07 dekabr 2022, 12:33

Aydın Hüseynovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin sərəncamınızla ölkənin ictimai-siyasi həyatında fəal iştiraka görə "Tərəqqi" medalı ilə təltif olunmağım mənim üçün böyük şərəfdir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri, dünya miqyaslı siyasətçi tərəfindən Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə bu mükafata layiq görülmək çox qürurvericidir.

Cənab Prezident, məhz Sizin fəaliyyətinizin nəticəsidir ki, Azərbaycan böyük inkişaf yolu keçib. İndi ölkəmiz tarixin ən güclü və qüdrətli dövrünü yaşayır. Bu xalqımızın qürur və fəxarət tarixidir.

Müzəffər Ali Baş Komandan, Sizin rəhbərliyinizlə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər müasir Azərbaycan tarixinin şanlı səhifəsidir. Bu möhtəşəm Zəfərin qazanılmasında canından və sağlamlığından keçən Vətən övladlarına verdiyiniz yüksək qiymət dünyada bir örnəkdir. Həm Birinci Qarabağ müharibəsi, həm də Vətən müharibəsi şəhidlərimizin ailələrinin və qazilərimizin dövlətin diqqət və qayğısı ilə əhatə olunması bunun bariz nümunəsidir.

Cənab Prezident, Sizin uzaqgörən siyasətinizin nəticəsidir ki, Azərbaycan hərbi sahədə olduğu kimi, iqtisadi müstəvidə də regional gücə çevrilib. İşğaldan azad edilən ərazilərdə nəhəng bərpa və quruculuq işləri həyata keçirilir. Hər bir azərbaycanlı, bütün bunları sevinc və fərəhlə izləyir. Yüz minlərlə vətəndaşımız 30 ildən sonra öz torpaqlarına qayıtmağın - Böyük Qayıdışın həyəcanını yaşayır.

İqtisadi uğurlarımız daha böyükdür. Azərbaycan nəhəng regional layihələrin müəllifi və təşəbbüskarıdır.

Bu proseslərdə Sizə yaxından dəstək olan Birinci xanım, Birinci vitse-prezident, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd etmək istərdim. Mehriban xanımın gördüyü işlər, məsələlərə humanist və həssas yanaşması xalqımız tərəfindən yüksək qiymətləndirilir. 

Sizin rəhbərliyinizlə ulu öndər Heydər Əliyevin ideyaları əsasında daim inkişaf edən Yeni Azərbaycan Partiyası hazırda regionun ən böyük siyasi təşkilatı, Azərbaycanın aparıcı siyasi qüvvəsidir. Amalı Azərbaycanın inkişafı, güclənməsi, müasirləşməsi, xalqımızın rifahının yüksəlməsi olan partiyamızın sıralarında olmağı özümə borc bilməklə yanaşı, həm də şərəf hesab edirəm.

Cənab Prezident, layiq gördüyünüz bu ali mükafatın qürur və sevincini yaşamaqla bərabər həm də böyük məsuliyyət daşıdığımı dərk edirəm. Böyük inam və qürur hissi ilə bildirirəm ki, ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının amallarına və Prezidentin siyasi kursuna bundan sonra da daim sədaqətlə xidmət edəcəyəm.

Tanrı Sizi və Azərbaycanımızı qorusun.

Dərin hörmət və ehtiramla,

Aydın Hüseynov

Milli Məclisin deputatı

Azərbaycan Respublikası, Bakı şəhəri.