İsmayıl Çöpsiyevdən, Balakən, Azərbaycan
Hörmətli cənab Prezident.
Azərbaycan idmanının inkişafında uzunmüddətli fəaliyyətimə görə məni 2015-ci ildə fəxri diplom, 2016-cı ildə “Tərəqqi” medalı, 2022-ci ildə fərdi təqaüdlə təltif etməyinizdən böyük şərəf və iftixar hissi duyuram. Buna görə Sizə çox minnətdaram.
Siz görkəmli dövlət xadimi, mahir siyasətçi olmaqla yanaşı, həm də idmanın inkişafında çox böyük işlər görmüsünüz. İdman sahəsində həyata keçirdiyiniz siyasət, hər zaman göstərdiyiniz diqqət və qayğı idmançılarımızın yeni-yeni qələbələr qazanmasına səbəb olmuşdur. Sizin idmançılarımızla görüşləriniz, söhbətləriniz hər dəfə bir bayrama, mühüm hadisəyə çevrilir. Ulu Öndər Heydər Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət 1993-cü ildən mühüm mərhələyə qədəm qoydu. Rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan cənab İlham Əliyevin – Sizin Milli Olimpiya Komitəsinin prezidenti seçilməyiniz Azərbaycan idmanının həyatında mühüm və əlamətdar hadisə kimi tarixə yazılmışdır.
Möhtərəm Prezidentimiz, cənab Ali Baş Komandanımız, Sizin rəhbərliynizlə Qarabağdakı möhtəşəm Qələbəmiz, uzun illərdən sonra Qarabağın işğalına son qoyulması, mədəniyyətimizin incisi sayılan Şuşanın azad edilməsi Zəfər tariximizin şərəfli səhifələrinə yazılmışdır. Biz idman işçiləri hər zaman Sizin yanınızda olaraq, bu Qələbədən ruhlanıb, öz işimizdə bunu tərənnüm etdiririk. Sizin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Şuşada həyata keçirilən böyük layihələri biz ruh yüksəkliyi ilə yaxından izləyirik. Şuşaya hər səfəriniz biz idmançılarda zəngin təəssürat doğurur.
Əziz Prezidentimiz, arzularımızı, amallarımızı gerçəkləşdirən bir insan kimi Sizə çox minnətdarıq. Bundan sonra da bizi Sizin rəhbərliyinizlə möhtəşəm işlər gözləyir və biz hər zaman xalqımızın parlaq gələcəyi naminə çalışan əziz Prezidentimizi dəstəkləyirik.
Tanrı Sizi qorusun.
Dərin hörmət və ehtiramla,
Çöpsiyev İsmayıl Səməd oğlu, Əməkdar məşqçi.
Azərbaycan Respublikası, Balakən rayonu, Qaysa kəndi.