İlham Əliyev Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində iştirak edib

16 yanvar 2023, 11:25
İlham Əliyev Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində iştirak edib

Yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Birləşmiş Ərəb Əmirliklərinin sənaye və yüksək texnologiya naziri Sultan bin Əhməd əl-Cabir tədbirdə çıxış edərək ölkəsinin dayanıqlılıq sahəsində siyasətindən və bu istiqamətdə həyata keçirilən layihələrdən danışıb.

Sonra dövlətimizin başçısı açılış mərasimində çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

-Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Zati-aliləri Şeyx Məhəmməd bin Zayed Al Nəhyan.

Dövlət və hökumət başçıları.

Xanımlar və cənablar.

Əvvəlcə, bu mühüm toplantıda iştirak etmək üçün məni dəvət etdiyinə görə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə təşəkkürümü bildirmək istəyirəm. Bu auditoriya qarşısında çıxış etməkdən böyük şərəf hissi duyuram. Dünən bizim cənab Prezidentlə əla görüşümüz oldu. Bu, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin bir çox sahədə strateji əhəmiyyətini bir daha təsdiqlədi. Bu fürsətdən istifadə edərək, bizi qəbul edən bütün tərəflərə minnətdarlığımı bildirirəm.

Mən çox böyük nailiyyətlər və sürətli inkişaf münasibətilə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini və xalqını təbrik etmək istəyirəm. Cənab Prezident, Sizin rəhbərliyinizlə Birləşmiş Ərəb Əmirlikləri dünyanın ən sabit, inkişaf etmiş və uğurlu ölkələrindən birinə çevrilib. Biz - Sizin Azərbaycandakı qardaşlarınız olaraq, gördüyünüz işlərdən çox fərəhlənirik.

Biz Azərbaycanda bərpaolunan enerji mənbələrini öz enerji təhlükəsizliyimizin təmin olunması üçün inkişaf etdirmirik. Enerji təhlükəsizliyimizi hələ bir neçə il əvvəl təmin etmişik. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, biz onun sayəsində ixracımızı şaxələndirəcəyik. Əlbəttə ki, nəticədə iqtisadiyyatımızın yeni ekoloji təmiz sektoru yaranacaq.

Cəmi iki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqa enerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb, Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub. Həmin boru kəmərinin uzunluğu 3500 kilometrdir.

Təbii qaz ixracımız artır – ötən il 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaq. O, artmaqda davam edəcək. Buna görə mən bir daha söyləmək istərdim ki, Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi planlarımız Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı deyil, belə ki, biz həmin işləri artıq söylədiyim başqa səbəblərə görə aparırıq.

Potensialımıza gəldikdə, bəzi rəqəmləri diqqətinizə çatdırım. Quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Yəni, 200 qiqavata yaxın potensial var. Əlbəttə ki, bizə kifayət qədər ixrac marşrutları lazımdır. Təbii ki, biz bütün bu layihələri mərhələli şəkildə icra edirik.

Dünən “Masdar” və Azərbaycan Dövlət Neft Şirkəti 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma imzaladılar. Bu, hələ qısamüddətli bir layihədir. Ortamüddətli layihələr nəticəsində güclər 10 qiqavata qədər artırılacaq. Bu, tamamilə icra olunandır, bununla bağlı yol xəritəmiz var. Yalnız həmin layihə nəticəsində “Masdar” ilə apardığımız əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəkdir.

Bütövlükdə, Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər bizə 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacaq.

Əlbəttə ki, bu məqsəd üçün, artıq qeyd etdiyim kimi, bizə ixrac marşrutları lazımdır. Elə ötən ay - dekabrın 17-də Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Saziş imzaladılar. Bu Saziş Avropa Komissiyası Prezidentinin şahidliyi ilə imzalanmışdır. Planımız Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq kabeli çəkməkdir. Lakin bu, kifayət etməyə bilər. Burada söhbət artıq razılaşdırılmış həcmlər barədə gedir. Lakin planlarımız daha genişdir.

