Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 30 illiyi ilə əlaqədar yığıncaq iştirakçılarına

07 fevral 2023, 16:02

Hörmətli yığıncaq iştirakçıları!

Sizi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 30 illiyi ilə əlaqədar səmimi-qəlbdən salamlayır və təbrik edirəm.

1993-cü ildə yaradılmış Konfederasiya öz sıralarında çox sayda həmkarlar ittifaqı təşkilatını birləşdirərək bu gün ölkəmizdə vətəndaş cəmiyyətinin mühüm institutlarından birinə çevrilmişdir. Ötən müddət ərzində qurum həmkarlar ittifaqı hərəkatının ən yaxşı ənənələrinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə çalışmış, sosial tərəfdaşlığın səmərəliliyinin artırılması üçün əməli işlər görmüşdür.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sıralarında yer alan bir milyondan çox ittifaq üzvünün əmək və sosial-iqtisadi hüquqlarının, qanuni mənafelərinin müdafiəsinin təşkilində, əmək münasibətlərinin tənzimlənməsində və ictimai sabitliyin qorunmasında əhəmiyyətli rol oynayır.

Konfederasiya 44 günlük Vətən müharibəsi zamanı, habelə bütün dünyanı bürümüş COVID-19 pandemiyası dövründə də dövlətimizin yanında olaraq ümumi işə dəstək vermişdir.

Müasir inkişafın reallıqları və bu günün çağırışları Azərbaycanda həmkarlar ittifaqlarının fəaliyyətində əsaslı dəyişikliklərin aparılmasını, dünya təcrübəsindən faydalanaraq işlərinin yenidən qurulmasını labüd edir. Bu mərhələdə həmkarlar ittifaqlarının hüquqlarının ölkə qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun olaraq təmin edilməsi və məhdudlaşdırılmaması ən vacib məsələlərdən biridir.

Eyni zamanda, ölkə iqtisadiyyatının sürətli inkişafı Azərbaycanın həmkarlar ittifaqlarından yeni yaradılmış iş yerlərində işçilərin əmək hüquqlarının qorunmasında və sosial problemlərinin həllində əzmkarlıq və qətiyyətli addımlar atmasını tələb edir. Dövlət orqanları və işəgötürənlər birlikləri bu sahədə Konfederasiya ilə sosial tərəfdaşlığı gücləndirməli və onunla imzalanmış Baş Kollektiv Sazişin yerinə yetirilməsini təmin etməlidirlər.

Hörmətli yığıncaq iştirakçıları!

İnanıram ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası dövlət orqanları və işəgötürən birlikləri ilə birgə işçilərin əmək və sosial-iqtisadi hüquqlarının qorunması, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması və cəmiyyətin ahəngdar inkişafı istiqamətində bundan sonra da səylər göstərəcəklər.

Sizi bir daha ürəkdən təbrik edir, fəaliyyətinizdə yeni-yeni uğurlar və nailiyyətlər arzulayıram.

İlham Əliyev

Azərbaycan Respublikası Prezidentinin

Bakı şəhəri, 7 fevral 2023-cü il

SƏNƏDLƏR Fərmanlar 10 mart 2025
13:34
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

10 mart 2025, 13:34
SƏNƏDLƏR Sərəncamlar 07 mart 2025
16:00
Bərdə rayonunun Əmirli–Xanağalı–Uğurbəyli və Alpout–Qarayusifli–Tumaslı avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. On beş min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Əmirli–Xanağalı–Uğurbəyli və...

07 mart 2025, 16:00
SƏNƏDLƏR Sərəncamlar 06 mart 2025
16:30
“Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyun tarixli 1541 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın...

06 mart 2025, 16:30