06 dekabr 2022, 12:19

Sahib Şükürovdan, Göyçay, Azərbaycan

Möhtərəm cənab Prezident.

Müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın xilaskarı, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin düşünülmüş, uzaqgörən siyasi kursunu dövrün tələbləri çərçivəsində uğurla həyata keçirməyiniz sayəsində bu gün Azərbaycan heç zaman olmadığı qədər güclü və qüdrətlidir.

Cənab Prezident, ölkəmiz beynəlxalq aləmdə yüksək nüfuz sahibidir. Sizin güclü siyasi iradənizin, yüksək liderlik qabiliyyətinizin, yorulmaz fəaliyyətinizin nəticəsidir ki, Azərbaycan xalqı 30 ilə yaxın işğal altında olan torpaqlarını düşmənin torpağından azad edərək tarixi ədaləti bərpa etdi. Əminlik və qürurla deyə bilərik ki, bu gün müasir Azərbaycan Ulu Öndərimizin arzuladığı, görmək istədiyi Azərbaycandır.

Möhtərəm cənab Prezident, Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə məni “Tərəqqi” medalı ilə təltif etməyiniz fəaliyyətimə verilən çox böyük qiymətdir. Partiyamız 30 ildə olduqca çətin, eyni zamanda, şərəfli yol qət edib. Müasir müstəqil Azərbaycanın bütün uğurları Yeni Azərbaycan Partiyasının adı ilə bağlıdır və bu uğurlarda mənim kiçik əməyimə, fəaliyyətimə yüksək qiymət verdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Böyük inam və qürur hissi ilə bildirirəm ki, mən ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının amallarına və Sizin siyasi kursunuza bundan sonra da sadiq qalacaq, dövlətimizə, xalqımıza, partiyamıza sədaqətlə xidmət edəcəyəm.

Bir daha Sizə sonsuz təşəkkürümü bildirir və müstəqil Azərbaycan dövlətinin daha böyük tərəqqisi naminə fəaliyyətinizdə yeni uğurlar arzu edirəm.

Ulu Tanrı Sizi və Azərbaycanımızı qorusun.

Hörmətlə,

Sahib Şükürov

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri

Azərbaycan Respublikası, Göyçay rayonu.