Azərbaycanda investisiya mühiti çox müsbətdir. Biz neft və qaz sektoruna böyük sərmayələr cəlb etmişik. İndi isə hədəfimiz bərpaolunan enerjidir. Digər sözlə, planlarımız böyükdür və əminəm ki, işlərin öhdəsindən gələcəyik.

Çox sağ olun.

X X X

Daha sonra Zayed Dayanıqlılıq Mükafatının təqdimat mərasimi olub.

Qeyd edək ki, Əbu-Dabi Dayanıqlılıq Həftəsi dünyanın dayanıqlı inkişafının sürətləndirilməsini hədəfləyən beynəlxalq platformadır. Dayanıqlılıq Həftəsi bu məqsədə çatmaq üçün öz proqramını üç prinsip - qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, eləcə də innovasiya üzrə həyata keçirir.

2008-ci ildə təsis olunan Əbu-Dabi Dayanıqlılıq Həftəsi planetimizin gələcəyində payı olan dövlət və hökumət başçılarını, siyasətçiləri, sənaye liderlərini, sərmayəçiləri, iş adamlarını və gəncləri aktual məsələlərin müzakirəsi üçün bir araya gətirir. Budəfəki Dayanıqlılıq Həftəsində dünyanın 150 ölkəsindən 30 minədək nümayəndə iştirak edir.

Azərbaycanın bu mötəbər beynəlxalq tədbirə dəvət olunması Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edərək mühüm beynəlxalq layihələrin müəllifinə və təşəbbüskarına çevrilən ölkəmizin dünya miqyasında artan nüfuzunun göstəricisidir. Zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu sahədə imkanlarını daha da şaxələndirir və elektrik enerjisi, əsasən, yaşıl enerjinin önəmli təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın 200 qiqavata yaxın bərpaolunan enerji potensialı ölkəmizi dünyanın diqqət mərkəzinə çevirib.

Bu zəngin potensialdan istifadə olunmasına artıq başlanılıb. Ötən ilin yanvarında 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının, martda isə 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının təməli qoyuldu. “Qaradağ” Günəş Elektrik Stansiyası Birləşmiş Ərəb Əmirliklərinin bu sahədə tanınmış “Masdar” şirkəti tərəfindən inşa edilir.

Prezident İlham Əliyevin yürütdüyü enerji siyasətinin əsas istiqamətlərindən biri də işğaldan azad olunan ərazilərin potensialının qiymətləndirilməsi və istifadə olunmasıdır. Yaxın aylarda Cəbrayıl rayonunda 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi planlaşdırılır.

Ötən il dekabrın 17-də Buxarestdə yaşıl enerji ilə bağlı strateji tərəfdaşlıq haqqında Sazişin imzalanması da bu istiqamətdə atılan mühüm addımlardan biri oldu. Bu layihə ilə Azərbaycanın bu sahədə qarşıya qoyduğu əsas hədəf ixrac həcminin genişləndirilməsidir. Beləliklə, bərpaolunan enerji sahəsində zəngin potensiala sahib olan Azərbaycan bu istiqamətdə də reallaşdırdığı layihələrlə enerji təhlükəsizliyinin təmin olunmasında mühüm aktor kimi öz fəaliyyətini durmadan genişləndirir.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 30 yanvar 2025
19:25
“Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 118-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan...

30 yanvar 2025, 19:25
SƏNƏDLƏR Qanunlar 30 yanvar 2025
19:23
Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (Azərbaycan...

30 yanvar 2025, 19:23
SƏNƏDLƏR Sərəncamlar 29 yanvar 2025
10:30
“III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 iyul tarixli 198 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası...

29 yanvar 2025, 10:30
SƏNƏDLƏR Fərmanlar 28 yanvar 2025
16:28
“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 82-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr...

28 yanvar 2025, 16:28