28 dekabr 2022, 17:00

Yaşar Millnts Niftəliyevdən, Maqdeburq, Almaniya

Dünya azərbaycanlılarının əvəzedilməz Lideri, Müzəffər Ali Baş Komandan.

Qürur hissi ilə bildirmək istəyirəm ki, Zati-alinizin rəhbərliyi altında uğurla davam etdirilən inkişaf strategiyasının məntiqi nəticəsi olaraq, tarixi Vətənimiz Azərbaycan bir çox sahələrdə olduğu kimi, idman sahəsində də regionun lider dövlətinə çevrilərək idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması idmanın tərəqqisinə də müsbət təsir göstərmişdir. İstər ölkə daxilində, istərsə də ölkə hüdudlarından kənarda idmançılarımızın əldə etdikləri uğurlar Azərbaycanın idman ölkəsi kimi qazandığı beynəlxalq statusu daha da möhkəmləndirmişdir. Zati-alinizin də söylədiyi kimi: “Aparıcı beynəlxalq idman qurumları Azərbaycanı idman ölkəsi kimi tanıyırlar. Dövlətin yürütdüyü idman siyasəti nəticəsində idman uğurlarımızın davam edəcəyinə inam böyükdür”.

Məhz Sizin bu fikrinizi hər zaman fəaliyyətimizdə rəhbər tutaraq, Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən, təsisçisi olduğum Heydər Əliyev adına Dünya Boks Komitəsi olaraq dəfələrlə kütləvi beynəlxalq idman yarışlarının təşkilatçısı qismində çıxış etmiş, mötəbər idman yarışları keçirmişik. Əsas məqsədi dünyada yaşayan azərbaycanlı idmançıları birləşdirmək, idmanın inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirən ümummilli lider Heydər Əliyevin gənclərə və idmana dair tövsiyələrinə əməl etmək, başqa millətlərdən olan idmançılarla Avropada yaşayan soydaşlarımız arasında əlaqə yaratmaq, idman yarışlarında Azərbaycan Respublikasının üçrəngli bayrağını qaldırmaq və dövlət himnini səsləndirmək olan Komitə mütəmadi olaraq bu istiqamətdə çalışır. Tədbirlərimiz sırasında ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş boks turnirləri, müxtəlif xarakterli idman yarışları özünəməxsus yer tutur. Xüsusilə, son illərdə bu istiqamətdə bir sıra iri layihələrimiz reallaşdırılmışdır. Bütün bunlar birmənalı olaraq Zati-alinizin Azərbaycan diasporuna, idmanın inkişafına olan diqqət və qayğısının parlaq təzahürüdür. Bu qayğının dəyəri, sözün əsl mənasında, hədsiz və hüdudsuzdur. Bu baxımdan, rəhbəri olduğum Komitə adından Zati-alinizə sonsuz təşəkkür və minnətdarlığımı ifadə etməyi özümə mənəvi borc hesab edirəm.

Əlbəttə ki, idman sahəsində qazanılan nailiyyətlər həm də Vətənimizin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri sayılır. Bu xüsusda, Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlarla həmahəngdir. Bu ahəngi davam etdirmək üçün yaşayıb fəaliyyət göstərdiyimiz ölkədə idmanın inkişafı sahəsində qarşıya qoyulan vəzifələrin icrası istiqamətində bundan sonra da azərbaycançılıq ideologiyasına sadiq qalmaqla bütün qüvvəmizi səfərbər edəcək, işimizlə etimadı doğruldacağıq.

Zati-alinizə sonsuz hörmət və ehtiram hissi ilə,

Yaşar Millnts Niftəliyev

Heydər Əliyev adına Dünya Boks Komitəsinin rəhbəri

Almaniya Federativ Respublikası, Maqdeburq şəhəri.