Azərbaycan Respublikası Prezidentinin
2022-ci il 30 dekabr tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1463 nömrəli Fərmanının 5.1-ci bəndinə uyğun olaraq hazırlanmışdır və “AYNA” informasiya sisteminin (bundan sonra – informasiya sistemi) formalaşdırılmasının, aparılmasının, arxivləşdirilməsinin, eləcə də digər dövlət informasiya sistemləri və ehtiyatları ilə Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) vasitəsilə inteqrasiyasının hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.
1.2. İnformasiya sistemi avtomobil nəqliyyatı sahəsində sərnişindaşıma və yükdaşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və innovativ həllərin tətbiqinin genişləndirilməsinə xidmət edir, avtomobil nəqliyyatı sahəsində xidmətlərin elektron formada göstərilməsini və məlumatların əlçatanlığını təmin edir.
1.3. İnformasiya sistemində yaradılan, əldə edilən və toplanılan informasiya Azərbaycan Respublikasının mülkiyyətidir.
1.4. Bu Əsasnamənin məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:
1.4.1. istifadəçi – normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada informasiya sistemindən informasiya əldə etmək və ya informasiyadan istifadə hüququ verilmiş dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər;
1.4.2. iştirakçı – informasiya sisteminin informasiya proseslərində iştirak edən və bu Fərmanın 3-cü hissəsində qeyd olunan qurumlar;
1.4.3. sahib – normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada informasiya sistemi üzərində sahiblik və istifadə hüququnu həyata keçirən, habelə informasiya sisteminin aparılmasını təmin edən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi;
1.4.4. operator – sahibin informasiya sisteminin fəaliyyətinin həyata keçirilməsi sahəsində hüquq və vəzifələrini normativ hüquqi aktlarla müəyyən edilən həcmdə və şərtlərlə həvalə etdiyi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs;
1.4.5. elektron kabinet – istifadəçilərin Vahid Giriş Sistemi (“ASAN Login”) vasitəsilə identikləşdirilməklə informasiya sisteminə daxil olmasına və istifadəsinə imkan verən, istifadəçinin özü barəsindəki məlumatlarla tanış olmasını, onları əldə etməsini və dəyişdirməsini, həmin məlumatlarda hər hansı dəyişikliklə bağlı məlumat almasını, müraciətləri elektron formada göndərməsini və xidmətlərdən istifadə etməsini, ödənişlər həyata keçirməsini, həmçinin sahib və operator ilə qarşılıqlı əlaqəsini təmin edən xüsusi fərdi elektron səhifə.
1.5. Bu Əsasnamədə istifadə olunan digər anlayışlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nda (bundan sonra – Qaydalar), eləcə də Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında müəyyən edilmiş mənaları ifadə edir.
1.6. İnformasiya sistemində toplanılmış fərdi məlumatların işlənilmə məqsədi avtomobil nəqliyyatı sahəsində sərnişin və yük daşımaları fəaliyyəti ilə məşğul olan daşıyıcılara, sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərə, avtomobil nəqliyyatının infrastruktur obyektlərinin sahiblərinə, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları üzrə xidmətlərin istehlakçılarına effektiv xidmət göstərilməsidir. Fərdi məlumatların informasiya sistemində toplanılması və işlənilməsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa və digər normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir.
1.7. İnformasiya sisteminin fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsindən ayrılan vəsait və normativ hüquqi aktlarda nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
1.8. İnformasiya sistemindən məlumat almağa görə ödəniş tələb olunmur.
1.9. İnformasiya sisteminin formalaşdırılmasına, aparılmasına, inteqrasiyasına və arxivləşdirilməsinə dair bu Əsasnamə ilə tənzimlənməyən digər məsələlər Qaydalara uyğun olaraq həll edilir.
