08 fevral 2023, 16:30

Davud Rəhimlidən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Sizin tərəfinizdən uğurla davam etdirilən uzaqgörən siyasət nəticəsində Azərbaycan dinamik inkişaf edir. Mükəmməl strategiyaya əsaslanan bu inkişafın istiqamətləri çoxsahəli olmaqla vahid bir amala xidmət edir. Siz Azərbaycanın iqtisadi, hərbi, sosial, beynəlxalq əməkdaşlıq, humanitar sahələrdə inkişafının memarı olmaqla bərabər, xalqımızın yüksək etimadını qazanan Prezidentimizsiniz. İqtisadi, siyasi sabitliyin, xalq ilə dövlətin birliyinin və vətəndaş rifahının təmin olunması fəaliyyətinizin ana xətti və təcəssümüdür.

Azərbaycanın işğal altında olmuş torpaqlarının azad olunması, ərazi bütövlüyünün bərqərar edilməsi üçün çox dəqiq strategiya əsasında hazırlıqlar olmuş, çoxsahəli uğurlu fəaliyyətlər həyata keçirilmişdir. 2020-ci ilin sentyabr ayının 27-də işğalçı Ermənistan ordusunun növbəti dəfə hərbi əməliyyatlara başlamasından sonra Ali Baş Komandan kimi əks-hücum əmrinizdən sonra şanlı Azərbaycan Ordusu 44 gün ərzində qəhrəmanlıq göstərərək ərazilərimizi işğaldan azad etdi. Noyabrın 8-də Müzəffər Azərbaycan Ordusu tərəfindən 28 il 6 ay düşmən işğalı altında olmuş Şuşanın azad olunması müjdəniz xalq tərəfindən çox böyük coşqu və atəşfəşanlıqla qarşılandı. Noyabrın 10-da Böyük Qələbə sənədinin imzalanması ilə Azərbaycanın qalibiyyətini, işğalçı Ermənistanın isə məğlubiyyətini elan etdiniz. Sizin gərgin fəaliyyətiniz, Şanlı Azərbaycan Ordusunun yenilməzliyi ilə 30 illik Vətən həsrətinə son qoyuldu. Qısa zaman kəsiyində işğaldan azad olunmuş ərazilərdə geniş həcmli işlər görülmüş və bu fəaliyyətlər uğurla davam etdirilir.

Hörmətli cənab Prezident, Sizin sərəncamınızla 2022-ci il ölkəmizdə “Şuşa ili” elan olundu. Buna əsasən Şuşa şəhərində müxtəlif istiqamətlər üzrə beynəlxalq və milli səviyyəli tədbirlər keçirildi. Bunlardan biri də vətəndaş cəmiyyəti üçün "Şuşa ili”nə həsr olunmuş qrant müsabiqəsi olmuşdur. Müsabiqəyə vətəndaş cəmiyyəti tərəfindən böyük maraq göstərildi və 200-dən çox layihə təqdim olundu. Bunlardan 22 layihə təcrübəli ekspertlər tərəfindən qalib elan olundu. Qalib layihələrdən biri də əlilliyi olan şəxslərin 40 qeyri-hökumət təşkilatının birləşdiyi Əlil Təşkilatları İttifaqının "Hamı üçün müyəssər Şuşa şəhəri" layihəsi olmuşdur. Layihənin əsas məqsədi Şuşa şəhərində əlilliyi olan və çətin hərəkət qabiliyyətinə malik şəxslər üçün əlçatan, müyəssər ətraf mühitin yaradılmasına dəstək olmaqdır. Qeyd etmək istəyirik ki, müvafiq dövlət təşkilatlarının dəstəyi ilə qarşıya qoyulmuş məşədimizə tam nail ola bildik. Hazırda əlilliyi olan şəxslərimizin Şuşaya səfər edə bilmələri üçün ilkin şərait yaradılmışdır. Əminik ki, bu aktual məsələ növbəti illərdə də həm Şuşada, həm də işğaldan azad olunmuş digər ərazilərin dirçəldilməsi zamanı və ümumiyyətlə Respublikada görülən işlərdə nəzərə alınacaqdır. Bu, əlilliyi olan vətəndaşlarımızın da öz doğma yurdlarına qayıdışına, eyni zamanda, mili və beynəlxalq tədbir və səyahətlərin keçirilməsi zamanı öz tövbəsini verəcəkdir.

Müzəffər Ali Baş Komandan, göstərdiyiniz dəstəyə, diqqətə görə Əlil Təşkilatları İttifaqı kollektivinin və əlilliyi olan insanlarımızın adından Sizə dərin minnətdarlığımızı bildiririk. Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunması, inkişaf etdirilməsi istiqamətində apardığınız uğurlu siyasəti, o cümlədən sosial sahəyə xüsusi önəm verməyinizi hər zaman dəstəkləyir və mümkün töhfəmizi verməyə çalışırıq.

Sizə, ailənizə cansağlığı arzulayır, Azərbaycanımızın daha da inkişafı yolunda yeni uğurlar arzulayırıq.

Dərin hörmət və ehtiramla,

Davud Rəhimli

Əlil Təşkilatları İttifaqının sədri

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.