07 dekabr 2022, 13:20

Rahilə Ramazanovadan, Bakı, Azərbaycan

Hörmətli Prezidentim.

Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi ilə əlaqədar olaraq, respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsin təltif edilməsi ilə bağlı sərəncamınızda "Tərəqqi" medalına layiq görülənlərdən biri də mənəm. Böyük qürur hissi ilə demək istəyirəm ki, 23 ildir partiyamızın sıralarında Vətənimə və xalqıma sevgi ilə xidmət edirəm. Bu gün isə bu yüksək mükafatı həm bir partiya veteranı, həm də böyük zəfərimizdə payı olan qəhrəmanlardan birinin – Xüsusi Təyinatlı Qüvvələrin kapitanı şəhid Nurlan Mustafayevin anası kimi qəbul edirəm.

Torpaq – uğrunda ölən varsa, Vətəndir. Torpaqlarımızın Vətən olması üçün şəhid olan igidlərdən birini böyütdüyüm üçün qürurluyam. Məni Azərbaycan Respublikasının ali mükafatlarından biri olan "Tərəqqi" medalı ilə təltif etdiyiniz üçün Sizə ürəkdən minnətdaram. Bu mükafatınızı ləyaqətlə daşıyacağam.

Mənim oğlum 44 günlük Vətən müharibəsi öncəsi bir dostuna göndərdiyi səs yazısında deyir: Bütün varlığımla Vətənimə xidmət edirəm.

Bu gün mən də, oğlum kimi deyirəm: Bütün varlığımla Vətənimə, xalqıma və partiyama xidmət edirəm.

Hörmətlə,

Ramazanova Rahilə Mustafa qızı

Şəhid anası

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.