2. İnformasiya sisteminin fəaliyyət prinsipləri
2.1. İnformasiya sisteminin formalaşdırılmasının məqsədi müasir informasiya-kommunikasiya texnologiyalarının və rəqəmsal həllərin tətbiqi nəticəsində avtomobil nəqliyyatı sahəsində idarəetmə, tənzimləmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsindən, bununla da həmin sahədə dövlət xidmətləri göstərilməsində operativliyin, əlçatanlığın və şəffaflığın təmin edilməsindən ibarətdir.
2.2. İnformasiya sistemi Qaydaların 2.1-ci bəndində qeyd edilən prinsiplər nəzərə alınmaqla formalaşdırılır və aşağıdakı prinsiplər əsasında fəaliyyət göstərir:
2.2.1. istifadə rahatlığı – informasiya sistemindən istifadənin və məlumat mübadiləsinin rahat və əlavə əməliyyatlar aparılmadan təmin edilməsi;
2.2.2. fasiləsizlik və sərbəstlik – aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmayaraq informasiya sisteminin fəaliyyətinin fasiləsiz həyata keçirilməsi;
2.2.3. funksionallıq və davamlı inkişaf – informasiya sisteminin inkişaf etdirilməsi imkanını təmin edən proqram-texniki komponentlərin olması, ən son texnologiyalardan istifadə edilməklə informasiya sisteminin daim təkmilləşdirilməsi;
2.2.4. operativlik – məlumat mübadiləsinin və informasiya sisteminin funksiyalarının sürətli həyata keçirilməsi;
2.2.5. şəffaflıq – informasiya sisteminin fəaliyyətində aşkarlığın və hesabatlılığın təmin edilməsi.
3. İnformasiya sisteminin texniki-texnoloji infrastrukturu
3.1. İnformasiya sisteminin texniki-texnoloji infrastrukturu aşağıdakı əsas komponentlərdən ibarətdir:
3.1.1. proqram-texniki vasitələr və proqram təminatı;
3.1.2. telekommunikasiya xətləri;
3.1.3. ehtiyat nüsxələr;
3.1.4. informasiya ehtiyatı və onu idarəetmə paneli;
3.1.5. ödəniş modulu;
3.1.6. müxtəlif əməliyyat sistemli mobil cihazlara uyğun mobil tətbiq;
3.1.7. test mühiti;
3.1.8. gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sistemi.
3.2. Proqram-texniki vasitələr və proqram təminatı informasiya sisteminin funksiyalarının həyata keçirilməsini, fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, habelə istifadəçilərin informasiya sistemindən istifadəsini, məlumatların mühafizəsini və mübadiləsini təmin edir.
3.3. İnformasiya sistemi onun fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, operativ və keyfiyyətli xidmət göstərilməsini, habelə məlumat mübadiləsini təmin edən dayanıqlı, mühafizəli, yüksək ötürücülü fiber-optik əsas və digər ehtiyat telekommunikasiya xətlərinə malikdir.
3.4. Fəaliyyətinin dayanıqlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə informasiya sistemi və informasiya sistemində toplanan məlumatlar, habelə onların ehtiyat nüsxələri “Hökumət buludu”nda saxlanılır.
3.5. İnformasiya sistemində formalaşdırılan, informasiya sisteminə daxil edilən və ötürülən məlumatlar informasiya sisteminin informasiya ehtiyatında saxlanılır.
3.6. İdarəetmə paneli informasiya sisteminin informasiya ehtiyatının formalaşdırılmasını və idarə edilməsini, o cümlədən həmin informasiya ehtiyatından istifadəni təmin edir.
3.7. Ödəniş modulu informasiya sistemində ödənişlərin elektron formada həyata keçirilməsini təmin edir. İnformasiya sisteminin mobil tətbiqi isə istifadəçilərin sistemdən rahat və əlçatan istifadəsini təmin edir.
3.8. İnformasiya sistemində aparılan dəyişikliklərin yoxlanılması test mühitində həyata keçirilir.
3.9. Gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sistemi nağd və nağdsız ödəniş əsasında gediş sənədinin (biletin) və ödəniş alətinin əldə edilməsinə, eləcə də ödəniş alətinə vəsait yüklənməsinə imkan yaradır.
