Elman Nəsirovdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakıma görə məni “Tərəqqi” medalı ilə təltif etdiyiniz üçün Sizə sonsuz minnətdarlığımı ifadə edirəm. Bu təltifi fəaliyyətimə verilmiş yüksək qiymət kimi dəyərləndirir və qürur duyuram. Müzəffər Prezidentimiz tərəfindən mükafatlandırılmaq böyük xoşbəxtlikdir, şərəfdir və əlavə məsuliyyətdir.
Bu gün dünyamızda çox ciddi siyasi, iqtisadi və humanitar kataklizmlərin baş verdiyi reallıqda, bəlkə də, ən üzücü problem qlobal lider kəsiri ilə bağlıdır. Dünya liderləri bir çox hallarda öz statuslarına adekvat olmayan bir davranış nümunəsi ortaya qoyur, leksikonlarım bayağı ifadələrlə “zənginləşdirir”, milli dövlətçilik maraqlarını cılız etnik mənafelərin müdafiəsinə qurban verirlər. Məsələyə bu xüsusda yanaşdıqda, cənab Prezident, Sizin “Azərbaycan dünya miqyasında elə də böyük dövlət deyil, lakin sözünün mənası və çəkisi böyükdür,”- fikirlərinizi xatırlamaq yerinə düşər. Bəli, bu gün Sizin rəhbərliyiniz altında dünyada pandemiyaya qarşı koordinasiya olunmuş beynəlxalq mübarizənin təşkilində, peyvəndlərə bərabər və ədalətli əlçatanlığın təminatında, habelə qlobal enerji böhranının aradan qaldırılmasında xidmətləriniz misilsizdir və tarixi əhəmiyyət kəsb edir. Əslində Azərbaycanın dünyada sözünün məna və çəkisinin böyüklüyü də məhz elə Sizin adınızla bağlıdır.
Öz əməlləri ilə xalqı və dövlətinin sonsuz sevgisini qazanmış lider xoşbəxtdir. Məsələyə bu xüsusda yanaşdıqda böyük qürur və fəxarət hissi ilə deyə bilərik ki, möhtərəm Prezident, Siz xoşbəxt dövlət rəhbərisiniz. Xalq ona görə Sizi sevir ki, Siz müasir Azərbaycan dövlətçiliyinin banisi ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiqsiniz və son 19 il ərzində ölkəmizi uca zirvələrə yüksəldirsiniz. Xalq ona görə Sizi sevir ki, Siz heç bir vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diktəsi ilə deyil, məhz lideri olduğunuz çoxmillətli və çoxkonfessiyalı Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifisiniz. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də tarix yazan güclü ordusunda öz təsdiqini tapmışdır.
Bu gün yenilməz Azərbaycan ordusu Sizin - müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmiş, ərazi bütövlüyümüz təmin edilmiş, tarixi ədalət bərpa olunmuş və erməni faşizminin başı əzilmişdir. Millətimizin qüruru özünə qayıtmış, alnımızdan xəcalət təri silinmiş, başımız dik, alnımız açıq olmuşdur.
Müzəffər Ali Baş Komandan, bu tarixi zəfərinizlə Siz adınızı təkcə ölkəmizin hərb tarixinə deyil, əslində dünyanın möhtəşəm hərbi qalibiyyətlər tarixinə əbədi həkk etmisiniz.
Möhtərəm Prezident, Siz ölkəmizin həm daxili, həm də xarici siyasət kursunun həyata keçirilməsi prosesində dərin zəka, iti fəhm, analitik və innovativ düşüncə tərzi, sistemli analiz qabiliyyəti, prinsipiallıq və qətiyyət nümayiş etdirirsiniz. Hər dövlət başçısına nəsib olmayan bu unikal şəxsi keyfiyyətlərin daşıyıcısı olaraq Siz harada çıxış etməyiniz və mövqe bildirməyinizdən asılı olmayaraq, şahmat dili ilə desək, həmişə ağ fiqurlarla oynayır və artıq start vəziyyətində qarşı tərəf və ya tərəflər üzərində ilkin üstünlüyünüzü təmin etmiş olursunuz. Həmin “siyasi şahmat lövhəsi”ndə Sizin rəqib və ya rəqiblərinizi “mat” etməyiniz labüddür. Bu zaman problemə sistemli və ardıcıl yanaşma tərziniz, səlis və məntiqli ifadə üslubunuz, auditoriya ilə işləmək və onu ələ almaq qabiliyyətiniz, səs diapazonundan düzgün istifadə məharətiniz və nəhayət ecazkar cəzbetmə potensialı və bənzərsiz xarizmanız ilə ən qatı siyasi opponentlərinizi belə “tərksilah” edir və onları “siyasi hipnoz” vəziyyətinə salırsınız.
Möhtərəm Prezident, bu gün dünyanın ən nüfuzlu simaları Sizi böyük dövlət xadimi, mahir diplomat və Müzəffər Ali Baş Komandan kimi qəbul edir və ehtiram göstərirlər. Səbəbi də bəllidir. Son illər ərzində heç bir siyasi liderə Sizin qədər öz xalqı və dövlətinin milli maraqlarının müdafiəsi işinin öhdəsindən belə parlaq səviyyədə gəlmək xoşbəxtliyi nəsib olmamışdır.
Ölkəmizin Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva Sizin gücünüzə güc qatır, xüsusilə də sosial və humanitar xarakterli problemlərin çevik və operativ həlli prosesinə misilsiz töhfələr verir.
Siz tarixi şəxsiyyətsiniz. Sizin əsgəriniz olmaq böyük şərəfdir. Bundan sonrakı ictimai- siyasi fəaliyyətimdə də Sizin əsgəriniz olaraq dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, Sizin ideya, baxış, düşüncə və qərarlarınızın təbliği və müdafiəsi işinə bütün varlığımla töhfə verəcəyəm.
Allah Sizi qorusun.
Hörmətlə,
Elman Nəsirov
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, YAP Təftiş komissiyasının üzvü, siyasi elmlər doktoru, professor
Azərbaycan Respublikası, Bakı şəhəri.