz və Sizsiniz.
Xüsusi ilə bu günlər, milli taleyimizin və tariximizin ən uca məqamında - Qarabağın, Şuşanın işğaldan azad edildiyi möhtəşəm bir dönəmdə Müzəffər Liderin imzası ilə mükafatlandırılmaq tam fərqli və müstəsna bir duyğudur.
Mənə, yaxınlarıma sözlə ifadə edilə bilməyəcək bir iftixar hissi yaşatdığınıza görə minnətdaram.
Siz bizim və gələcək nəsillər üçün ideal Ali Əsgər, Ali Oğul, Ali Baş Komandan, Ali Rəhbər örnəyisiniz. Müstəqilliyimiz naminə əsgər kimi döyüşmüsünüz və döyüşürsünüz. Siz tarixi bir Şəxsiyyətin vəsiyyətini yerinə yetirmiş, tamamlaya bilmədiyi işləri tamamlayan Övladsınız. Qarabağı, Şuşanı Azərbaycana, milli qürurumuzu özümüzə qaytaran Ali Sərkərdəsiniz. Siz bu gün Azərbaycanı gələcəyə uğurla yönləndirən Ali Rəhbərsiniz.
Mövcud şəraitdə Sizin qeyri-adi siyasi fəhminiz, dəmir məntiqiniz xalqımızın əsas və alternativsiz resursudur. Tarix və təbiət durduqca işğaldan azad edilmiş Şuşa Sizin əsəriniz kimi əbədi yaşayacaqdır. Siz ən yaxşı titullara layiqsiniz.
Mən Sizə həyata keçirdiyiniz müqəddəs işlərinizdə yeni uğurlar diləyirəm.
Hörmətlə,
Alqış Musayev
Azərbaycan Respublikası, Bakı şəhəri.