4. İnformasiya sisteminin strukturu
4.0. İnformasiya sisteminin strukturuna aşağıdakı altsistemlər daxildir:
4.0.1. daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkarlar haqqında məlumatların qeydiyyatının aparılmasını təmin edən “daşıyıcılar” altsistemi;
4.0.2. aşağıdakıların həyata keçirilməsini təmin edən “xüsusi hazırlığa dair şəhadətnamələr” altsistemi:
1. peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq keçmiş ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin uçotu;
2. etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçmiş taksi minik avtomobilləri sürücülərinin uçotu;
3. peşəkarlıq səriştəsinə dair hazırlıq və yenidən hazırlıq keçmiş operatorun məsul şəxslərinin və beynəlxalq sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin uçotu;
4. bu Əsasnamənin 4.0.2-ci yarımbəndinin 1−3-cü abzaslarında qeyd edilən şəxslərə verilmiş şəhadətnamələrin uçotu;
4.0.3. avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorlarının uçotunun aparılmasını təmin edən “beynəlxalq avtomobil daşımalarını həyata keçirən operatorlar” altsistemi;
4.0.4. taxoqrafların quraşdırılması, yoxlanılması, təmiri, sınağı, kalibrlənməsi və onlara texniki xidmət göstərilməsi ilə bağlı işləri yerinə yetirən və akkreditasiya attestatı olan xidmət mərkəzlərinin (servis emalatxanalarının) registrdə qeydiyyatının aparılmasını, taxoqraf kartlarının qeydiyyatının və onların verildiyi şəxslərin uçotunun aparılmasını, taxoqraf kartlarının verilməsi üçün müraciətin elektron qaydada qəbulunu təmin edən “sürücülərin iş və istirahət rejiminə nəzarətin təşkili” altsistemi;
4.0.5. şəhərlərarası (rayonlararası) və beynəlxalq müntəzəm marşrutlar üzrə sərnişin daşıyan avtobuslarda gediş sənədinin (biletin) elektron qaydada əldə edilməsi, eləcə də şəhərdaxili (rayondaxili) müntəzəm marşrutlar üzrə sərnişin daşıyan avtobuslarda gediş haqqının elektron qaydada ödənilməsi üçün ödəniş alətinə vəsait yüklənməsi imkanlarını təmin edən “elektron bilet və ödəniş aləti” altsistemi;
4.0.6. avtomobil nəqliyyatı ilə əmtəə təyinatlı yüklərin daşınması üçün əmtəə-nəqliyyat qaiməsinin normativ hüquqi aktlara uyğun olaraq elektron qaydada tərtib edilməsini təmin edən “elektron əmtəə-nəqliyyat qaiməsi” altsistemi;
4.0.7. avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm sərnişin daşımaları üçün formulyarın normativ hüquqi aktlara uyğun olaraq elektron qaydada tərtib edilməsini təmin edən “elektron formulyar” altsistemi;
4.0.8. məlumatların toplanılmasını, emalını və saxlanılmasını, müraciətlərə baxılmanı və onların cavablandırılmasını, daxil edilmiş sənədlərin surətlərinin avtomatik oxunmasını təmin edən “iş axınının idarə olunması” altsistemi;
4.0.9. istifadəçilərə məlumat xarakterli elektron bildirişlər göndərilməsini və göndərilən bildirişlərin qeydiyyatının aparılmasını təmin edən “məlumatlandırma” altsistemi;
4.0.10. sistemə daxil edilmiş məlumatların təhlili üçün həmin məlumatların tutuşdurulmasını, tutuşdurulma zamanı aşkar edilən uyğunsuzluqların hesabatlarda öz əksini tapmasını, müxtəlif parametrlərə görə hesabatların alınmasını təmin edən “təhlil və hesabat” altsistemi.
