Almaz Həşimovadan, Füzuli, Azərbaycan
Möhtərəm cənab Prezident.
Məni "Tərəqqi" medalı ilə təltif etməklə, əməyimə verdiyiniz yüksək qiymətə görə Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirmək istəyirəm. Sizin mənə göstərdiyiniz bu yüksək diqqətdən çox sevindim. Fəxr edirəm ki, böyük keçmişə malik, indiki və gələcək uğurları Sizin adınızla bağlı olan bir ölkənin vətəndaşıyam. Sizin müdrik və düşünülmüş siyasətiniz gözəl ölkəmizin inkişafının rəhnidir.
Sizin fəaliyyətiniz bütünlüklə xalqımızın xoşbəxt gələcəyi və firavan yaşamasına yönəlib. Düşmən tapdağından azad olunmuş ərazilərdə, o cümlədən yaşadığım Füzuli rayonu ərazisində də, hazırda böyük quruculuq işləri həyata keçirilir. İnanıram ki, yaxın vaxtlarda Qarabağ torpaqlarında, eləcə də, qeyd etdiyim kimi doğulduğum və yaşadığım Füzulidə, həyat öz axarına düşəcək və əvvəlkindən daha gözəl olacaq. Xalqımız bütün bunları görür və yüksək qiymətləndirir. Bu gün, ölkə vətəndaşlarının dəstəyi və Sizə verdiyi yüksək qiymət qazandığınız ən böyük uğurdur.
Həmçinin, Sizinlə çiyin-çiyinə eyni amal uğrunda çalışan Mehriban xanıma da cansağlığı, ailə səadəti və Azərbaycanın tərəqqisi yolunda birgə fəaliyyətinizdə daha böyük uğurlar arzulayıram.
Möhtərəm cənab Prezident, məni təltif etdiyinizə görə Sizə bir daha dərin minnətdarlığımı bildirir və əmin edirəm ki, bundan sonrakı fəaliyyətimdə də Sizin müəyyən etdiyiniz siyasi kursun həyata keçirilməsində bütün qüvvə və bacarığımla iştirak edəcəyəm.
Allah dövlətimizi qorusun.
Allah Sizi və ailənizi qorusun.
Dərin hörmət və ehtiramla,
Almaz Həşimova
YAP Füzuli rayon təşkilatının sədri
Azərbaycan Respublikası, Füzuli rayonu.