Şəfiqə Məmmədovadan, Goranboy, Azərbaycan
Hörmətli cənab Prezident.
Mən Goranboy rayonunun Tapqaraqoyunlu kənd sakiniyəm, şəhid anasıyam. Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onları narahat edən problemlərin həlli istiqamətində gördüyünüz misilsiz işlər Sizin şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğını çox aydın təcəssüm etdirir.
Sizin rəhbəri olduğunuz dövlətimizin sosial siyasətinin mühüm tərkib hissəsi sayılan – şəhid ailələrinin mənzillə təminatı proqramı uğurla həyata keçirilir. Hər il yüzlərlə ailə bu proqramdan yararlanır, mənzillə təmin olunur. Bunun əsasında mənə də şəhid ailəsi kimi mənzil verilmişdir.
Müzəffər Ali Baş Komandan, göstərdiyiniz diqqət və qayğıya görə özümün və ailəmin adından Sizə minnətdarlığımı bildirirəm. Müstəqil Azərbaycanın inkişafı naminə apardığınız siyasətdə Tanrı Sizə hər zaman kömək olsun.
Fürsətdən istifadə edərək, Sizi doğum gününüz, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edirəm. Sizə və ailənizə uzun ömür, möhkəm cansağlığı arzulayıram.
Hörmətlə,
Şəfiqə Məmmədova
Şəhid anası
Azərbaycan Respublikası, Goranboy rayonu, Tapqaraqoyunlu kəndi.