5. İnformasiya sisteminə daxil edilən və ötürülən məlumatlar
5.1. İnformasiya sisteminə daxil edilən məlumatlar aşağıdakılardır:
5.1.1. ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq keçmələri barədə məlumatlar;
5.1.2. taksi minik avtomobilləri sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçmələri barədə məlumatlar;
5.1.3. operatorun məsul şəxslərinin, habelə beynəlxalq sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlıq və yenidən hazırlıq keçmələri barədə məlumatlar;
5.1.4. müntəzəm avtobus marşrutları barədə məlumatlar;
5.1.5. avtomobil nəqliyyatı ilə əmtəə təyinatlı yüklərin daşınması zamanı informasiya sistemi vasitəsilə tərtib edilən əmtəə-nəqliyyat qaimələri üzrə məlumatlar;
5.1.6. avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm sərnişin daşımaları zamanı informasiya sistemi vasitəsilə tərtib edilən formulyar üzrə məlumatlar;
5.1.7. avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarında istifadə edilən gediş sənədi (bileti) üzrə məlumatlar;
5.1.8. taxoqrafların quraşdırılması, yoxlanılması, təmiri, sınağı, kalibrlənməsi və onlara texniki xidmət göstərilməsi ilə bağlı işləri yerinə yetirən və akkreditasiya attestatı olan xidmət mərkəzləri (servis emalatxanaları), rəqəmsal taxoqraf kartları və rəqəmsal taxoqraf kartlarının verildiyi şəxslər barədə məlumatlar (hüquqi şəxslərin adı, fiziki şəxslərin adı, soyadı və atasının adı);
5.1.9. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununa 3 nömrəli əlavə − “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 31-ci, 32-ci (xarici dövlətlərdə qeydiyyatda olan nəqliyyat vasitələrinə “İcazə” blanklarının dövlət sərhədinin buraxılış məntəqələrində verildiyi hallar istisna olmaqla), 33-cü, 35-ci, 36-cı, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla 34-cü və 37-ci maddələrində nəzərdə tutulmuş icazələr üzrə məlumatlar;
5.1.10. avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorlarının uçotu üzrə məlumatlar;
5.1.11. avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını həyata keçirən fərdi sahibkarın adı, soyadı, atasının adı və VÖEN-i.
5.2. İnformasiya sisteminə sorğu əsasında EHİS vasitəsilə ötürülən məlumatlar aşağıdakılardır:
5.2.1. ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq keçmələri barədə məlumatlar;
5.2.2. taksi minik avtomobilləri sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçmələri barədə məlumatlar;
5.2.3. avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər barədə hüquqi şəxslərin dövlət reyestrinə daxil edilən məlumatlar (kommersiya hüquqi şəxslərinin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla);
5.2.4. sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin sürücülük vəsiqələri üzrə məlumatlar;
5.2.5. sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin əmək müqaviləsi üzrə məlumatlar;
5.2.6. beynəlxalq daşımalarda iştirak edən avtonəqliyyat vasitələrinin sərhədkeçmə uçotuna alınması barədə məlumatlar;
5.2.7. avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslərin və fərdi sahibkarların vergi və məcburi dövlət sosial sığorta haqqı borcunun olub-olmaması barədə məlumatlar;
5.2.8. avtonəqliyyat vasitəsi ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası üzrə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin, həmçinin avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması tarixi və sığorta müqaviləsinin müddəti barədə məlumatlar;
5.2.9. sərnişin və yük daşımaları üçün istifadə olunan avtonəqliyyat vasitələri ilə bağlı verilən etibarnamələr üzrə məlumatlar (etibar edilən şəxsin adı, soyadı, atasının adı, etibarnamə ilə verilən səlahiyyətin məzmunu, etibarnamənin qüvvədə olduğu müddət, etibarnamə verilmiş nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı);
5.2.10. avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxsin və ya fərdi sahibkarın mülkiyyətində, icarəsində və ya istifadəsində olan avtonəqliyyat vasitələri, habelə onların dövlət texniki baxışından keçməsi barədə məlumatlar;
5.2.11. avtomobil nəqliyyatının infrastruktur obyektləri sahiblərinin müraciətlərində qeyd olunan daşınmaz əmlaklarla bağlı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət, icarə və istifadə hüquqlarına dair məlumatlar (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əsaslandırılmış sorğu əsasında).
