13 dekabr 2022, 14:15

Elbay Qasımzadədən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Dünya miqyasında yüzilliklərlə tanınmış və özünəməxsus əvəzedilməz yer tutmuş Azərbaycan memarlığı öz parlaq dövrünü yaşayır. Bunun əyani sübutu - şəhər və qəsəbələrimizin xarici görünüşünün gündən-günə gözəlləşməsi, memarlıq əsərləri ilə zənginləşməsidir.

Qədim Azərbaycan torpağı dünyaya, adları tarixdə qalmış ustad memarlar bəxş etmişdir. Xalqımızın Məhəmməd İbn Əbu Bəkir, Şah Bənzər, Bədrəddin Təbrizi, Əcəmi Əbu Bəkr Naxçıvani kimi ustadların yaratdıqları memarlıq abidələri, mədəniyyətimizin qədimliyindən, irsimizin təkrarolunmazlığından xəbər verir. Keçən əsrin parlaq ustad memarları Sadıx Dadaşov, Mikayıl Useynov, Həsənağa Məcidov, Ənvər Qasımzadə, Qəzənfər Əlizadə və başqaları Azərbaycan memarlıq sənətinin davamçıları olmuşdur.

Ulu sənətimizin əzəmətli dayağı və dəstəyi olan Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan memarlığının tanınması, qorunması və inkişafı üçün əvəzedilməz səylər göstərmişdir. 29 sentyabr 2022-ci il tarixli Sərəncamınız ilə 2023-cü il ölkəmizdə "Heydər Əliyev İli" elan olunub. Sərəncamdakı bu sözlər hər birimizin ürəyindən gəlir: "Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir".

Möhtərəm cənab Prezident, müdrik rəhbərliyinizlə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. 44 günlük Vətən müharibəsində əldə edilən tarixi zəfər Sizin qətiyyətinizin və uzaqgörənliyinizin birbaşa nəticəsi kimi yaddaşlara həkk olundu. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı. Azərbaycan bu yolda möhtəşəm nailiyyətlərə imza atmaqda davam edir.

Qarşımızda duran vacib işlər Azərbaycan memarlarını birləşdirən Memarlar İttifaqı olaraq bizi daha aktiv fəaliyyətə ruhlandırır, öz təcrübəmizi və istedadımızı dövlətimizin, xalqımızın xidmətinə verməyə, ölkədə gedən abadlıq-quruculuq işlərində, xüsusilə də Qarabağda aparılan yenidənqurma, tarixi memarlıq abidələrinin bərpası və qorunmasında öz bacarığımızı göstərməyə, yeni layihələr yaratmağa sövq edir.

Möhtərəm cənab Prezident, əlbəttə, bu böyük işlərin reallaşmasının qarantları Sizsiniz və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevadır.

Azərbaycan memarlarının XX qurultayı sənətçilərimizi bir salona topladı. Burada yığışan Azərbaycan memarlarını təkcə sənət yox, Vətənə məhəbbət, irsimizə hörmət və gələcəyimizə inam birləşdirir. Bunların hamısını təşkil edən və bunlara zamin olan - tərəfinizdən aparılan müdrik siyasətdir.

Mədəniyyətimizin bütün sahələri kimi, Azərbaycan memarlığına və memarlıq sənətinə verdiyiniz dəstəyə və göstərdiyiniz diqqətə görə Azərbaycan memarları adından Sizə təşəkkürümüzü bildirir, gələcək uğurlara doğru irəliləyişinizdə Sizə cansağlığı və yeni qələbələr arzu edirik.

Dərin hörmət və ehtiramla,

Azərbaycan memarlarının XX qurultayının iştirakçıları adından,

Elbay Qasımzadə

Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri

Azərbaycan Respublikası, Bakı şəhəri.