Nazim İsmayılovdan, Göyçay, Azərbaycan
Möhtərəm cənab Prezident.
Mən hələ sovetlər dövründə Ulu Öndərimizin xeyir-duası ilə bir sıra vəzifələrdə çalışmışam. Qəlbimdə həmişə Ümummilli Liderimizə sonsuz məhəbbətim olub.
Məlum olduğu kimi, 1992-1993-cü illərdə AXC-Müsavat hakimiyyətinin yarıtmaz və xəyanətkar fəaliyyəti nəticəsində ölkə idarəolunmaz vəziyyətə düşmüşdü. Həmin zamanda respublikanın bir qrup ziyalısının müraciəti əsasında, Ulu Öndərin rəhbərliyi altında 1992-ci ilin noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası yaradılmışdır.
Mən ilk gündən özümü həmin partiyanın üzvü hesab edərək, 1993-cü il martın 6-da Göyçay rayonunda partiyanın yerli təşkilatını təsis etmişəm, 8 il YAP rayon təşkilatının sədri kimi çalışmışam. Rayonda partiya təşkilatı yarandığı vaxtdan AXC-Müsavat hakimiyyəti tərəfindən ciddi təqiblərə məruz qalmışdım. Ulu Öndərin və sonradan Sizin tövsiyənizlə 1999-2021-ci illərdə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü seçilmişəm, 2000-ci ildə Milli Məclisə proporsional sistemlə seçkilər keçirilərkən YAP-ın siyahısında 25 nəfər namizəddən biri olmuşam. 2001-2020-ci illərdə Ümummilli Liderimizin və Sizin müvafiq Sərəncamlarınızla müxtəlif vəzifələrdə çalışmışam. 2020-ci ilin may ayından təqaüddəyəm. İşlədiyim bütün vəzifələrdə Ulu Öndərimizə və Sizə sədaqətlə xidmət etmişəm.
Cənab Prezident, məmnunluq hissi keçirirəm ki, noyabrın 21-də Heydər Əliyev Mərkəzində partiyamızın Sizin rəhbərliyinizlə keçirilən yubiley tədbirində iştirak etmişəm. Tədbirdə çıxışınız zamanı partiyanın 30 illik fəaliyyətinə qiymət verməklə yanaşı, qarşıya yeni vəzifələr, məqsədlər qoymusunuz. Dekabrın 17-də Sizin tövsiyənizlə YAP İdarə Heyətinin iclasında partiyanın Veteranlar Şurasına üzv seçilmişəm. Bu hadisə məni, doğmalarımı çox sevindirmişdir. Yüksək etimada, mənə respublikanın ictimai-siyasi həyatında yenidən fəal iştirak etmək imkanı yaratdığınıza görə özümün və ailəmin adından Sizə sonsuz minnətdarlığımı bildirirəm. Əmin edirəm ki, bundan sonra da Ulu Öndərimizin ideyalarına sadiq qalaraq Sizin etibar və etimadınızı doğrultmağa çalışacağam.
Cənab Prezident, Siz Ulu Öndərin vəsiyyətini, Azərbaycan xalqının ürəyindəki arzularını 44 gün ərzində reallaşdıran Müzəffər Ordunun Qəhrəman Sərkərdəsi kimi adınızı Azərbaycanın şanlı tarixinə yazmış Lidersiniz. Sizinlə fəxr edir, qürur duyuruq.
Əziz Prezident, fürsətdən istifadə edərək Sizi qarşıdan gələn ad gününüz münasibətilə ürəkdən təbrik edir, Sizə ailənizlə birlikdə möhkəm cansağlığı və dövlətimizin daha da inkişafı, xalqımızın əmin-amanlığı və rifahı naminə qətiyyətli fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Ulu Tanrı Sizi və ailənizi qorusun.
Hörmətlə,
Nazim İsmayılov
Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü
Azərbaycan Respublikası, Göyçay şəhəri.