6. Sahibin funksiyaları
6.0. İnformasiya sisteminin fəaliyyətini təmin etmək üçün sahibin aşağıdakı funksiyaları vardır:
6.0.1. informasiya sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərinin layihələrə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun formada aparılmasına nəzarət etmək;
6.0.2. informasiya sisteminin formalaşdırılması, istifadəsi və inkişaf etdirilməsi ilə bağlı beynəlxalq təcrübəni və standartları öyrənmək, bu sahədə müvafiq ölkədaxili və beynəlxalq qurumlarla (təşkilatlarla) əməkdaşlıq etmək;
6.0.3. informasiya sisteminə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını gücləndirilmiş elektron imza ilə təmin etmək;
6.0.4. normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi, vəzifələrinin və ya funksiyalarının icrası zamanı əldə etdiyi məlumatları informasiya sisteminə daxil etmək;
6.0.5. informasiya sisteminə daxil edilmiş məlumatların sistemləşdirilmiş şəkildə saxlanılması, onların mühafizəsi ilə bağlı zəruri təşkilati və texniki tədbirlər görülməsinə, məlumatların aktuallığına, etibarlılığına, əlçatanlığına, tamlığına, konfidensiallığına, habelə onların ehtiyat surətlərinin saxlanılmasına və qorunmasına, informasiya təhlükəsizliyinin təmin olunmasına nəzarət etmək;
6.0.6. tələb edilən sənədlər barədə məlumatlar dövlət informasiya ehtiyatında və sistemində olduqda, həmin məlumatların ilkin mənbədən Qaydalara uyğun əldə edilməsi üçün operatorla birlikdə tədbirlər görmək;
6.0.7. informasiya sisteminin dayanıqlı və fasiləsiz fəaliyyətinin təmin olunmasına nəzarət etmək;
6.0.8. informasiya sistemindən istifadə və onun funksiyaları ilə bağlı maarifləndirmə və məlumatlandırma işləri aparmaq;
6.0.9. informasiya sistemində dəyişikliklər, təkmilləşdirmələr aparılması üçün operatora təkliflər vermək və onların həyata keçirilməsinə nəzarət etmək;
6.0.10. informasiya sisteminin fəaliyyətinin təmin olunması ilə bağlı zəruri sənədləri (məlumatları) əldə etmək üçün aidiyyəti qurumlara sorğular vermək və həmin qurumlardan belə sənədləri (məlumatları) almaq;
6.0.11. aidiyyəti qurumların informasiya sisteminin fəaliyyəti ilə bağlı sorğularını vaxtında və hərtərəfli cavablandırmaq, habelə qeyd edilən sorğular əsasında zəruri sənədləri (məlumatları) onlara təqdim etmək;
