Azər Ramazanov və başqalarından, Mingəçevir, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin əhalinin məişət şəraitinin və sosial rifahının güclənməsi ilə bağlı qərarlarınızın əsas hədəfi vətəndaşların həyatının yaxşılaşdırılmasına, gündəlik qayğılarının aradan qaldırılmasına yönəlmişdir. Bu qəbildən olan qərarlarınızın davamlı olması bizim xoş gələcəyə inamımızı artırır.
Mingəçevir şəhəri Energetiklər küçəsinin sakinləri yolsuzluqdan, işıqdan, kanalizasiya sisteminin, suyun, qaz təchizatının, internetin olmamasından çox əziyyət çəkirdi. Sizin sərəncamınız ilə həyata keçirilən regionların abadlaşdırılması və inkişafı dövlət proqramı çərçivəsində nəzərdə tutulmuş işlərin Mingəçevir şəhərində bir sıra məhəllə və küçələri əhatə etməsi sakinlərin sevincinə səbəb olmuşdur. Aparılan təmir və yenidənqurma işlərindən sonra yaşadığımız küçə abadlaşdırılaraq, qaz, işıq, internet xətti çəkilmiş, kanalizasiya sistemi qurulmuş, bütün ara küçələr asfaltlanmışdır.
Diqqət və qayğıya görə sakinlər adından Sizə minnətdarlığımızı bildiririk.
Müasir Azərbaycanı yeni hədəflərə və qələbələrə doğru aparmağa yönəlmiş şərəfli tarixi missiyanızı həyata keçirmək yolunda Sizə davamlı uğurlar arzulayırıq.
Hörmətlə və ehtiramla,
Energetik küçəsinin sakinləri:
Ramazanov Azər Əlövsət oğlu
Əhmədov Mustafa Xalid oğlu
Abbasov Ehtiram Mikayıl oğlu
Mustafayev Ramiz Tel oğlu
İsmayılova Dürdanə Veys qızı
Azərbaycan Respublikası, Mingəçevir şəhəri.