Ülviyyə Mustafayevadan, Qusar, Azərbaycan
Hörmətli cənab Prezident!
Sizin, Ramil Səfərovun əfv olunmasına dair Sərəncamınız məni və mənim kimi Vətəni sevən bütün gəncləri, insanları hədsiz sevindirdi. Hər dəfə internet səhifələrində Ramil Səfərovun məhkəmə prosesinə dair kadrlara baxanda ürəyimiz qana dönürdü. Vətənpərvər bir oğlanın həbsə atılması bizi çox mütəəssir edirdi. Lakin Sizin, Ramil Səfərovun ekstradisiyasına nail olmağınız və Vətənə qədəm basdığı andan əfv Sərəncamını imzalamağınız Ali Baş Komandanın öz zabitinə olan yüksək qayğısını bir daha göstərdi. Biz gənclər bir daha qəti şəkildə əmin olduq ki, bu gün vətənin keşiyində duran əsgərin arxasında qüdrətli Ali Baş Komandan dayanır. Biz Sizə güvənir və inanırıq. Ramil Səfərovun azad edilməsi hər bir Azərbaycan gəncini daha mübariz olmağa, tez bir zamanda torpağımızı azad etməyə ruhlandırır. Sizi əmin edirik ki, torpağımızı düşmən tapdağından azad etməyə, düşmənə layiqli cavab verməyə Azərbaycan gənclərinin gücü çatar. Çünki biz müdrik rəhbərin idarə etdiyi qüdrətli Azərbaycanın vətəndaşlarıyıq.
Cənab Prezident!
Sizə bütün qusarlı gənclər adından dərin minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, əmr verdiyiniz an işğalçılara qarşı mübarizənin ön sıralarında qusarlı gənclər gedəcəkdir.
Hörmətlə,
Mustafayeva Ülviyyə, Qusar şəhər 1 saylı tam orta məktəbin müəllimi.
Azərbaycan Respublikası, Qusar şəhəri.