6.0.12. Qaydaların 6-cı hissəsində qeyd edilən digər funksiyaları həyata keçirmək.
7. Operatorun funksiyaları
7.0. Operatorun aşağıdakı funksiyaları vardır:
7.0.1. informasiya sisteminin fəaliyyətinin idarə olunması, təkmilləşdirilməsi və onun funksional imkanlarının artırılması istiqamətində tədbirlər görmək;
7.0.2. informasiya sisteminin dayanıqlı və fasiləsiz fəaliyyətini təmin etmək;
7.0.3. informasiya sistemini EHİS-ə inteqrasiya etmək, digər dövlət informasiya ehtiyatları və sistemləri ilə məlumat mübadiləsini həyata keçirmək;
7.0.4. informasiya sisteminə daxil edilmiş və (və ya) ötürülmüş məlumatların sistemləşdirilmiş şəkildə saxlanılması və mühafizəsi ilə bağlı zəruri təşkilati və texniki tədbirlər görmək, məlumatların aktuallığını, etibarlılığını, əlçatanlığını, tamlığını, konfidensiallığını, habelə onların ehtiyat surətlərinin saxlanılmasını və qorunmasını təmin etmək, informasiya təhlükəsizliyinin təmin edilməsi üçün digər tədbirlər görmək;
7.0.5. informasiya sisteminə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını gücləndirilmiş elektron imza ilə təmin etmək;
7.0.6. informasiya sisteminin komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, təmirini və yenilənməsini təmin etmək, təkmilləşdirilməsinə dair profilaktik işlər aparmaq;
7.0.7. sahibin təklifləri əsasında informasiya sistemində dəyişikliklər edilməsi və təkmilləşdirmələr aparılması üçün tədbirlər görmək;
7.0. 8. sahibin müraciəti əsasında, normativ hüquqi aktlarda edilən dəyişikliklərə əsasən proqram təminatında uyğunlaşdırmalar aparılmasını, eləcə də yeni proqram modullarının yazılmasını və sınaqlar keçirilməsini təmin etmək;
7.0.9. informasiya sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və ya arxivləşdirilməsi ilə bağlı rəsmi sənədləri və texniki məlumatları sahibə təqdim etmək;
7.0.10. informasiya sisteminin “Hökumət buludu”nda yerləşdirilməsi və təkmilləşdirilməsini təmin etmək üçün “Hökumət buludu”nun operatoru ilə birlikdə zəruri tədbirlər görmək;
7.0.11. informasiya sisteminin təhlükəsizliyi pozulduqda, əsas avadanlıqda hər hansı qəza (xəta) baş verdikdə, qəzanın (xətanın) qeydiyyatını aparmaq, dərhal onun aradan qaldırılması üçün tədbirlər görmək, bu mümkün olmadıqda isə informasiya sisteminin ehtiyat mərkəzinin fəaliyyətə başlamasını təmin etmək, sahibə dərhal məlumat vermək;
7.0.12. informasiya sistemindən istifadə zamanı yaranan nasazlıqları aradan qaldırmaq məqsədilə təxirəsalınmaz tədbirlər görmək;
7.0.13. informasiya sisteminin parametrlərində dəyişiklik etmək və bütün mümkün parametrlər üzrə hesabatlar əldə etmək;
7.0.14. informasiya sisteminin proqram kompleksinə nəzarəti həyata keçirmək və mütəmadi texniki baxışlar təşkil etmək;
7.0.15. informasiya sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərini layihələrə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilən tələblərə uyğun formada aparmaq;
7.0.16. qanunsuz daxilolma və saxtalaşdırma hallarının qarşısını almaq, habelə giriş və əməliyyat tarixçələrini (loqları) saxlamaq;
7.0.17. informasiya sistemi üzərindən göstərilən xidmətlərin əlçatanlığını və mobil cihazlarda istifadəsini təmin etmək üçün sistemin mobil tətbiqini elektron marketlərdə (Google Play, App Store, Windows Store və s.) yerləşdirmək;
7.0.18. aidiyyəti qurumların informasiya sisteminin fəaliyyəti ilə bağlı sorğularını vaxtında və hərtərəfli cavablandırmaq, habelə qeyd edilən sorğular əsasında zəruri sənədləri (məlumatları) onlara təqdim etmək.
