Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 673-VIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3.3-cü, 3.4-cü bəndlərində və 4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 3-cü maddəsinin 3.3-cü bəndində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi nəzərdə tutulur;
1.3. həmin Qanunun 3-cü maddəsinin 3.4-cü bəndində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu nəzərdə tutulur;
1.4. həmin Qanunun 4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi nəzərdə tutulurlar.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 673-VIQ nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
3.1. “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 673-VIQ nömrəli Qanununun 2-ci maddəsinin 2.1-ci bəndində nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların yerinə yetirilməsi üçün tədbirlər görsün və bu barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;
3.2. həmin Qanunun 2-ci maddəsinin 2.1-ci bəndində nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərin aylıq və rüblük bölgüsünü 10 (on) gün müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla təsdiq etsin;
3.3. büdcə təşkilatlarının 2023-cü il yanvarın 1-dək yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borclarına dair məlumatları 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin;
3.4. “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 673-VIQ nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:
4.1. dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsinin xərclərinin yerinə yetirilməsi üçün tədbirlər görsün və bu barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;
4.2. “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 673-VIQ nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
5.1. bu Fərmanın 3.2-ci bəndində qeyd olunan bölgü nəzərə alınmaqla, 2023-cü il üçün dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi ilə bağlı dövlət büdcəsindən ayrılan vəsaitin (transfertin) aylıq və rüblük bölgüsünü Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla 10 (on) gün müddətində təsdiq etsin;
5.2. büdcədən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlər üzrə əvvəlki illərdə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borclarını 2023-cü il üçün xüsusi vəsaitlərin smetalarında nəzərə alsın;
5.3. “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 673-VIQ nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
6. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, şəhər və rayon icra hakimiyyətləri dövlət təşkilatlarının, o cümlədən büdcədən maliyyələşən təşkilatların məcburi dövlət sosial sığorta haqlarını vaxtında və tam ödəməsini təmin etmək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki qurumlarla birlikdə tədbirlər görsünlər.
7. Bu Fərman 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2022-ci il