8. İştirakçıların funksiyaları
8.0. İştirakçıların aşağıdakı funksiyaları vardır:
8.0.1. informasiya sisteminə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını gücləndirilmiş elektron imza ilə təmin etmək;
8.0.2. informasiya sisteminə daxil olmağa imkan verən elektron imza vasitələrinin konfidensiallığını (məxfiliyini) təmin etmək;
8.0.3. aktual, tam və etibarlı məlumatları (sənədləri) vaxtında və dolğun şəkildə informasiya sisteminə daxil etmək (ötürmək), bu məlumatların təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görmək;
8.0.4. məlumatların mühafizəsini təmin edən avadanlıq və proqram vasitələrinə müdaxilə etməmək;
8.0.5. informasiya sistemindən və sistemdə olan məlumatlardan (sənədlərdən) yalnız xidməti məqsədlər üçün istifadə etmək;
8.0.6. informasiya sistemində saxlanılan məlumatlarda (sənədlərdə) aşkar edilmiş səhvlərin aradan qaldırılması məqsədilə dərhal sahibə məlumat vermək;
8.0.7. sahibin sorğularını vaxtında və tam cavablandırmaq, habelə qeyd olunan sorğular əsasında zəruri məlumatları (sənədləri) ona təqdim etmək;
8.0.8. sahibin informasiya sisteminə daxil etdiyi və iştirakçının bilavasitə fəaliyyəti ilə bağlı olan yeni məlumatları daim izləmək;
8.0.9. informasiya sisteminin fəaliyyətinə zərər gətirəcək, habelə onun fəaliyyətinin ləngiməsinə və ya dayanmasına səbəb ola biləcək hərəkətlərə yol verməmək;
8.0.10. normativ hüquqi aktların tələblərinə uyğun olaraq, informasiya təhlükəsizliyini, o cümlədən fərdi məlumatların qorunmasını təmin etmək;
8.0.11. informasiya sisteminin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı sahibə təkliflər vermək;
8.0.12. məlumat mübadiləsi zamanı aşkar olunmuş çatışmazlıqların və yaranan nasazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər görmək və bu barədə sahibə məlumat vermək.
9. İnformasiya sistemindən istifadə qaydası
9.1. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olan dövlət orqanlarının (qurumlarının) informasiya sistemindən istifadəsi onların informasiya ehtiyatları və sistemləri ilə məlumat mübadiləsinin həyata keçirilməsi yolu ilə təmin edilir.
9.2. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olmayan dövlət orqanlarının (qurumlarının), habelə yerli özünüidarəetmə orqanlarının və hüquqi şəxslərin informasiya sistemindən istifadəsi onların informasiya sistemində yaradılan elektron kabinetləri vasitəsilə təmin edilir. Bu halda dövlət orqanlarının (qurumlarının), habelə yerli özünüidarəetmə orqanlarının və hüquqi şəxslərin möhür hüquqlu rəhbər şəxsi tərəfindən informasiya sistemində qeydiyyatdan keçirilən və müvafiq hüquqlar verilən məsul şəxsləri Vahid Giriş Sistemi (“ASAN Login”) vasitəsilə sistemdə identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetlərinə daxil olaraq informasiya sistemindən istifadə edirlər.
9.3. Fiziki şəxslər Vahid Giriş Sistemi (“ASAN Login”) vasitəsilə informasiya sistemində identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetlərinə daxil olaraq informasiya sistemindən istifadə edirlər.
9.4. İstifadəçilər informasiya sisteminin internet informasiya ehtiyatı vasitəsilə sistemdə olan açıq məlumatlarla tanış ola, onları əldə edə, eləcə də elektron kabinetləri üzərindən bu Əsasnamənin 1.4.5-ci yarımbəndində qeyd edilən digər əməliyyatları həyata keçirə bilərlər.
9.5. İnformasiya sistemində həyata keçirilən elektron xidmətlərdən istifadə informasiya sisteminin rəsmi internet informasiya ehtiyatı və EHİS vasitəsilə, ödənişlərin edilməsi isə “ASAN ödəniş” və digər ödəniş sistemləri vasitəsilə (elektron kabinetdə “ASAN ödəniş” və digər ödəniş sistemlərinə keçid verilməklə) həyata keçirilir.
9.6. Operator informasiya sisteminə qeyri-qanuni daxilolma və ya müdaxilə baş verdiyini müəyyən etdikdə, istifadəçinin informasiya sistemindəki məlumatlarına (elektron kabinetə) giriş hüququnu məhdudlaşdıra bilər.